sorgu

Həyat yoldaşınız parolunuzu bilirmi? – MƏŞHURLAR CAVABLANDIRIR

Baxış sayı: 1. 623

Texnoloji vasitələrin sürətli inkişafı insanların sosial şəbəkələrə daxil olub sosiallaşmasını daha da əlçatan edib. Lakin texnologiya ilan zəhəri kimidir. Düzgün istifadə etdikdə dərmandır, səhv və artıq istifadə etdikdə isə problemlər yaradır. Təsadüfi deyil ki, telefon, sosial şəbəkə hesabları üzündən nə qədər ailədaxili münaqişələr, boşanmalar, hətta cinayət halları baş verib. Bir evdə yaşayanlar belə biri-birinə demək istədikləri sözü telefonla yazırlar. Beləliklə, tərəflərin ünsiyyət, biri-birini başadüşmə problem yaranır.

Sosial şəbəkələrin yaratmış olduğu əngəllərdən biri də hesab şifrəsidir. Bu gün cütlüklər arasında çəkişmələrə səbəb olan əsas məqam məhz telefon və müxtəlif sosial şəbəkə hesabının parollarıdır. Əksər cütlüklər biri-birinin telefonundakı şifrələri bilmək istəyir. Bəziləri heç bir problem yaratmadan şifrəsini həyat yoldaşına verməyi normal qəbul edir. Buna güvənsizlik, inamsızlıq və şəxsi məsələ kimi baxanlar isə şifrə verməkdən boyun qaçırır. Elə əsl həngamə də bu zaman baş verir. Qarşı tərəfdə şübhə yaranır ki, “görəsən, şifrəsini verməməkdə məqsəd nədir?”.

Sosial şəbəkə istifadəçisi olan tanınmış şəxslər arasında sorğu keçirib onların hansısa problemlə qarşılaşıb-qarşılaşmadıqlarını öyrəndik.

 

Nə mən, nə də həyat yoldaşım parol tələb etmişik

Psixoloq Elnur Rüstəmov bildirir ki, bu günə qədər həyat yoldaşı ilə sosial şəbəkə şifrəsinə dair problem yaşamayıb:

“Hər münasibətin yazılan və yazılmayan qaydaları, öhdəlikləri var. Ailə psixologiyasında “qarşılıqlı əlaqə stereotipləri” deyilən anlayış mövcuddur. Yəni tərəflər bəlli bir zamandan sonra bir baxışdan bilir ki, qarşı tərəfin əhvalı necədir. Cütlüklər sosial şəbəkə şifrəsini bilməsə də hiss edirlər ki, qarşı tərəfin hansısa şübhəli işi var, ya yox. Bunun üçün mütləq sosial şəbəkə parolunu bilməyə ehtiyac yoxdur. Burda söhbət insan faktorundan gedir.

Nə mən, nə də həyat yoldaşım biri-birimizin feysbuk parolunu tələb etmişik. Çünki inam hər şeydən üstündür. Əgər inam, güvən yoxdursa, bu zaman qırılmalar baş verir. Onsuz da əgər tərəflərdən birinin xəyanət etmə fikri varsa, o, başqa profil açıb bunu edə bilər. Bu gün informasiya texnologiyaları o qədər inkişaf edib ki, parolu soruşmağa ehtiyac yoxdur. Kifayət qədər proqramlar var ki, parolları sındırır. Heç adamın ruhu da incimir. Yenə də deyirəm, söhbət sağlam münasibətdən, sağlam təməldən gedir. Ailə qurmamışdan öncə bunları sağlamlaşdırmaq lazımdır”.

Psixoloq bildirir ki, hər bir insanın ailə qarşısında öhdəlikləri, hüquq və vəzifələri var. Bunlar bir-biri ilə sıx bağlıdır:

“Ailə hüququndan danışırıqsa, ailə üzvlərinin vəzifələrindən, öhdəliklərindən də danışmalıyıq. Əgər bu vəzifə və öhdəliklər yoxdursa, heç bir ailə hüququndan söhbət gedə bilməz. Hər kəs ailə məsuliyyətini dərk etməlidir. Ailə olmasa belə iki insan bir-biri ilə münasibətində müəyyən vəzifə və məsuliyyətə malikdir. Telefon şifrəsi ilə bağlı Azərbaycan cəmiyyətində problemlər yaşanır, ailə-məişət zəminində hansısa xoşagəlməz hallar baş verir. Sosial şəbəkə isə sadəcə bunları ortaya çıxarmaq üçün bir vasitədir. Bu gün sosial şəbəkələr üzərində ailədaxili konfliktlər, boşanmalar, hətta cinayət halları olur. Bütün hallarda düşünürəm ki, ailə institutu ilə bağlı maarifləndirmə işi aparılmalı, tərəflərin biri-birinə hörməti prioriet bir məqam olaraq qəbul edilməlidir. Əgər bunlar olarsa, məncə, gələcəkdə ailə münaqişələri ilə bağlı problemlərimiz də azalacaq”.

 

Arada tələb edir ki, aç, mesajlara baxım

“Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı tərəflərin biri-birinin parolunu bilməsini anormallıq hesab edir:

“Əslində sosial şəbəkələrin təyinatı, istifadəsi, məqsədi və məramı tamam başqadır. Sadəcə, bəzi cəmiyyətlərdə olduğu kimi, bizim cəmiyyətimizdə yanaşma fərqlidir. Yəni bəziləri feysbukdan tanışlıq, ailə qurmaq məqsədi ilə istifadə edir. Mənim feysbukdan istifadə məqsədim sırf işlərimin təbliğ olunması, saytımın materiallarını paylaşmaq və müxtəlif məlumatlar almaqdır.

İndiyə kimi yadıma gəlmir ki, ya telefonumun, ya da feysbuk parolumun şifrəsini xanımıma verim. Düzdür, arada tələb edir ki, “aç, mesajlara baxım”. Mən də göstərirəm (gülür). Baxanda görür ki, yazanlar kişilərdir və yarısı yol-nəqliyyat hadisələri ilə bağlı suallar verir. Hərdən mən də yoldaşımın profilinə göz gəzdirirəm. Amma düzünü desəm, şifrəsini bilmirəm, heç vaxt da tələb etməmişəm. Düşünürəm ki, bir ailədə inamsızlıq varsa, o ailənin təməli düzgün qurulmayıb. Cütlüklərin biri- birinin parolunu bilməsinə normal baxmıram. Ondansa birləşib bir profil işlətsinlər və məsələ bağlansın”.

 

Bu günə qədər yoldaşımın parolunu bilmək arzum olmayıb

Evli şəxslərin biri-birinin sosial şəbəkə şifrəsini bilməyini güvənsizlik əlaməti hesab edən iqtisadçı Natiq Cəfərli bildirir ki, ailə güvən üzərində təsis olunan çox vacib institutlardan biridir:

“Bir münasibətdə hisslərdən əlavə güvən də olmalıdır. Məncə, şifrələrini verən və ya tələb edən insanlar nə qədər başqa səbəblər göstərsələr də, güvənsizlik məsələsi önə çıxır. İctimai fiqur olduğum üçün profilim açıqdır. Həyat yoldaşım müəyyən fikirlərim, publik çıxışlarımla razı olmadıqda öz iradlarını və təkliflərini bildirir. Yazdığım ictimai-siyasi və iqtisadi fikirlərə öz iradlarını və tənqidlərini söyləyir. Açığı, bu mənim çox xoşuma gəlir. Bəzən isə çox maraqlı müzakirələr olur”.

N.Cəfərli həyat yoldaşının şifrəsini bilmədiyini deyib: “Bu günə qədər bilmək arzum da olmayıb. Həmçinin yoldaşım da məndən heç vaxt feysbuk şifrəmi istəməyib. Açığı, siz sual verənə kimi bu barədə düşünməmişdim. Həm də yoldaşım şifrəmlə bağlı hansısa sual verməyib”.

 

Biri-birimizin elektron poçt və digər sosial şəbəkə parollarını bilirik

Sosial şəbəkələri 21-ci əsrin fenomeni adlandıran millət vəkili Zahid Oruc həyat yoldaşı ilə biri-birlərinin elektron poçt və sosial şəbəkə parolunu bildiklərini deyir:

“Lakin bu, ailə münasibətləri çərçivəsində baş verir. Heç kəs patrialxal bir diktatla, əmrlə bunu həyata keçirməyib. Təbii ki, bu günə qədər feysbuk və digər sosial şəbəkələrsiz də insanların müxtəlif sirləri vardı. Çünki qadınların və ya kişilərin münasibətlər sistemində fərqli bir düzən olması mümkündür və çox normaldır. Bu, qətiyyən tərəflərdən birinin digərinə nəzarət etmək, onun bütün şəxsi həyatına sahiblənmək və hər bir hərəkətini izləmək anlamına gəlmir. Həmçinin tərəflərin biri-birinə güvəninin yüksək dərəcədə olması önəmlidir”.

Deputatın fikrincə, qarşılıqlı hörmət, inam və etibar olandan sonra sosial şəbəkələrin ailələri dağıtması bir qədər şişirdilmiş məsələdir:

“Xəyanət etmək istəyən şəxs sosial şəbəkələrsiz də bunu edə bilər. İnformasiya vasitələri sadəcə bu əməldə köməkçi rola malikdir. Hamı bilir ki, Zahid Oruc həm siyasət adamı, həm də parlament üzvü kimi özünün müxtəlif baxışlarını sosial şəbəkələrdə paylaşır. Bir çox hallarda isə ictimai problemli, sosial düşüncəli insanların yazışmalarına reaksiya verməli oluruq”.

 

Parol tələb etmək özgüvənsizlikdir

Cütlüklərin biri-birinin telefonuna göz gəzdirməsini utancverici hal hesab edən psixoloq Fərqanə Mehmanqızı bildirib ki, bu mövzuda fikirlər müxtəlifdir və bütün fikirləri qəbul edir:

“İnsanın psixologiyası, həyata baxışı, özünə verdiyi qiymət fərqli olduğu kimi, həyat tərzi, hadisələrə münasibəti də fərqlidir. Niyə mənim şifrəmi həyat yoldaşım bilməlidir? Yaxud mən nə üçün onun şifrəsini bilməliyəm? Tərəflər biri-birlərinin sosial şəbəkə parolunu bilirsə və ya tələb edirsə, deməli, nəsə axtarır. Məsələn, bir kişi həyat yoldaşından şübhələnirsə, onun həmin qadınla bir evdə yaşamağa davam etməsi artıq yanlış haldır.

Sosial şəbəkə parolu özəldir. Bu, həyat yoldaşımın çantamda nəsə axtarmağı və ya mənim onun pul qabında, maşınında nəsə axtarmağım kimidir. Belə hallar olduqca utancvericidir. Təsəvvür edin ki, siz həyat yoldaşınızın cibini axtarırsız və həmin anda yoldaşınız sizi görür. Düşünürəm ki, bu, eqonu əzən bir haldır. Niyə yoldaşımın telefonuna baxım və onun özəlinə qarışım? Onsuz da xəyanət etmək istəyən şəxs başqa profil açaraq istədiyini edəcək. Bu bir az xasiyyət və həyata baxışa bağlıdır. Hərənin bir xarakteri var. Hər kəs həyat yoldaşının xarakterinə uyğun olaraq yetişir və bunu qəbul edir. Ona görə də kimisə ittiham etmək, ya kiminsə tərəfini saxlamaq düzgün deyil. Kimə necə xoşdur, elə də yaşayır”.

Psixoloqun sözlərinə görə, cütlüklərin şifrə tələb etməsi özgüvənsizlikdir: “Deməli, mən yetərsizəm ki, həyat yoldaşım məni atıb başqasına gedəcək və ya fikri başqa qadında olacaq. Təbii ki, bunlar qısqanclığın fonunda özgüvənsizlik və dayanıqsızlıqdır. Çünki özünə güvənən, münasibətinə arxayın olan qadın heç vaxt yoldaşını güdməz, belə məsələlərə görə mübahisə etməz. Düşünürəm ki, bu, psixoloji problemdir”.

 

Feysbuk səhifəmiz açıq qalanda narahat olmuruq

Sosioloq Lalə Mehralı həyat yoldaşı ilə feysbuk və telefon şifrəsinə görə problem yaşamadığını deyib:

“Ümumiyyətlə, tərəflər “biz” olmağa qərar verib ailə qurublarsa, aralarından ən xırda detaldan ən böyük problemə qədər hər situasiyanı müzakirə edib həll etmək məcburiyyətindədirlər. Buna geyim, davranış, iş seçimi, sosial şəbəkələrdən istifadə aiddir. Ola bilər dediklərim kiməsə köhnə fikir kimi gələ bilər. Hesab edirəm ki, qarşı tərəflə balansı qorumaq, yəni sülh şəraitində yaşamaq istəyirlərsə, qadınlar bəzi xırdalıqlara əməl etməlidirlər. Əksər qızlar nişanlı vaxtı oğlanın xarakterindəki enişləri və yüksəlişləri bilirlər. Şikayətlənirlər ki, nişanlım qısa və ya dar geyinməyimə qarışır, sosial şəbəkə parollarımı tələb edir. Bütün bunlar nişanlılıq prosesində baş verir. Əgər qız nişanı qaytarmırsa, deməli, bu cür yaşamaq ona uyğundur”.

Sosioloq bildirir ki, hər bir qadın və ya kişi özəlinə qarışılmamasını tələb etməkdə haqlıdır. Amma şifrəsini həyat yoldaşından hansı səbəbə gizlədirsə, onu əsaslandırmaq məcburiyyətindədir:

“Əgər mən yoldaşımdan parol gizlədirəmsə, bunu tutarlı şəkildə əsaslandırmalıyam. Bu, mənim həyat yoldaşı kimi borcumdur. Orda nə danışmış ola bilərəm ki, həyat yoldaşımdan gizlədim? Bu, artıq özəl həyatdan çıxaraq ailənin imicinə zərər gətirən problemə çevrilə bilər. Biz ailəyiksə, biri-birimizin özəlinə daxil olmuşuqsa, deməli, şəxsi həyatları aradan qaldırmalıyıq. Mən yoldaşımın feysbuk parolunu bilməli, lazım olanda hesabına daxil olmalıyam. Lakin o demək deyil ki, onun şəxsi həyatına müdaxilə edirəm. Ola bilər ki, səhifəsində təcili nəyəsə baxmalıyam və ya məndə pozulmuş bir yazışmamızı onun səhifəsindən bərpa etmək istəyərəm. Bu, qətiyyən özəl həyata müdaxilə, qısqanclıq deyil.

10 ildən artıqdır sosial şəbəkədə üzvlüyüm var. Mənə ilk dəfə hesabı da yoldaşım açıb, heç bir məlumatım yox idi. Bir gün dedi ki, “sənə feysbukda hesab açmışam, parolun da budur”. Səhifəyə girəndə gördüm ki, yoldaşım profil şəkli kimi öz şəklimi yükləyib. Sonra parol təhlükəsizliyi ilə bağlı mesaj alanda, parolu dəyişməyimi dedi. Günü bu gündə hər ikimizin sosial şəbəkə hesabları biri-birimizə bəllidir. Evdə kompüterdə hansımız daxil oluruqsa, sonradan hesab açıq qalır və bundan narahat olmuruq. Çünki biri-birimizdən gizlətdiyimiz nəsə yoxdur. Özəl həyat subaylıq dövründə qaldı. Bu gün xanımlar hansısa hakerlərdən proqramlara çoxlu pul verib həyat yoldaşını daim nəzarətdə saxlamağa çalışır. Bu, ilk növbədə güvən və inamsızlıqdan qaynaqlanır. Əgər bir ailədə güvən yoxdursa, elə o ailə boşanmağa məhkumdur, necə ki, biz bunun şahidi oluruq. Tərəflər biri-birini güdməyə, yalanını tutmağa, həyatında nəyinsə ondan gizlin getdiyini sübut etməyə çalışırsa, deməli, o ailə artıq ailə olmaq çərçivələrindən çıxıb. Elə ailədə “biz” konteksti yoxdur”.

 

Həyat yoldaşımın feysbuk şifrəsini bilmirəm

Yazar Tural Cəfərov kişi və qadının biri-birinə qarşılıqlı şəkildə inamı olmasının vacib olduğunu söylədi:

“Ümumiyyətlə, Azərbaycandakı mənəvi-əxlaqi, köhnə dəyərlər bizi hər zaman və hər yerdə sıxır. Xüsusilə son günlərdə sosial şəbəkələri get-gedə həyatımdan çıxardıram. Həqiqi mənada sosial şəbəkələr insana çox pis yorğunluq verir. Sosial şəbəkələrin nə üçün lazım olduğunu başa düşə bilmirəm.

Feysbuk və digər sosial şəbəkə hesabının şifrəsi isə hər kəsin şəxsi işidir. Mən də həyat yoldaşımın feysbuk şifrəsini bilmirəm. Heç kimin dərinliyi ilə oynamaq lazım deyil. Hətta kirpilər soyuq olanda biri-birlərinə yaxın gəlirlər, amma isindikdə görürlər ki, tikanları biri-birini incidir”.  (Sherg.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir