Müasir həyatı internetsiz təsəvvür etmək mümkün deyil. Bu gün internet bizim bir çox işlərimizi asanlaşdırır. Hansısa məlumatı tapmaq istəyəndə çoxlarının ilk üz tutduğu ünvan məhz internet olur. Yaxud da gündəlik hadisələrdən xəbərdar olmaq üçün hər kəs internetdən istifadə edir.
Lakin internetin mənfi tərəfləri də var. Məsələn, Kaliforniya Universitetinin tədqiqatçıları bu qənaətə gəliblər ki, rahatlıqla internetdən informasiya əldə etmək beyni passivləşdirir. Vərdişə çevrilən bu proses yaddaşı zəiflətməklə yanaşı, ağıl zəifliyi və digər bir sıra ciddi fəsadlara yol açır.
Araşdırma zamanı məlum olub ki, internet bir yandan işlərimizi asanlaşdırarkən, digər yandan yaddaşımızı korlayır. Çünki bir çoxları bir az düşünməklə xatırlaya biləcəyi informasiyanı belə axtarış proqramları vasitəsilə əldə edir. Xüsusilə də son vaxtlar mobil internetin genişlənməsi insanları bu proqramlara daha çox meyilləndirir.
Bəs internet aludəçiliyi, hər bir informasiyanı internetdə axtarmaq təkcə yaddaş üçünmü ziyanlıdır? Bu, sağlamlığımız üçün başqa problemlərə səbəb olmurmu? Ümumiyyətlə, biz internetdən nə dərəcədə düzgün istifadə edirik?
İnternet aludəçiliyinin sağlamlığa təsirləri…
Həkim-terapevt Məlahət Abbasova bildirdi ki, internetdən həddindən artıq istifadə edilməsi insanları ünsiyyətdən məhrum edir. O deyir ki, hər bir məlumatı internetdən hazır şəkildə almaq beynin inkişafına mane olur: “İnternetdən istifadəni bizdə bir az düzgün başa düşmürlər. İnternetdən ancaq informasiya almaq üçün istifadə etmək lazımdır. Bütün günü internetdə oturub, lazım oldu-olmadı özünü informasiya ilə yükləməyə gərək yoxdur. Bu, insanda yaddaşsızlıq yaradır. İnsanın yaddaşını möhkəmləndirən məşğuliyyət kitab oxumaqdır. Nəinki gənclər, artıq uşaqlar arasında da internet aludəçiliyindən dolayı dərslərdən yayınma halları çoxalıb. İnternetdən dərs adı ilə istifadə etdiklərini desələr də, başqa istiqamətlərdə də vaxt sərf edirlər. Onlara lazım olmayan məlumatları alırlar”.
Həkim deyir ki, internet aludəçiliyinin gözlə gördüyümüz problemləri az ola bilər, amma dolayısı ilə sağlamlığa təsiri böyük olur: “İnternet aludəçiliyi axırda depressiyaya səbəb olur. Yaxud uzun müddət insan eyni yerdə oturur. Bu da skalioz yaradır. Əvvəllər uşaqlar küçədə hərəkətli oyun oynayırdılar. İndi isə internetdə otururlar, kompyuterdə, telefonda oyunlar oynayırlar. Bu zaman onlarda qan dövranı zəifləyir, xolesterinin miqdarı artır, şəkərə meyilli olurlar. Vəziyyət o qədər acınacaqlıdır ki, kiçik uşağa belə planşet verirlər”.
M.Abbasovanın sözlərinə görə, uşaqlar kompyuterə, internetə yarım saatdan artıq vaxt ayırmamalıdır. Böyüklər isə bu vaxtın 2 saatdan çox olmamasına diqqət etsələr, yaxşı olar. Bundan artıq olması həm gözlərə, həm də ümumi sağlamlığa ziyandır: “İnsanın immun sistemi zəifləyir. Oturaq həyat qan dövranının, ürəyin zəifləməsinə gətirib çıxarır. Bütün günü hərəkətsiz qalmaq ürək, ağciyər xəstəliklərini artırır”.
Həkim onu da bildirdi ki, məcburiyyətdən günün çox hissəsini kompyuter qarşısında keçirənlər hər yarım saatdan bir 10 dəqiqəlik idman hərəkətləri etməli, bir az otaqdan çıxıb gəzməli, nəhəng informasiyadan fasilə ilə istifadə etməlidir.
“İnsanın özünü sosial varlıq kimi hiss etməməsinə səbəb olur”
Gənc Psixoloqlar Birliyinin sədri, psixoloq Orxan Oruc deyir ki, insanlığın ən böyük kəşflərindən biri hesab olunan kompyuter və internet, sözsüz ki, insanın həyatına, fəaliyyətinə, ünsiyyətinə, duyğu və qavrayışına, düşüncəsinə təsirsiz ötüşməyib: “Bütün bu dəyişikliklər isə internet və kompyuterlə keçirilən zamanın artması fonunda eyni inkişaf xətti üzrə davam edir. Alış-verişlər, tanışlıqlar, internet üzərində qurulan bizneslər, maraq dairələrinə uyğun informasiya zənginliyi, əl əməyinin kompyuterləşməsi, sürətli informasiya mübadiləsi və s. istər-istəməz internet asılılığını, və ya başqa sözlə desək, internetdə keçirilən vaxtın miqdarını çoxaldır. Bu müasir texnologiyanın hər yaşa uyğun təkliflərinin olması isə barmaqları yenicə tərpənməyə başlayan uşaqdan tutmuş, pensiyaya çıxıb həyatını maraqlı etmək istəyən şəxslərə qədər hər kəsin diqqətini cəlb edə bilir. Və beləliklə, çox maraqlı bir sual yaranır, görəsən bütün bunların insan psixikasına nə kimi təsirləri var?
Əlbəttə, insan həyatında baş verən hər bir dəyişiklik müsbət və ya mənfi olmasından asılı olmayaraq insanın psixikasına təsirsiz ötüşmür. İlk növbədə, son dövrlərdə insanların tanımadıqları insanlara inam və güvən hissinin zəifləməsi, ictimai yerlərdə insanların biri-birlərindən təhlükə gözləməsi kimi faktorlar nisbətən təhlükəsiz və özümüzü rahat hiss etdiyimiz virtual həyatı daha cəzbedici edir. Bu isə cəmiyyətin üzvləri arasında ünsiyyətin zəifləməsinə, sosial həyatın azalmasına və bununla da insanın özünü sosial varlıq kimi hiss etməməsinə səbəb olmağa başlayır”.
Sosial şəbəkə obrazı, virtual sevgi, diqqət… və problemlər
Psixoloq deyir ki, real həyatda ünsiyyət çətinliyi yaşayan, özünü digər insanlara qəbul etdirməyi bacarmayan, özünə inam hissi zəif olan, müəyyən sosial fobiya və kompleksləri olan şəxslər real həyatlarındakı bu problemləri həll etmək əvəzinə qeyri-real mühitdə öz xəyallarındakı obrazı yaratmağa daha çox üstünlük verirlər: “Çünki bunu etmək daha rahat və az vaxt alan bir prosesdir. Xəyalında öz obrazı çox varlı və ya güclü olan biri elə kompyuter oyunlarından istifadə edəcək ki, özünü orda varlı və istədiyi hər bir şeyi edən bir obrazda görə bilsin. Və yaxud öz görünüşünə görə kompleksi olan xanım sosial şəbəkədə öz xəyallarındakı obrazına uyğun bir profil yaradır. Bu isə real həyatdakından fərqli olaraq, insanın özünü dəyərli və vacib bir şəxs kimi hiss etməsinə səbəb olur”.
O.Oruc hesab edir ki, real həyatda diqqət, sevgi və nəvaziş görməyən insanlar üçün sosial şəbəkələrdəki “bəyənmə”lər, oyunlardakı proqramın onları mükafatlandırması, çatlardakı ünsiyyət zamanı diqqət görmək və s. real həyatda olan bu tələbatın da ödənilmiş kimi hiss edilməsinə səbəb olur. Bütün bu kimi məqamlar isə internet asılılığının yaranmasının əsas səbəblərindən biridir: “Bu səbəblər insanlarda müəyyən rahatlıq, özünə əminlik hissinin artması kimi duyğulara səbəb olsa da, bu duyğular real və təbii deyil. Elə buna görə də bütün bunlar internet asılılığı olan insanların bir müddət sonra cəmiyyətdən təcrid olunan bir tipə çevrilməsinə gətirib çıxarır. Digər tərəfdən, real və virtual obrazlarının arasındakı fərqlilikləri hiss etmə və real və virtual dünyasına müvafiq obrazı ilə davranmaq depressiyadan tutmuş şəxsiyyətin ikiləşməsi probleminə qədər gətirib çıxara bilər. Eyni zamanda, virtual ünsiyyət zamanı insanın ünsiyyətə olan tələbatının süni yolla ödənilməsi ailə üzvləri və dostlarla ünsiyyətin zəifləməsinə və ya ümumiyyətlə olmamasına, internetdən alınan informasiyaların çoxluğu real həyatdan alacağımız maraqlı həyati informasiyaların mənimsənilməsinə olan ehtiyac hissinin yox olması kimi problemlərə gətirib çıxarır”.
“Virtual dünyanın real dünya olmadığını özümüzə aşılamalıyıq”
Psixoloq deyir ki, son dörlər valideynlərin evdən kənarda uşaqların oynamasına nəzarət etməkdənsə evdə kompyuter və ya planşet qarşısında olmasını üstün tutması yaxın gələcəkdə internetin insanların ünsiyyət formasına, həyatı qavrama tərzinə təsirlərinin nəticələrini göstərəcək: “Çünki uşaqlar digər uşaqlarla ünsiyyət və oyunlar zamanı real həyatı qavramağa, biri-birlərindən küsüb barışmaqla, real canlı oyunlarda yaratdıqları obrazlarla, insan tanıma vərdişlərini formalaşdırmaqla, rastlaşdıqları kiçik problemləri həll etməklə, kiçik qərarlarıyla və bənzər proseslərlə həyatı öyrənməyə və gələcəkdə yaşamaq uğrunda mübarizəyə başlayırlar. Bütün bunların olmaması isə gələcəkdə yaşanılacaq ciddi problemləri qaçılmaz edir”.
O.Oruc onu da bildirdi ki, bütün bunların qarşısını almaq üçün ilk növbədə virtual dünyanın real dünya olmadığını özümüzə aşılamalıyıq: “Həyatımızın internet və kompyuterlərə qədərki mərhələsini yada salıb, həmin dövrün ünsiyyət və sosiallaşma elementlərini həyatımıza tətbiq etməyə çalışmalıyıq. İnternetə sərf etdiyimiz zamanın vaciblik hissəsini nəzərə almaqla minimuma endirməliyik. Xüsusilə uşaq və yeniyetmələrin sosial mühitinin formalaşdırılmasına çalışmalıyıq”.
“İnternetin imkanlarından elə də səmərəli istifadə edilmir”
Azərbaycan Milli İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, bu gün bəşəriyyəti düşündürən əsas məsələlərdən biri də nəhəng informasiya bazasının içərisindən lazım olan məlumatların daha tez əldə edilməsidir: “Son dövrlər internetdə dövr edən informasiyaların sayı hədsiz dərəcədə çoxalıb. Böyük həcmdə informasiyalar insanlar üçün əlçatan olub. Hər an bizim gözümüzün qarşısından bu informasiyalar keçir. Hazırda böyük informasiya bazasının içərisindən insanlar, cəmiyyət üçün faydalı olan məlumatları seçməyin forma və metodları, proqramları, alqoritmləri üzərində işlər gedir, müzakirələr aparılır. Bu, hər bir fərdə, cəmiyyətə, quruma, təşkilata da aiddir ki, onlar üçün faydalı olan məlumatları bu qədər nəhəng informasiyanın içərisindən tez tapa bilsinlər. Tutaq ki, bir nəfərə informasiya lazımdır, 10-15 dəqiqə də vaxtı var. Bu müddətdə internetdə onun qarşısına xeyli informasiya çıxa bilər, amma ona faydalı olan məlumat həmin vaxt qarşısına çıxmaya bilər. Bu, ciddi problemdir, getdikcə də daha çox narahatverici olur. Məncə, daha faydalı olan məlumatı necə tapmaq istiqamətində düşünmək lazımdır. Bəzən insanlar əhəmiyyətsiz yerə internetdə vaxt keçirirlər. Faydalı məlumatlar çoxdur, amma onları almaq elə də asan deyil”.
O.Gündüz deyir ki, internetdən düzgün istifadə ilə bağlı maarifləndirmə işinin aparılmasına da ehtiyac var. Onun sözlərinə görə, hələlik Azərbaycanda internetin imkanlarından elə də səmərəli istifadə edilmir: “Məsələn, bu il universitetə qəbul olan tələbələrin hamısı 40 dərəcədə isti havada bir qovluq sənəd yığıb, qəbul olduqları universitetə aparıb verməlidirlər. Sənəd vermək üçün bir də digər rayonlara getməyə nə ehtiyac var axı? İnternet var və bunun faydalı tərəflərindən istifadə etmək lazımdır. Sənəd təqdimatını onlayn qaydada da etmək olar”.
Aygün Asimqızı