1418886512_saxta-baba

Hansı futbolçumuz Şaxta Baba ola bilər? – BİZİM SORĞU

Baxış sayı: 2. 768

Yeni il ərəfəsində bəzi yerli və əcnəbi futbol adamları ilə əlaqə saxlayıb Azərbaycan futbolunun şaxta babasını seçməyi xahiş etdik. Görək, kim hansı həmkarını şaxta baba obrazına uyğun görür. Beləliklə, keçirdiyimiz bu qeyri-adi sorğunu sizə təqdim edirik: 

Ceyhun Sultanov (“Sumqayıt”ın baş meneceri):

–         Boyu bir az hündür olsa, Romal Hüseynov olardı. Əsas odur ki, saqqalı və uzun saçı var. Danışmağa da yaxşıdır. Yeganə problem boy məsələsidir ki, onu da dartıb uzatmaq olar.

Elbrus Məmmədov (“Xəzər Lənkəran”ın baş məşqçisi):

–         Mən bu baxımdan Sumqayıt futbol məktəbinin yetirməsi olan Samir Abbasovun adını çəkə bilərəm. Çünki o, şaxta baba kimi soyuqqanlıdır.

Cavid İmamverdiyev (“Elazığspor”un yarımmüdafiəçisi):

–         Məncə, “Neftçi”nin və milli komandamızın müdafiəçisi Elvin Yunuszadənin şaxta babaya oxşarlığı var. Ondan yaxşı şaxta baba çıxar.

 Ilqar Qurbanov (“Qarabağ”ın yarımmüdafiəçisi):

– Mən şaxta baba obrazında komanda yoldaşım Vüqar Nadirovu görürəm.

Cüneyt Biçər (“Xəzər Lənkəran” və “Bakı”nın sabiq çalışdırıcısı): 

– Şaxta babanın saçı və saqqalı ağ olur, amma azərbaycanlı futbolçular qarabuğdayı və qara saçlı olduğundan şaxtababa obrazına o qədər də uyğun gəlmirlər. Bu baxımdan az-çox kazərda Türkiyədə çıxış edən Branimir Subaşiçi fərqləndirərdim.

Amil Ağacanov (“Simurq”un qolkiperi):

–         Bu obraz üçün komanda yoldaşım Samir Zərgərovu uyğun görürəm.

Nurlan Novruzov (“Bakı”nın hücumçusu):

– Məncə, hazırda “Qəbələ”nin uğurları üçün çalışan Cavid Hüseynov şaxtababa rolunun ən yaxşı ifaçısı olardı.

Ruslan Tağızadə (“Qəbələ”nin müdafiəçisi):

– Şaxta baba kimi Cavid İmamverdiyevi görürəm.  Onun Türkiyəyə gedəndən sonra saqqal saxlaması belə düşünməyimə səbəbdir. Bundan başqa, şaxta baba kimi rəngli, xüsusən qırmızı paltarlar geyunməyi xoşlaması da onu şaxta babaya oxşatmaq üçün əsasdır.

Kamal Bayramov (AZAL-ın qapıçısı):

–         Mənim fikirimcə, “Bakı”nın oyunçusu Cəmşid Məhərrəmovdan yaxşı şaxta baba çıxar. Demək olar ki, o, artıq babadır. Qalır onun əvvəlinə şaxta sözünü əlavə etmək.

Emin Mustafayev (“Zirə” komandasının yarımmüdafiəçisi ):

–         Mən bu obraza uyğun gələn futbolçu kimi “Simurq”un üzvü Əli Gökdəmiri görürəm. Şaxta babaya oxşar xüsusiyyətlərinin olması belə düşünməyə əsas verir. Həm xarici görünüş baxımından, həm də zarafatcıl olması səbəbindən onun adını çəkirəm. Bundan əlavə, səsinin qalın olması da şaxtababaya oxşarlığının əlamətidir.

Fərrux İsmayılov (“Bakı”nın məşqçisi):

–         Məncə, şaxta baba obrazı Samir Musayevə yaraşar.

Samir Musayev (“Qarabağ”ın məşqçisi):

–         Məncə, “Qəbələ”nin və milli komandamızın qapıçısı Kamran Ağayev ola bilər.

Amit Quluzadə (Portuqaliya “Atletiko”sunun üzvü):

–         Gülərüz olduğundan “Neftçi”nin yarımmüdafiəçisi Mirhüseyn Seyidov uyğun gəlir.

Saşa Yunusoğlu (Klubsuz):

-Bu obraza Ruslan Əmircanovu uyğun görürəm. Məncə, əgər olduqca zarafatcıl insan olan Əmircanov şaxtababa olsa, çox maraqlı yeni il gecəsi keçirmək olar. Bundan başqa, Vaqif Cavadovu da qeyd edə bilərəm. Millimizin üzvü şaxtababa olsa, onda hədiyyələr bol olacaq, çünki Cavadov çox ürəyiaçıq oğlandır. Yox, əgər Elvin Əliyev şaxtababa olsa, o zaman yüz faiz heç bir hədiyyə qazanmaq olmayacaq. İnşallah, heç kim məndən inciməz, çünki bütün bunlar bir zarafatdır.

Tural Məmmədov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir