GEYIM

Hər gün istifadə etdiyimiz geyimlər hansı inkişaf mərhələlərini keçib?

Baxış sayı: 443

Müxtəlif alimlərin araşdırmalarına görə, insanların paltar geyinməyə başlaması 40 min ilə 3 milyon il əvvəl arasında dəyişir. Arxeoloqların və antropoloqların fikrincə, ən erkən geyimlər bədənə sarılmış və ya bağlanmış xəz, dəri, yarpaq və ya otlardan ibarət idi.

Bəs müasir dövrdə hər gün istifadə etdiyimiz geyimlər hansı inkişaf mərhələlərini keçib?

Köynək

Heç bilirdinizmi ki, Avropa İntibahına qədər köynək alt paltarı hesab olunurdu. Müəyyən mövqeyi olan insan üçün köynəyin görünməsi qeyri-məqbul sayılırdı. Lakin intibah dövrünün çiyinlərdə, sinədə və qolun altında bağlarla bağlamaq adətini nəzərə alsaq, alt paltarının gizlədilməsi çətinləşməyə başladı. 1530-cu illərədək köynəyin boyun və biləkdə görünməsi qəbul olunan və dəbli hal hesab olunurdu. Bu hissələrdə paltar dar lentlə bağlanırdı. 19-cu əsrin sonlarında köynəyi tam göstərmək artıq qəbul edilməyə başladı. Artıq köynəklərin hündür kraxmallı yaxalıqları da var idi. Bu yaxalıqlar 1971-ci ildən qatlanaraq bugünkü formasını aldı.

 

Klyoş şalvar

Məsələn, ötən əsrin 70-ci illərinin ortalarında istifadə edilən klyoş şalvar  çox məşhur idi. Çox az adam bilir ki, bu şalvarın adı fransızca “zəng” mənasını verən “cloch” sözündən götürülüb.  Modasevər qızlar klyoş kimi tanınan enlibalaq şalvarlar haqqında bir neçə vacib məqamları bilməlidirlər.

Dar şalvarlar və cinslər artıq neçə illərdi ki, qadın qarderobunu işğal etmişdi. Sonra isə klyoş şalvarlar” hegemonluq “iddiasına düşdülər. Günümüzdə də 70-ci illərin klyoş şalvarları hələ uzun müddət dəb gündəmini zəbt edəcəyi proqnozlaşdırılır.

 

Donlar

XI əsrdə Avropadakı qadınlar kişilərin tunikalarına bənzər, boş və dizlərinin altına çatan paltar geyirdilər . Paltarlar bir qadının bədən fiquruna uyğun gəlmək üçün sıx daraldılıb, hər tərəfində yarıqlar açılaraq hazırlanırdı. 1550-ci illərdən başlayaraq Avropadakı orta və yuxarı sinif qadınlar qalstuk, büzməli yaxası olan paltarlar geyinirdilər. İngiltərədə kraliça Elizabet qadınlara hansı növ geyimləri geyməyə diktə edirdi. Fransız qadınlar ispan tərzi korsetlərdən və eyni zamanda büzməli yaxa geyinirdilər. XVI əsrdə geyimlərdə səthi bəzəkləri nümayiş etdirən tikmə üsulu yarandı. Həm XVI, həm də XVII əsrlərdə Rusiyada qadın geyimləri qadının cəmiyyətdə və ya ailələrində statusunu müəyyənləşdirirdi.

Yüksək belli paltarlar təxminən 1830-cu ilə qədər məşhur idi. II Dünya müharibəsi dövründə paltarlar daha incə və hərbi geyimlərə uyğun hazırlanırdı. İkinci Dünya müharibəsindən sonra Kristian Dior tərəfindən irəli sürülən ‘’Yeni görünüş’’, moda və qadın paltarlarının görünüşü on il ərzində öz təsirini saxlamışdır.

 

Böyük çiyinli pencəklər

80-ci illərin geyimləri isə böyük çiyinləri ilə xarakterikdir. Modelyerlər bunun üçün çiyinlikləri ən müxtəlif formalarda tikirdilər. Beli incə göstərmək üçün xanımlar adətən  qalın kəmərdən istifadə etmək məcburiyyətində qalırdılar. O illərdə bu tip pencəklər geyinən xanımların ətəklərinin uzunluğu da dizdən bir qədər aşağı olmalı idi.  Uzun pencəklər də məhz  80-ci illərdə dəbə minib. Üstəlik, həcmli çiyinlər yalnız pencəklərdə deyil, qarderobun bir çox digər əşyalarında da mövcud idi. Bu tendensiyanın ən romantik təcəssümü o zamanlar dəbdə olan bluzlar idi. Qeyd edək ki, 40 il əvvəl  məşhur müğənni Qreys Cons bütün dünyaya göstərdi ki, kişi pencəyini geyinməklə  şux və zərif qalmaq olar. Enli çiyinli və bol kəsimli pencəklər “Qara pantera” ləqəbli müğənninin qarderobunun əsasını təşkil edirdi. Müğənni hətta konsertlərdə də ənənəvi tərzinə müraciət edir. Nostalji hisslərə qapılan dizaynerlər onun klassik obrazlarını dəbə yenidən gətiriblər.

Məsələn, Jan Pol Qotyenin 2013-cü ilin yaz-yay kolleksiyası tamamilə 1980-cı illərin ruhunda hazırlanmışdı və xüsusilə Qreys Consa həsr olunmuşdu. 2017-ci ilin yaz-yay mövsümündə dizaynerlər çəkinmədən və böyük məmnuniyyətlə onun obrazlarını növbəti dəfə dəbə qaytarıb. Özü də müasir versiyalarda. Məsələn, “Balenciaga” enli çiyinli bluzları lasinlərlə geyinməyi tövsiyə edir. “Vivienne Westwood”, “Saint Laurent” və “DKNY” kimi lüks brendlər isə Qreysin məşhur kapüşonlu obrazlarını yamsılayıblar.

 

Mini ətək

Bir çox qadınların ən  sevimli geyimlərindən biri də məhz mini ətəkdir. Bu geyim bütün dövrlərdə mənfi tərəfləri ilə qınağa səbəb olsa da, hər zaman dəbdə olub. Bu gün də cəmiyyətimizdə mini ətəyə yanaşma birmənalı deyil.  Sən demə, mini ətəyin çox maraqlı yaranma tarixi var. Belə ki, 1959-cu ilin yanvar ayında gənc ingilis dizayneri Meri Kuantın ağlına çox maraqlı bir fikir gəlib. Bir dəfə o, rəfiqəsinin yeri silmək üçün qısaldılmış köhnə ətəkdə döşəməni sildiyini görüb və ağlına belə bir fikir gəlib. O, bu cür ətəyi  öz kolleksiyasına daxil edib. Həmin vaxtdan etibarən podiumlarda yeni bir tendensiya yaranıb və qızlar müasir dəbin tələbinə tam cavab verən qısa ətəklər geyinərək çılpaq ayaqlarını nümayiş etdirməyə başlayıblar. Bu  kolleksiyanın buraxıldığı ildə  200 mindən çox ətək satılıb. Kuant bu uğura sadə izahat verib: “Mən açıq-saçıqlığı çox sevirəm. Ona görə də mənim kimi düşünən milyonlarla qadın mənim  bu ideyamı çox xoşladı.” O,həmçinin qeyd edib ki, mini ətəyin yaranması qadınların obrazına  ikiqat cazibədarlıq qatıb.

Xatırladaq ki, mini yubkaların daha populyar olmasında fransız dizayner Andre Kurregesin də böyük rolu olub. İlk dəfə mini yubkalar 1965-ci ildə yaz-yay kolleksiyasında nümayiş olunub.

Hazırda qısa ətək həm istirahət, həm də işgüzar şəraitə uyğun geyimdir. Hər bir məşhur modelyerin kolleksiyasında qısa ətəklər mütləq olur.Məsələn, məşhur dizayner Miucci Prada, belə ətəkləri  bir  idman ayaqqabısı və boş köynəklərlə birləşdirməyi  təklif edib. David Coma isə mini ətəkləri boş jaketlər ilə geyinməyi məsləhət görüb.

 

Ayaqqabılar

İlk məlum olan ayaqqabı növü səndəllər olmuşdur. Tarixi araşdırmalar  göstərir ki, baxmayaraq ki, insanların əksəriyyəti ayaqyalın gəzirdi, səndəllərdən hətta ən ilkin sivilizasiyalarda da istifadə olunurdu. Belə hesab olunur ki, Mesopotamiyada dağa dırmaşanlar təqribən e.ə. 1600-cü illərdə ilk mokasin tipli ayaqqabılar geyinirmişlər. Bu yumşaq ayaqqabının hazırlanmasında ayağı örtmək üçün dəri və birləşdirmək üçün xam gön iplərdən istifadə olunurdu. Stilet dabanların ilk nümunəsi isə  Qədim Misirdə e.ə. 1000-ci illərin qəbirlərində tapılmışdır.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir