Hakan Unsal 1

Hakan Ünsal: “Qalatasaray”ın məşqçisi döyülməmək üçün iki saat tualetdə gizlənmişdi” – EKSKLÜZİV

Baxış sayı: 6. 585

Hakan Ünsal – bu ad azərbaycanlı futbol azarkeşlərinə çoxdan tanışdı. Nə də olsa, “Qalatasaray” UEFA kubokunu qazananda da, Türkiyə milli komandası Dünya çempionatının bürünc mükafatına sahib olanda da, ötənlərin tanınmış türkiyəli futbolçusu sözügedən uğurların əsas iştirakçılarından idi. Hələ o vaxtdan azərbaycanlı azarkeşlərin də sevimlisi olan keçmiş müdafiəçinin təkcə futbolçu karyerası ilə bağlı məqamlar maraq doğurmur. Bu səbəbdən də Hakan Ünsalı “Gencaile.az” saytının “11 sual” rubrikasına qonaq etdik.

Türkün sözü, altını çizərək deyək ki, bu, Hakanın Azərbaycan mediasına ilk müsahibəsidir!

 

–         Futbolçu olmağa qərar verəndə, valideynlərinizin buna münasibəti  necə olmuşdu?

–         Məmim atam keçmiş futbolçu idi. Futbolçu karyerasını bitirdikdən sonra da məşqçi kimi çalışırdı. Atam futbolu çox sevən bir adam idi. Bu idman növünə yayın istisində meydançanın xətlərini təkbaşına cızacaq və günəş vurmasına məruz qalacaq qədər bağlı idi. Hətta futbol formalarını evimizdə yudurdacaq qədər sevirdi futbolu. Təbii ki, valideynimin futbolun bu qədər içində olması mənim futbolçu olmamda əvəzsiz rol oynadı.

–         Maraqlıdır, əgər futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz?

–         Düzü, futbola bu qədər böyük maraq olan ailədə başqa seçim etmək imkanım demək olar ki, yox idi. Əgər Sinopda qalsaydım, yəqin ki, həvəskar futbolçu olacaqdım, amma təyyarə həvəskarı idim və dolayısıyla mənim arzum pilot olmaq idi.

–     Hakan    Bildiyimizə görə, həyat yoldaşınız sizinlə evlənərkən futbolçu ilə ailə qurmaqda tərəddüd edirmiş. Sonradan onun razılığını necə aldınız?

–         Yaraşıqlı olmağımın hesabına (gülür- T.M.). Düzdür, ilk dəfə tanış olanda həm məni tanımaması, həm də futbolçulara qarşı münasibətin birmənalı olmaması üzündən tərəddüd edirdi, ancaq məni tanıdıqdan sonra düşüncəsi dəyişdi.

–         Bizdə olan məlumata görə, həyat yoldaşınız oğlunuzun futbolçu olmasını istəmirmiş. Bunun xüsusi bir səbəbi var idimi?

–         Bəli, xüsusi bir səbəbi var idi. Həyat yoldaşım ilk uşağımızı dünyaya gətirmək ərəfəsində olanda mən UEFA Super Kubokunun final matçında iştirak etmək üçün “Qalatasaray”la Monakoya yollanmışdım. Qarşılaşmadan bir gün əvvəl övladım dünyaya gəlmişdi. Ümumiyyətlə, həmin dövrdə biz sıx qrafiklə oyunlara çıxırdıq ki, bu da ailəmə vaxt ayırmağa mane olurdu. Hamiləlik dönəmində əksər hallarda yanında olmaq imkanım olmamışdı. Bu səbəbdən də həyat yoldaşım oğlumuzun futbolçu olmaması üçün çox dua edirdi.

–  Siz necə, övladınızın futbolçu olmasını istərdinizmi?

–  Açığı istəyərdim, amma anası o qədər futbolçu olmasın deyə dua etdi ki, istəsəm də, olmaz

–         İdman aləmində olanlar daim diqqət mərkəzində olan insanlardır. Maraqlıdır, həyat yoldaşınızdan bu səbəbdən qısqanclıq hiss edirsinizmi?

–         Həyat yoldaşım mənim futbolla bağlı işlərdən uzaq olmağımı istəyir, amma bunun səbəbi qısqanclıq deyil. Həm futbolun içində olan çirkinlikdən uzaq olmağımı, həm də onlara daha çox vaxt ayırmağımı istəyir.

–         Futbol elə bir peşədir ki, əksər hallarda evdən kənarda olmalı olurdunuz. Ailənizdən uzaq olanda ən çox hansı problemlərlə üzləşirdiniz?

–         Mən həmişə uzaqda olmuşam. “Qalatasaray”da çıxış edəndə evimdən, “Blekbörn”də forma geyəndə isə vətənimdən uzaqda idim. “Qalatasaray”da olanda ailəmə az hallarda vaxt ayırmaq imkanım olurdu ki, ən böyük problem də elə bu idi. İngiltərədə legioner həyatı yaşayanda isə bu baxımdan hər şey daha yaxşıydı. O zaman ailəmlə zaman keçirmək fürsətim daha artıq olurdu.

 

–   Hakan Unsal 6      Sizcə, bir futbolçu üçün ailə həyatı qurmağın mənfi və müsbət cəhətləri hansılardır?

–         Məncə, bunun müsbət tərəfləri daha artıqdır. Ailə qurmağın müsbət yönləri futbolçu karyerasına son qoyulduqdan sonra daha çox hiss olunmağa başlayır. Nizamlı şəkildə olan ailə mühiti çox önəmlidir. Həm problemləri bölüşmək, həm də sevinci paylaşmaq üçün ailə vacibdir.

–         Keçmiş futbolçulardan kimlərlə ailəvi dostluq münasibətləriniz var?

–         Sabiq futbolçulardan bir çoxu ilə dostluq münasibətlərimiz davam edir, ancaq ailəvi şəkildə görüşməyimiz çətindir. Keçmiş komanda yoldaşlarımın əksəriyyəti məşqçi kimi çalışdığından hər zaman görüşmək imkanımız olmur, amma yenə də imkan daxilində görüşürük.

–         Əlinizə imkan düşsə, həyatınızda nəyi dəyişmək istərdiniz?

–         Belə bir imkanım olsaydı, indiki həyat təcrübəm və ağlımla keçmişə qayıdar və keçmişdə etdiyim səhvləri düzəltmək istərdim.

–         Futbolçu həyatınızda yəqin elə hadisələr olub ki, indi də xatırlayanda gülməyə bilmirsiniz

–         Belə hadisələrin sayı-hesabı yoxdur. Odur ki, hansı əhvalatı danışacağımı bilmirəm. Məsələn, 20 il öncə iştirakçısı olduğum maraqlı bir hadisəni danışa bilərəm. Həmin vaxt “Qalatasaray”da forma geyirdim və o dövrdə Uğur Tütünəkər, Həmzə Həmzəoğlu, Arif Ərdəm və Okan Burukla eyni otaqda qalırdıq. Günlərin birində digər komanda yoldaşlarım ilə Uğur Tütünəkər döymək qərarına gəldik və qəflətən ona hücum etdik. Əllərini və ayaqlarını tutaraq yerə yıxdığımız Tütünəkəri Ariflə birlikdə döyməyə başladıq. Bir neçə dəqiqə sonra Uğur Tütünəkər gözlənilmədən Okana başla zərbə vurdu və Okanın qaşı partladı. Bu anda biz də qorxuya düşdüyümüz onu buraxaraq qaçdıq. Uğur Tütünəkər isə “Qalatasaray”ın hazırkı çalışdırıcısı Həmzə Həmzəoğlunu qovalamağa başladı. Həmzə isə onun qorxusundan tualetdə gizlənmişdi. Həmin vaxt Uğur Tütünəkər Həmzəoğlunu döymək üçün iki saat qapının ağzında gözləmişdi.

Söhbətləşdi: Tural Məmmədov

Xüsusi olaraq “Gencaile.az” üçün

İstanbul, Türkiyə

hakan

Hakan Unsal 4




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir