Hamiləlik qadının bədənində bir çox dəyişikliyin sürətli şəkildə yaşayacağı bir dövrdür. Bu dəyişikliklər sadəcə hamilə qadınların çəkisinin artması və bədənin formasının dəyişməsi ilə məhdudlaşmır. Müxtəlif hormonal dəyişikliklər bədəninin hər yerinə təsir göstərir. Dəridə, saçlarda, dırnaqlarda, diş və diş ətlərində də bir çox dəyişikliklər meydana gəlir.
Ən çox dəyişiklik dəridə yaranır. Hamilə qadınların üz dərisində quruluq, döş və qarın nahiyəsində çatlaqların yaranması, üzdə hamiləlik maskası adlandırılan ləkələrin meydana gəlməsi, dəri rənginin tündləşməsi, sızanaqların artması kimi narahatlıqlar yaşana bilər.
Hamilə qadınlar bədənini yaxşı qorumaq üçün hamiləlik müddətində gigiyenik qaydalara və bədən qulluğuna diqqət etməlidirlər. Dərisində quruluq yaşayan bir qadın normal sabun istifadə etmək yerinə, dərini nəmləndirən, qliserin tərkibli sabunlardan istifadə edə bilər. Vanna qəbul edərkən bədən üçün yağlardan, duşdan çıxdıqda isə mütləq nəmləndirici kremlərdən istifadə etməlidirlər. Omba, qarın bölgəsində və döşdə meydana gələ biləcək çatlaqlara qarşı nizamlı olaraq bu bölgələri badam yağı, kakao yağı və ya çatlaqlar üçün kremlər sürtərək masaj etmək lazımdır.
Dəridə meydana gələn rəng dəyişikliklərin və ləkələrin əksəriyyəti qalıcı olmadığı üçün doğuşdan sonra keçib gedirlər. Bu ləkələri gün ərzində kosmetik vəsaitlərdən istifadə edərək örtmək olar. Axşam yatmazdan əvvəl isə dərinin hava qəbul etməsi üçün üzdən makiyaj təmizlənməlidir. Həmçinin dərinin çox həssaslaşdığı bu dövrdə, yayda günəşə çıxmazdan əvvəl ultrabənövşəyi şüalara qarşı yüksək qoruyucu tərkibli kremlərdən istifadədə etmək tövsiyə olunur.
Duş qəbul edərkən nələrə diqqət etmək lazımdır?
Hamilə xanımlara gigiyenik təmizliyi təmin etmək üçün tez-tez duş qəbul etmək tövsiyə edilir. Hamamda ən çox diqqət edilməsi lazım olan nüans isə yaş döşəmədə sürüşüb yıxılmağın qarşısını almaq üçün müəyyən tədbirlərin alınmasıdır. Hər ehtimala qarşı hamamın qapısını bağlamamağınız məsləhətdir. Su çox soyuq və ya çox isti olmamalıdır. Suyun ideal istiliyi 36-37 dərəcə hesab edilir.
Hamiləlikdə sinəyə necə qulluq etmək lazımdır?
Hamiləliyin xüsusilə, son dövrlərində döş vəziləri fəallaşır və bu dövrdə döşdən kolostrum dediyimiz ağ-sarı rəngli südün gəldiyi müşahidə edilir. Bunun ana namizədin sağlamlığı baxımından hər hansı bir zərəri yoxdur. Döş giləsindəki ilk südü ilıq sabunlu bir bezlə təmizləmək lazımdır. Əgər gün ərzində narahatlıq verəcək qədər çox süd gəlirsə sinə üçün gündəlik qoruyucular istifadə edilə bilər. Hamiləliyin xüsusilə ikinci yarısından sonra büstqalterləri dəyişdirmək lazımdır. Döşü altdan dəstəkləyəcək, çox sıxmayan, pambıq alt paltarlardan istifadə etsəniz, özünüzü daha rahat hiss edərsiniz. /Tabloid.az/