Daxili xəstəliklər uzmanı, Dr. Arzu Əyyubovanın sözlərinə görə, qriplə COVID-in əlamətləri fərqlidir: “Qrip, əsasən burun tutulması ilə müşahidə olunur. Yüksək temperatur, baş və əzələ ağrısı, halsızlıq, titrəmə verən virus infeksiyasıdır. Hər il havaların soyuması ilə, xüsusən payız aylarında yayılma arealı artır. Bu, təbii bir prosesdir. Xəstədə boğaz ağrısı, burun axıntısı, əvvəlcə quru, sonra selikli öskürək, səsin qalınlaşması müşahidə olunur. Hər il biz qrip infeksiyasına yoluxan çoxaylı insana rast gəlirik. Lakin son dövrlər koronavirus infeksiyasının da sürətlə yayılmasını nəzərə alsaq, qrupə yoluxduğunu güman edən xəstələr mütləq COVID testindən keçməlidirlər”.
“Koronavirus isə aşağı tənəffüs orqanlarını prosesə cəlb edir. Əgər test vermirlərsə, heç olmasa saturasiya dərəcəsini yoxlatdırsınlar. Əgər saturasiya 95-dən yuxarıdırsa, ciddi təşviş keçirməyə ehtiyac yoxdur. Bir məqamı unutmaq lazım deyil ki, hər ikisi təhlükəli xəstəlikdir. Qripin elə ağırlaşmaları olur ki, ölümə səbəb olur. Statistik göstəricilərə istinad etsək, bunun sayının heç də az olmadığını görərik. Bu baxımdan istər qrip, istərsə də COVID zamanı həkim müayinəsindən keçməyə və nəzrətində olmağa tələsmək lazımdır. Təbii yolla evdə müalicə faydalı üsuldur, lakin bu, yalnız yüngül mərhələlərdə xəstələrə kömək edir. Eyni zamanda, özbaşına antibitoik istifadəsi də risklidir”, – deyə həkim bildirib.
Əyyubova əlavə edir ki, soyuq aylarda ilk növbədə immun sistemini yüksək tutmağa çalışmaq lazımdır: “Bu göstəricilər aşağı olduqda həm uşaqlarda, həm də böyüklərdə müxtəlif xəstəliklərə gətirib çıxarır. Yanaşı xəstəlikləri ağırlaşdırır, kəskin respirator infeksiyalara yoluxma riskini artırır. Bunun üçün yay aylarından xüsusi hazırlıq görülməli, immun sistemini ayaqda tutan qidalar qəbul edilməlidir”.
İmmunoloq, Dr. Ləman Cəfərova isə a deyir ki, qrip və digər infeksiyalarla COVID arasında çoxlu oxşarlıq var: “Əsas oxşar olmayan cəhət burun axmaları ilə bağlıdır. Adətən COVID xəstələrində bu hal qeydə alınmır. Amma istisnalar olmamış da deyil. Digər yandan, həm qrip, həm də koronavirus ağır infeksion xəstəliklərdir. Hər iki virusun ağırlaşması ciddi fəsadlara yol açır. Bu baxımdan qripdir deyib, adi hal kimi üstündən keçmək olmaz. Yaxşı olardı ki, xəstə müvafiq müayinələrdən keçsin. Bu sırada PCR testi də olmalıdır. Eyni zamanda qanın bikimyəvi analizləri də verilməlidir. Konkret xəstəlik müəyyən edildikdən sonra konkret müalicə proseduru tətbiq edilməlidir”.
“Vaxtında sistemli və protokollara uyğun müalicə aparılsa, heç bir problem yaranmayacaq. Fərqi yoxdur, qripdir, yoxsa koronavirusdur – bütün hallarda müalicə əksər hallarda müsbət nəticə verir. Bunun üçün “bəlkə”lərə güvənmək lazım deyil. Əgər hər hansı problem varsa, dərhal həkimə müraciət edilməlidir. Bəzən xəstələr özləri fərdi müalicə üsulu seçirlər. Bu isə öz növbəsinə kökündən səhv yanaşmadır və gələcəkdə ciddi ağırlaşmalar yarada bilər”, – deyə Cəfərova fikirini yekunlaşdırıb.
Azər Niftiyev