“Broyler quşları ilə bağlı böyük qeyri-şəffaflıq var. Broyler quşlarının bədənində qalan baytarlıq dərmanları, antibiotiklərin vəziyyətləri nə yerdədir, bu barədə heç bir açıq tədqiqatlar yoxdur”. Bu sözləri bizimlə söhbətində Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib. Ekspertin sözlərinə görə, bunlar əhalidən gizlədilir: “Heç bir laboratoriya bu barədə bir söz demir. Biz 4 ay bundan öncə Ukraynadan ölkəmizə gələn quş ətlərini ekspertiza edirdik. Məlum oldu ki, quş ətlərinin 25%-i naməlum maye ilə doldurulub. Yəqin ki, onları böyütmək üçün lazım olub. O mayenin də tərkibini öyrənə bilmədik. Dövlət orqanları qarşısında məsələ qaldırdıq ki, bunun qarşısı alınsın”.
“Kənd toyuğu adı ilə aldığımız məhsullar da təmiz deyil”
Xüsusən də xarici ölkələrdən gətirilən broyler ətlərində problemin olduğunu bildirən AİB sədri qeyd etdi ki, şişirdilmiş, toyuq budları və döşləri və s. problemli toyuq ətləridir: “Yerli broyler fabriklərində ciddi məsələlərdən biri, quşların genetik modifikasiya olunmuş (GMO) yemlərlə bəslənməsidir. Bu Braziliya, Argentinadan gətirilmiş GMO kompenentlərdir. Eləcə də broyler quşlarının istehsalında, yetişdirilməsində çoxsaylı dərmanlardan istifadə olunur. Özüdə dərmanların hərəsi bir ölkədən gəlir. Məsələn, meteonin, lizin, milenzim, antitoksin, antioksedant kimi 14 növə qədər dərmandan istifadə olunur. Bunlar hamısı tədricən insan bədənində toplanır və bu qalıqlar daha sonra insanlarda arzuolunmaz nəticələrə səbəb olur”.
Bu hallara görə insanlar çalışırlar kənd toyuqları alıb daha təbii qidalansınlar. Kənd toyuqları haqda da danışan ekspertin sözlərinə görə, hamı elə bilir o toyuqlar təmizdi: “Kənd toyuğu adı ilə aldığımız məhsullar da təmiz deyil. Broyler quşları müəyyən nəzarət altında olsa da, kənd toyuqları nə oldu yeyirlər. Hər bir heyvanın nəcisindən tutmuş, başqa zibillərə qədər yeyirlər. Ona görə də o quşlarda da problemlər ola bilər. Təsadüfi deyil ki, ölkənin ən yüksək dağ rayonlarında belə quşlara, toyuqlara iynə vurulmadan yaşaya bilmirlər”.
“Uzun müddət broyler istifadə etmək hormonal pozuntu yarada bilər”
Qastroenteroloq həkim Habil Hüseynov da broylerlərin insan orqanizminə olan təsirlərindən danışdı. Bildirdi ki, broylerlər təkcə ölkəmizdə deyil, dünyanın hər yerində yayılmış bir qida məhsuludur: “Amma istənilən halda bildiyimiz həyət toyuq-cücəsi kimi bir şey deyil. Broylerdə bəzi hormonal preparatlar istifadə olunur. O vaxtı sadəcə toyuğun budu gətirilib satılırdı. Çünki, iynələrin çoxu ancaq buddan vurulduğuna görə ən çox bud hissəsi zərərli sayılırdı. Ədəbiyyatda bununla bağlı açığı geniş açıqlama yoxdur. Bunu sadəcə məqalə şəklində çıxan yazılardan görürük. Ona görə uzun müddət broyler istifadə etmək hormonal pozuntu yarada bilər. Çox istifadə olunması tövsiyyə olunmur”.
Dövlət Baytarlıq Nəzarəti Xidməti bu sahəyə nəzarət etmir…
Mövzu ilə bağlı rəy öyrənmək üçün Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəliyə zəng etdik. Yolçu müəllim dedi ki, sizi bu sahə üzrə mütəxəssisə yönləndirim o sizin suallara aydınlıq gətirsin. Bizə verdiyi əlaqə nömrəsinə 4-5 dəfə zəng etsəkdə cavab verən olmadı. Bundan sonra Yolçu müəllimə yenidən zəng etdik. Mövzu ilə əlaqəli adını çəkdiyi Ramiz Salmanovla danışa bilmədiyimizi bildirik. Mətbuat katibi dedi ki, o özü bu məsələni araşdırıb, bu onların sahəsi deyil: “Bunu yaxşı olardı ki, Gigiyena və Epidemiologiya Mərkəzinə və quşçuluq təsərrüfatlarının özlərilə əlaqə saxlayaraq öyrənəsiz”.
Yolçu müəllimdən onu da soruşduq ki, broylerlərə vurulan antibiotiklərə, dərmanlara kim nəzarət edir. Cavabı belə oldu: “Quşçuluq təsərrüfatları özləri vururlar. Bu haqda ancaq onlar bilir. Nə iynələr vurulur, vurulmur, bunun nə fəsadları ola bilər, bu barədə onlar danışmalıdırlar”. (Yeniavaz.com)