erken nikah

Həyat getdikcə bahalaşır: “Ərə gedənin əli bala batır?!”

Baxış sayı: 542

Azərbaycanda erkən nikah halları ilə bağlı statistik rəqəmlər açıqlanıb.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın müzakirəsi məqsədilə keçirilən videokonfransda bildirib. B.Muradova qeyd edib ki, ayrı-ayrı iqtisadi rayonlar üzrə bu faktları nəzərdən keçirdikdə müəyyən olunub ki, adətən erkən nikahın çox rast gəlindiyi cənub bölgəsi artıq öz “liderliyini” başqa bölgələrə verib: “Qırmızı xəttə daxil olan bölgələrdə – birinci yerdə Aran iqtisadi rayonu üzrə 96 fakt, ikinci yerdə Dağlıq-Şirvan iqtisadi rayonu üzrə 46 fakt, üçüncü yerdə Bakı şəhəri üzrə 36 fakt, dördüncü yerdə Lənkəran iqtisadi rayonu üzrə 34 fakt müəyyən edilib”.

O, eyni zamanda 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayını da qeyd edərək, 2011-ci ildə belə qadınlar tərəfindən doğulan uşaqların sayının 4392 olduğu halda, 2018-ci ildə bu rəqəmin 2129, 2019-cu ildə isə 2120 olduğunu vurğulayıb.

B.Muradova “erkən nikah” və “uşaq evliliyi” anlayışlarının hüquqi-normativ sənədlərdə müvafiq dəyərləndirilməsinə ehtiyac olduğunu bildirərək, Davamlı İnkişaf Məqsədlərinin 5-ci bəndində hədəflərdən birinin belə nikahların aradan qaldırılması olduğunu qeyd edib. Komitə sədri qohumlar arasında bağlanan nikahlara da toxunaraq bildirib ki, bu cür nikahlar irsi xəstəliklər başda olmaqla bir çox mənfi fəsadların yaranmasına səbəb olur. Bu kimi problemlərin qarşısını almaq üçün Nazirlər Kabineti tərəfindən təsdiqlənən qaydalar mühüm əhəmiyyət kəsb edir. Sənəd maarifləndirmənin aparılma prinsipləri, vasitələri, istiqamətləri, maarifləndirməni həyata keçirən dövlət qurumlarının dairəsini və onların funksiyalarını müəyyən edir.

“Heç bir qadın erkən yaşda ailə qurmağa məcbur edilməməli, heç bir qadın zorakılığa məruz qalmamalıdır” – deyə əlavə edən B.Muradova qeyd edib ki, cəmiyyətimizin qadın zorakılığı problemindəki sayıqlığı bizi sevindirir.

O bildirib ki, dünyada gedən proseslər, həm də Azərbaycanda qadın siyasəti bütün qadınların hüquqlarını qorumağa yönəlmiş siyasətdir. Bizim bu məsələdəki statistikamız bir çox ölkələrdən daha uğurlu statistikadır. Düzdür, bizim cəmiyyətdə də bəzi problemlər mövcuddur”.

“17 yaşında qız uşağı evləndirilməli deyil. Amma bəzi məqamları nəzərə almaq lazımdır”. Bunu isə deputat Tahir Kərimli deyib.

Onun sözlərinə görə, elə olur ki, ata xərçəng xəstəsidir. Ömrünə az qalıb. Niyə onun övladına 17 yaşında evlənməsinə icazə verilməsin? Valideyn nə üçün övladının şad gününü görməsin? Bu tip situasiyalarda erkən yaşda nikaha icazə verilməlidir deyə düşünürəm”.

Erkən nikah problemi ilə bağlı fikirlərini bölüşən yazar Sevinc Elsevər deyib ki, gözünü açandan anasından, xalasından, bibisindən ərə getməklə bağlı bu fikri eşitməyib:

“Ərə gedənin əli bala batmayıb”. Ancaq hamısı bunu deyib əksini arzulayıblar qızlara: “Həyat getdikcə bahalaşır və ağırlaşır, çox sevdiyin adamları evlilikdən yayındırmalısan. Ona görə ki, çox ağır məsuliyyətin altına nə qədər gec girsə, o qədər yaxşıdır. 17 yaş evlilik üçün əlbəttə çox tezdir. 17 yaşda hələ 11-ci sinif şagirdi olur uşaqlar. Nikah yaşı ilə bağlı istisna halların aradan qaldırılmasının tərəfdarıyam. Çünki sui-istifadə halları olur. Qızları 9-cu sinifdən çıxardırlar, çox vaxt ərə verirlər imam nikahıyla. Məncə, tam orta təhsil məcburi olmalıdır. 11-ci sinfi hamı bitirməlidir. 9-cu sinifdən sonra uşaq hara getdi, nə işlə məşğul oldu, maraqlanılmalıdır. Düzdür, bəzi hallarda ailələr qızlarının erkən yaşda evlənməsinə qarşı olur, yeniyetmələr könüllü qoşulub qaçır. Bunun da kökü ailədən və məktəbdən qaynaqlanır. Məktəb ciddi təbliğatla məşğul olmalıdır ki, bu hallar baş verməsin. Uşaqlara riyaziyyat, fizikayla yanaşı, həyat öyrədilməlidir. Onlarla söhbətlər aparılmalı, cinsi tərbiyə verilməlidir. Yəni hər şey məktəbdən və ailədən asılıdır. Ailədə normal mühit yoxdursa, valideynlərlə söhbət aparılmalıdır. Hər bir gəncin taleyi dəyərli olmalıdır. Bir nəfəri belə itirmək olmaz!”.

 

Şeymən Bayramova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir