Həyat yoldaşınıza son dəfə nə vaxt hədiyyə almısınız? Əgər bu sualın cavabını xatırlamaqda çətinlik çəkirsinizsə və ya belə bir şeyi heç ağlınıza da gətirməmisinizsə, deməli artıq səhvinizi düzəltmək vaxtıdır. Ailədə tərəflərin bir-birinə hədiyyə alması çox yaxşıdır. Bu, ailənin möhkəmliyi üçün ən vacib şərtlərdən biri olmasa da, tərəflər arasında ünsiyyəti artırdığı üçün əvəzsizdir. Bir də əgər hər yerdə hədiyyələşmənin əhəmiyyətindən danışırıqsa, bu, həyat yoldaşları arasında niyə olmasın?
İndi isə həyat yoldaşınıza hədiyyə almağın nə kimi faydaları olduğuna nəzər salaq:
– Hədiyyə alan tərəf həyat yoldaşı tərəfindən qiymətləndirildiyini düşünür.
– Həm hədiyyə verən, həm də hədiyyə alan tərəf arasında ünsiyyət artır.
– Ailədəki gərginlik buludlarının dağılmasını asanlaşdırır.
Təbii ki, ailədən asılı olaraq bu maddələrin sayını artırmaq da olar.
Digər tərəfdən, burada hədiyyənin mahiyyəti, maddi dəyəri, kiçik və ya böyük olması da vacib deyil. Əsas məsələ hədiyyə verərkən səmimi olmaqdır.
Bütün bunlarla yanaşı hədiyyə qəbul edərkən həssas davranmalı, ilk növbədə hədiyyəyə yox, hədiyyə verənə diqqət yetirməlisiniz. Hədiyyəni bəyənmədiyinizi dərhal ifadə etmək də doğru deyil. Əgər bu çox vacibdirsə, sonrakı mərhələlərdə hədiyyə ilə bağlı müəyyən fikirlər yürütmək olar.