hamile

Hamiləlik zamanı necə yatmalı?

Baxış sayı: 3. 391

Demək olar ki, bütün qadınlar hamilə olarkən yuxusuzluq problemi ilə qarşılaşırlar. Çəkimiz artdıqca nəfəs almağımız xüsusən də uzanarkən daha çox çətinləşir. Tez-tez sidik ifrazatı tələbləri də həmçinin oyadıcı vasitə olur, tez-tez oyanırıq ki, sidik kisəsini boşaldaq. Bundan əlavə,  hər birimizin yatarkən sevimli pozamız var, məhz bu halda biz səhərə kimi rahat oluruq. Ancaq təəssüf ki, qarın böyüdükcə əvvəlki rahat və istədiyimiz vəziyyətdə uzanmaq şanslarımız azalır.

Həkimlərin məsləhətlərinə görə, hamilə qadın sol böyrü üstündə uzansa daha yaxşı olar, bu vəziyyətdə böyrəklər artıq mayedən daha tez azad olur ki, bu da öz növbəsində  şişkinliyin yaranma faizini azaldır. Təbii və aydındır ki, hamiləliyin ilk həftələrindən etibarən üzü üstə yatmaq olmaz. Axı qarın hələ görünməsə də, artıq orada yeni həyat yaranmaqdadır, siz isə onun üzərində uzanmaqla körpəni sıxmış olursunuz.

Arxası üstündə yatmağı da yaxşı variant hesab edə bilmərik, çünki uşaqlığın çəkisi beli sıxmağa başlayır, nəticədə ana olmağa hazırlaşan qadın kürəyindəki bərk ağrılardan şikayət etməyə başlayır.

Mən bütün ömrüm boyu  arxası üstündə yatmağı sevmişəm və hamilə olanda başa düşdüm ki, 9 ay müddətinə bunu unutmalı olacağam. Etiraf edim ki, yuxuya getmək çox çətin olurdu, bircə dizlərimin arasına qoyduğum balış və ya yorğan kömək edirdi. Ancaq bu dünyada hər şey vərdişdən ibarət olduğuna görə mən buna da alışdım, beləliklə də həm özümün, həm də körpəmin həyatını rahatlaşdırdım.

Hamiləliyə xəstəlik kimi deyil, həyatınızın ən möcüzəli bir mərhələsi kimi yanaşın. Bəzən hətta ilk baxışda ən çətin görünən vəziyyətlərdən belə çıxış yolu tapmağı öyrənin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir