Habil Əliyevin məşhur zarafatları

Baxış sayı: 1. 725

Bu gün 1 aprel gülüş günüdür. Şübhəsiz ki, gülüş və sənət aləmi mövzusunda ilk yada düşən sənətkarlardan biri də əfsanəvi kaman ifaçısı Habil Əliyevdir.

“Gencaile.az” olaraq sənətkarın bir neçə yumoristik əhvalatını təqdim edirik:

Habil Əliyev bir toyda qonaq imiş. Qəfil haray-həşir düşür ki, bəs filankəs gəlir. Filankəs də ki “mavi” müğənnilərdən biri imiş. Habil müəllim görür ki, həmin bu müğənni, yanında iki mühafizəçi, iki prodüser, bir menecer. Müğənni Habil müəllimi görər-görməz əl-ayağa düşür, sənətkarın kef-əhvalını soruşur. Axırda sənətkar müğənniyə bir sual verir:

– Bala, bu yanındakı gədələr kimdi?

– Habil müəllim, onlar mənim “oxrana”larımdır, məni qoruyurlar. O biri iki nəfər də prodüserlərimdir.

– Bala, kişinin qorunulası bir “yeri” var, onu da sən çoxdan bada vermisən. Bu gədələri də avara eləmə, qoy gedib mərifətli bir işlə məşğul olsunlar.

***

Deyilənə görə, bu əhvalat 70-ci illərdə olub. Habil Əliyev Niyaməddin Musayevlə eyni məclisə düşür. Görür ki, Niyaməddin müəllim son dəb olan dar bir şalvar geyinib. Şalvar da dəridəndir. Niyaməddini çağırıb soruşur:

– Niyam, sən canın, bu şalvarı “rajok”nan geyinmisən?

***

Habil Əliyev yaşadığı binanın həyətində maşınına əyləşəndə bir cavan oğlan kefsiz halda ona yaxınlaşır. Xoş-beşdən sonra oğlan deyir ki, Habil müəllim, biabır olmuşam. Sənətkar səbəbini soruşur:

– Niyə, nə olub ki, biabır olasan?

– Habil müəllim, dünən yataq otağının pərdəsini çəkməmişik. Cavan ailəyik də, yəqin ki, başa düşərsiz…biabır olmuşuq…

– Hə, yəni pərdə açıq qalıb, camaat da görüb?

– Hə, elədir.

– Ay kişi, elə şeyi dərd eləmə. Soruşub eləyən olsa ki, kim idi, denən mən evdə olmamışam, başqası idi.

***

Bir müğənni Habil Əliyevə deyir ki, bərk ağrıyıram, o gün də həkimə getmişdim, deyir ki, böyrəyində duz var. Habil müəllimin cavabı:

-Həkim qələt eləyir. Nə duz ə? Azərbaycanda səndən duzsuz adam yoxdu.

***

Habil Əliyev məşhur dirijorlarımızdan biri ilə bulvarda oturubmuş. Bir nəfər yaxınlaşıb Habil müəllimlə görüşür, dirijor pərt olur ki, bunu tanımadılar. Sənətkar dirijora deyir:

– Əşşi niyə kefini pozursan? Camaat sənin üzünü hardan tanısın? Yenə arxanı çevirsəydin, tanıyardı ki, filankəssən.

Hazırladı: İntiqam VALEHOĞLU




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir