– Neçə vaxtdır artıq ana statusunu daşıyırsınız?
– Birinci övladım təəssüf ki, çox yaşamadı, 2006-cı ildə ilk dəfə ana oldum, 7 saat yaşayan bir qız övladım doğuldu. İnanılmaz gözəl bir qız idi, heç kim onun yenicə doğulduğuna inanmırdı. Həkimlərin səhvi ucbatından onu itirdik. Güclü travma və psixoloji gərginlik keçirmişdim, ikinci dəfə bir il sonra, 2007-ci ildə ana oldum və oğlum Altayın indi 6 yaşı var. Qismətsə yenidən ana olmağa hazırlaşıram.
– İlk dəfə övladınızı gördüyünüz anda yaşadığınız hissləri yəqin bizimlə paylaşarsınız.
– Altayı birinci dəfə görəndə ağladım, içimdə onu da itirə biləcəyimə dair qorxu vardı. Heç kimə etibar eləmirdim, bir gecədə 4-5 dəfə körpələrin saxlandığı palataya gedib oğluma baş çəkirdim. İtirmək qorxusu tədricən, o böyüdükcə azaldı, amma hələ də içimdə o qorxu qalıb. Hamilə olduğumu öyrəndikdən sonra bu qorxu daha da böyüdü, çünki hər gün doğuşda ölümlər barədə xəbər veririk, ikinci dəfə övlad itirməyə dözə bilmərəm yəqin ki.
– İlk övladınızın yaşamama səbəbini tam olaraq sizə necə izah etdilər?
– Guya ana bətnində sətəlcəm olub, belə bir bəhanə gətirdilər. Amma yalan idi, uşağı doğuşda zədələmişdilər.
– Bəs ikinci dəfə yenə təbii doğuşa üstünlük verdiniz?
– Əlbəttə, təbiətin qanunu var, o qanunlardan kəınara çıxmağın tərəfdarı deyiləm. Keysər kəsiyi ilə doğuşun əleyhinəyəm. İkinci dəfə də təbii doğuş oldu, amma bu dəfə işimi ehtiyyatlı gördüm, etibarlı həkim və etibarlı mühitdə dünyaya gətirdim oğlumu. Qismətsə üçüncü dəfə də təbii doğuşla dünyaya gətirəcəm qızımı.
“Məcbur qalanda bu yolu seçmək normaldır”
– Deməli, keysəriyyə kəsiyinə üstünlük verənləri qınayırsınız?
– Jurnalist olmağın avantajıdır bəlkə də, çox oxuyub, çox araşdırırıq, keysər kəsiyinin uşağın gələcəyi üçün təhlükəli metod olduğu sirr deyil, bunu bilə-bilə əməliyyatla ana olmaq normal deyil. Tanrı hər qadına doğmaq üçün imkan verir, kimisi bu imkanı gözardı edir, asanına qaçır, kimi də övladının sağlamlığı üçün təbii doğuşa girir. Əməliyyatdan sonra aylarla yaranın bitişməyini gözləmək, ağırılara dözmək doğuş ağırısından daha betərdir. Hər ana övladının dünyaya gəlməsi üçün əziyyət çəkməlidir, indi çox adam hazırın naziridir – yatım, qalxanda görüm uşaq doğulub. Bu normal deyil, övladının doğulmağını görməlisən, onun dünyaya gəlişi üçün sən də əziyyət çəkməlisən. Ümumiyyətlə, əlacsız qalmadıqda bu yolu seçməyin tərəfdarı deyiləm. Bizdə də, maşallah, yerindən qalxan keysərə qaçır. Dünən həkim müayinəsində idim, növbədə olan qadınların əksəriyyəti keysərə girəcəyini deyirdi. Səbəbini soruşuram, deyir ki, o, rahatdır. Biri var normal doğuş üçün yetərli güc olmaya, problemin ola, doğmaq qabiliyyətində olmayasan, onda keysər məqbuldur, amma bu hal da 100-də, 1000-də bir olmalıdır.
– Sizcə, keysəriyyə kəsiyinə qoyulan qadağa onun qarşısını alacaq?
– Qadağanın yalnız adı var, yenə keysər kəsiyi inanılmaz həddədir. Həkim məsləhət görməsə də, qadın məcbur edir. Bu problemi kökündən həll eləmək lazmdır. Konkret göstərişlərin siyahısı yazılsın, asılsın qadın məsləhətxanalarından, doğum evlərindən. O göstərişə görə keysərə izin verilsin. Bir tanış keçən il ana oldu, həkimlər israrla özü doğmağı məsləhət görsə də, keysər kəsiyi istədi. Açıqlaması da bu oldu: “Məni yatırtsınlar, oyananda görüm hər şey qurtarıb, ağrı hiss etməyim”. Bu necə analıqdır? Övladın üçün ağrını gözə ala bilmirsənsə, necə özünü ən yaxşı ana hesab edə bilərsən? Yenə deyirəm, məcbur qalanda bu yolu seçmək normaldır, tibdə alternativdir, amma bizim anaların çoxu özü istəyir, məcbur qalmır.
“Qırmızı ət yemir”
– Bir az da körpə baxımı ilə əlaqədar danışaq. Doğumdan sonra körpənizin lap erkən vaxtlarında kiminsə yardımı toxunurdumu? Ümumiyyətlə, hər hansı bir rejimi və ya bəslənməsi var idimi?
– Oğlum doğulandan 4 gün sonra xəstəxanadan çıxdıq. Köməyim yox idi, anam, qaynanam rayonda yaşayır, Bakıda demək olar ki, heç kimsəm yox idi. Oğlumu özüm böyütmüşəm, bu gün bunu fəxrlə deyə bilirəm. Şükürlər olsun ki, kifayət qədər sağlam bir uşaq böyüdə bildim. Mən 8 il vegeterian olmuşam, bu dövrə hamiləliyim də daxildir. 3 yaşına kimi ana südü ilə qidalandırmışam, vegeterian bir ananın bu qədər bol südü olmağına nəinki qohum-əqraba, heç həkimlər də inanmırdı. Xəstəxanada praktikantları gətirib möcüzə göstərirmiş kimi göstərirdilər məni. Bol südüm vardı və oğluma öz südümü verdim 3 ilə yaxın. Sonra sürətlə arıqladım, qəbul etdiyim bütün qida südümdə cəmləşirdi və orqanizm zəifləyirdi. Məcburən süddən kəsdim oğlumu. Oğlum da 3 yaşına qədər ət yeməyib, ana südündən sonra kənar qidalanmaya da çətin keçdi, südə çox öyrəşmişdi. İndi də yalnız kənd toyuğu və balıq verirəm, qırmızı ət yemir.
– Deməli, yalnız təbii qidalanır…
– Bəli, qidalanması tamamilə təbii qidalar üzərində qurulub, həm həyat yoldaşım, həm də mən çalışırıq ona süni qidalar verməyək. Çips, kola, dönər kimi şeyləri isə ümumiyyətlə evimizə yaxın buraxmırıq, nə özümüz, nə də uşaq bu qidaları qəbul etməyib. Parkda, həyətdə övladına çips yedirib, kola içirən valideynləri isə heç vaxt anlamamışam. Bu övladını intihara sürükləməkdir. Təbii meyvədən ev şəraitində hazırladığım şirələr, kompotlar dura-dura kolanı övladıma niyə içirim? Onun düşməni deyiləm, anasıyam. Yeri gəlmişkən, bir dəfə baş pediatrla söhbətimiz zamanı dedi ki, sən heç ömründə balasına süni uşaq qidası yedirən bir canavar, bir ayı görmüsən? Görməmisən, amma ən ağıllı canlı olan insan yedirdir. Özü də südü ola-ola yedirdir. Haqlı idi, oğlum doğulanda xəstəxanada bir qadın döşünü möhkəm-möhkəm sarıyıb südqaytaran dərmanlar içirdi, həkimlərdən isə oğluna süni qida yedirməyi tələb edirdi. Süd döşünü incidəndə də sağıb ayaqyoluna tökürdü, uşağa vermirdi. Bədən quruluşunun pozulacağından qorxurdu. Bədbəxt bilmirdi ki, ən gözəl bədən quruluşu övladını təbii yolla dünyaya gətirib təbii qidalandıran qadınlarda olur – bunu ÜST çoxdan sübut edib. Mən oğluma pampers də geydirməmişəm. Bir çoxu bunu geridə qalmışlıq, bir çoxu ağılsızlıq hesab elədi, amma mən oğlumu dədə-baba qaydası əskilərlə, bələklə böyütdüm. Pampersin uşaqlara vurduğu zərərləri, yaratdığı problemləri, səbəb olduğu xəstəlikləri bilən bir ana kimi heç bir anaya məsləhət görmürəm. Maraqlı bir əhvalat danışım, bir dəfə baş pediatr Nəsib Quliyevə zəng eləmişdim, pamperslərin zərəri ilə bağlı açıqlama alırdım. Dedi əvvəlcə sən mənim sualıma avab ver, sonra mən sənin sualına cavab verəcəm. Soruşdu ki, anasan? Dedim hə, dedi düzünü de görüm uşağına pampers geydirirsən? Dedim hamı mənə gülür, amma mən oğluma pampers geydirmədim, əskilərlə baxdım. Dedi qoy gülsünlər bala, sən də gələcəkdə onlara güləcəksən, peşman olduqları zaman. İndi siz fikirləşin, ölkənin baş pediatrı deyirsə ki, bu pampersi geydirmək zərərdir, bizim analar ondan çox bilir?
– Bütün bunları oxuyandan sonra belə bir fikir formalaşdı ki, müasir analara qarşı ciddi qınaqlarınız var?
– Hamısına yox, amma əksəriyyəti süni qida yedirir, pampers geydirir, çips, kola ilə bəsləyir, belə olduqda əlbəttə qınaq olacaq. Heç kim ideal deyil, amma heç olmasa oxuyub öyrənmək lazımdır.
– Nə vaxtsa bu təcrübələrə əsaslanıb gənc analar üçün maarifləndirici bir vəsait hazırlamaq fikriniz yoxdur ki?
– Əslində istəyirəm elə bir şey, tək uşaqlarla bağlı yox, mənim ana, uşaq, ailə mövzularında xeyli araşdırmam var, hamısını bir yerə toplasam yaxşı bir kitab olar. Amma boyumdan böyük işlərə girişməyə çəkinirəm, oxucu yalnış da anlaya bilər, nəticədə biz illərdir tanınmış, imzasını bildiyimiz qələmlərdən uşaq tərbiyəsini öyrənmişik, onların kitabları ilə maariflənmişik. Amma mənim bu sahədə olan araşdırmalarım yeni əsrin yenilikləri, son təcrübələrlə bağlı olduğu üçün maraq doğura bilər, üstəlik hər araşdırma yazımda mütləq ekspertlərin rəyini də verirəm, təktərəfli material hazırlamıram. Qismət, mən deyən olsa, gələcəkdə anaların stolüstü kitabını nəşr etmək istərdim. Həm də mən müasir müəlliflər kimi iki cümləlik broşür çıxarıb adını kitab qoymaq istəmirəm, bir işi görürsənsə adına, imzana layiq eləməlisən, yarımçıq işdən kimə nə xeyir?
“Yalnız SSRİ dövründə çəkilmiş sadə cizgi filmlərini izləyir”
– Həyat yoldaşınız sizə nə qədər yardımçı olur uşağa baxmaq mövzusunda?
– Təhsili ilə bağlı bütün yük demək olar ki, onun boynundadır. Altay hələ məktəbə getmir, hazırlıq dönəmindədir, amma bütün hazırlıq prosesini atası aparır – yeni kitabları o alır, ətraf aləmi o öyrədir. Hər gün bağçada öyrəndiyini evdə təkrarladır. Etiraf edim ki, məndən daha səbirlidir bu məsələdə. İşdən sonra o uşağın tərbiyəsi-təhsili ilə, mən isə ev işləri ilə məşğul oluram. Atasının sayəsində bizim oğlumuz müasir cizgi filmlərinin torundan uzaq oldu. Siz də bilirsiniz ki, indi çəkilən cizgilər uşaq psixologiyasını məhv edir, gizlin mətləblərə xidmət edir. Həyat yoldaşım gecə-gündüz sovet dövründə çəkilmiş, bizim uşaqlığımızın cizgi filmlərini seçib disklərə yazmaqla məşğuldur, Altaya böyük bir cizgi arxivi yaradıb, uşaq filmləri bazası formalaşdırıb. Uşağı televizorda cizgi filminə baxmağa qoymuruq, yalnız atasının süzgəcdən keçirdiyi və yalnız SSRİ dövründə çəkilmiş sadə cizgiləri izləyir. Körpəliyində Altayın çox qazı vardı, yeni doğulduğu dönəmi nəzərdə tuturam. Gecələr növbə ilə yatırdıq, evdə başqa köməyimiz olmadığı üçün bütün yük ikimizin boynunda idi, gecələr bir saat mən yatırdım o uşağı qucağında gəzdirirdi, belə olduqda qaz incitmir uşağı, daha sonra bir saat o yatırdı, mən baxırdım uşağa.
– Bəs sizcə ovladınızın bu qədər sərt rejimdə böyüməsi, qadağalar, müəyyən çərçivədə olması onun ürəyincədir?
– Uşağın nəzarətdə böyüməsi vacibdir. Əgər nəzarət olmasa televizorda istədiyi cizgi filmini açıb baxar, bu isə onun müdafiəsiz beynində fəsad yaradar, kommersiya məqsədi güdərək uşaqların üzərində qorxulu təcrübələr aparan gizlin qüvvələrin oyuncağına çevrilər. Bir müasir multik var, “Ben 10” adında. Bu cizgi filmi uşaqları dəli eləmək üçün çəkilib, inanmayan varsa, otursun 15 dəqiqə o filmə baxsın, uşaq beyninə yüklənən mənfi emosiyanı, təhlükəli kadrları hiss edəcək. Cizgi filmlərində 25-ci kadr bol-bol işlədilir, uşaqlara təlqin edirlər istədiklərini, biz bunları bilə-bilə uşağımızı necə allah ümidinə buraxaq? Altay da artıq bilir, bir yerə qonaq gedəndə o evdə televizorda cizgi filmi olan kanal açılanda gəlib soruşur, “o multikə baxmaq olar?” deyir. O, hələ körpədir, yaxşını-pisi bilmir, onu qorumaq bizim borcumuzdur. Tanış bir jurnalistin qardaşı oğlunu məhz müasir cizgi filmləri rəsmən dəli elədi. Uşaq psixoloji sarsıntı keçirib, psixoloqlar televizorun və nəzarətsiz baxdığı cizgilərin nəticəsi olduğunu dedi. Evdə iki televizorumuz var, biri Altay üçün ayrıca DVD və video maqnitafona qoşuludur, atasının yazdığı cizgilər də yanında, cizgi filmi istəyəndə onları qoyub baxır, telekanallarda verilən cizgilər bizim evdə açılmır.
– Dediniz ki, artıq Altayın 6 yaşı var. Təhsili ilə bağlı nə düşünürsünüz? Ana kimi övladınızın gələcək qərarlarına, peşə seçiminə müdaxilə edəcəksiniz?
– Bizim könlümüzdən çox şey keçir, amma zaman göstərəcək. Bizim borcumuz düzgün yönləndirməkdir, seçimi özü edəcək.
– Hər hansı bir sahəyə marağı varmı?
– Zəmanə uşaqları kimi kompüter bütün maraqların başında gəlir, amma təyin edilmiş müddətə icazə veririk. Sulu boya ilə şəkil çəkməyi, heyvanlar haqqında şəkilli kitabları çox sevir, hər gecə mütləq nağıl istəyir.
– Yenidən ana olmağa hazırlaşıram dediniz, siz həm də bir iş xanımısınız. Ev, uşaq, iş hələ üstəlik, hamiləlik çətinlik yaratmır ki?
– İşlərimi elə qurmuşam ki, hamiləlik mane olmur. Həm də mən hamiləyəm deyə ayağını uzadıb bütün günü yatanların tərəfdarı deyiləm, hamiləlik xəstəlik deyil, normal prosesdir. Sadəcə, daha diqqətli olmaq lazımdır. İşləyirəm, sayt redaktoruyam, ev, uşaq qayğıları da olanda iş çoxalır, amma öhdəsindən gəlmək olur.
“O istehsalçı sizin uşağınızın sağlamlığını yox, özünün qazanacağı milyonları düşünür”
– Son olaraq gənc analara sözünüz, məsləhətiniz?
– Məsləhət vermək həddim deyil, amma təcrübələri bölüşmək hər yaş üçün məqbuldur. Hamiləlik boyunca normal qidalansınlar, bu qidalanma uşağın sağlamlığını müəyyənləşdirir, ana südünün bol olması da ananın hamiləlik dönəmindəki qidalanmasından asılıdır. Uşaqlara mümkün qədər süni uşaq qidası verməsinlər, hamiləlik və zahılıq dövründə bol-bol fındıq, balqabaq süd artırır, əməl etsələr körpələrinə öz südlərini verə bilərlər. Bir qaşıq ana südü körpəni bir xəstəlikdən qoruyur, ona ilk müakaftları qoy ana südü olsun. Mümkün qədər pampers geydirməsinlər, onun zərərləri barədə oxusunlar, əmin olacaqlar ki, onlar uşaqlar üçün tam bir təhlükə mənbəyidir. Süni qida əlavələrindən, qazlı içkilərdən, küçədə satılan dönər, hamburgerdən uzaq saxlasınlar uşaqları, parka gedəndə evdə özləri dönər hazırlayıb götürsünlər, uşaq acsa, şübhəli dönər yerinə tərtəmiz ev yeməyi yedirə bilərlər. Uşaqlara avtomat, tapanca kimi oyuncaqlar almasınlar, bu hal aqressiya yaradır, uşaqlara sülhü öyrədin. Zehni inkişaf etdirən oyunlar var satışda, onlardan alsınlar. Müasir cizgi filmlərindən körpələri uzaq tutun, əmin olun ki, o istehsalçı sizin uşağınızın sağlamlığını yox, özünün qazanacağı milyonları düşünür. Sovet dönəmində çəkilən minlərlə multfilim var internetdə, uşaqlara onları izlədin.
Söhbətləşdi: Səbinə Məmmədova
Gencaile.az
(Böyütmək üçün şəkillərin üzərinə tıklayın)