sened

Hansı peşə sahələri üçün sağlamlıq kağızı mütləq tələb edilməlidir?

Baxış sayı: 1. 135

Bu yaxınlarda rəfiqələrimlə bir kafedə əyləşib söhbət edirdik.  Yanımızdan keçən ofisiant birdən asqırdı və əlini salfet ilə silib heç nə olmamış kimi işinə davam etdi. Təbii ki, bu situasiyanı görəndə deyinməyə başladım, onun xidmət sektorunda çalışdığını, bu tip məsələlərdə diqqətli olmağı gərəkdiyini bildirdim. Elə bu dəmdə rəfiqələrimdən biri dedi ki, tanış aşpaz var, hansı ki həkimlər ona vərəm diaqnozu qoyub, amma buna baxmayaraq, hələ də restoranda fəaliyyət göstərir. Açığı, bu fakt məni daha çox məyus etdi. Bu zaman anladım ki, bu cür faktlar varsa sağlamlığımız ciddi təhlükə altındadır. Gündəlik olaraq bir çox insanla əlaqədə oluruq, salamlaşıb, görüşürük, bu və ya digər şəkildə toxunuşlar olur. Özümüzü bunlardan qorumağa çalışarkən, bir də restoranlarda işləyən üzünü belə görmədiyimiz insanların bizə hansısa virusu ötürdüyünü düşünmək çox üzücüdür.

Düzdür, sağlamlıq kağızı ölkəmizdə bir çox müəssisələrdə işə düzələrkən tələb edilən sənədlərdən biridir. Amma bunu da etiraf etməliyik ki, bir çox hallarda həmin sənədi insanlar müəyyən pul qarşılığında heç bir yoxlanışdan keçmədən də alırlar. Məsələnin, önəmliliyini nəzərə alaraq sosial şəbəkədə kiçik bir sorğu keçirdərək sağlamlıq kağızının hansı peşə sahibləri üçün daha vacib olduğunu öyrəndik. Cavablar içərisində nəqliyyat, restoran, təhsil sahəsində çalışanlar üstünlük təşkil edirdi. Restoran işçiləri isə xüsusilə vurğulanırdı.

 

Maraqlıdır, hansı peşə sahələri üçün sağlamlıq kağızı mütləq şəkildə tələb edilməlidir və onların müntəzəm olaraq müayinədən keçməsinə necə nəzarət olunmalıdır?

 

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynlinin sözlərinə görə ilk olaraq xəstəliyin kateqoriyasına və insanın hansı peşə sahəsində işləməsinə fikir vermək lazımdır: “Sağlamlıq kağızı bütün peşələr üçün tələb olunmalı bir sənəddir. Amma konkret olaraq xidmət sektorunda çalışanlar üçün daha çox önəmlidir. Çünki bu sahə elədir ki, orada çalışan şəxslər gün ərzində minlərlə insanla təmasda olurlar. Məsələn, sürücülər gündəlik tibbi müayinə ilə yanaşı, 6 aydan bir ciddi yoxlanışdan keçməlidirlər. Tutaq ki, bir sürücü vərəm xəstəsidir. Hər kəsə bəllidir ki, bu xəstəlik hava, damcı yolu ilə yayılır. Demək ki, həmin sürücünün olduğu məkanda hər kəsin bu xəstəliyə yoluxma riski var. Ona görə bu məsələyə ciddi yanaşmaq mütləqdir. Burada xəstəlik kateqoriyasına və insanın hansı peşə sahəsində işləməsinə fikir vermək lazımdır. Misal üçün, dönər satışı ilə məşğul olan birinin gözünün görmə dərəcəsinin nə qədər olmağı elə də vacib deyil, amma onun hansısa virus daşıyıcısı olmağı təhlükəlidir. Ona görə insanların işini asanlaşdırmaq üçün hansı peşə sahibinin hansı müayinədən keçməli olduğu müəyyənləşdirilməlidir”.

Ekspert bu sahədə formallığın qarşısını almağın yollarından da danışdı: “Bu məsələyə nəzarəti işəgötürən qurum həyata keçirməlidir. Həmin işəgötürənlərə isə Gigiyena və Epidemiologiya Mərkəzi (GEM) nəzarət etməlidir. Düşünürəm ki, bu sahədə olan formallığın qarşısını almaq üçün müəyyən cərimə və sanksiyalar tətbiq edilməlidir. Məsələn, yoxlamalar aparılmalı və hansısa iaşə obyektində virus daşıyıcısı işçi aşkarlandısa, həmin obyektin sahibi böyük məbləğdə cərimələnməlidir. Bu zaman o, işinə məsuliyyətlə yanaşacaq və işçini işə götürən zaman ondan mütləq şəkildə sağlamlıq kağızı istəyəcək. Bundan başqa, yoxlanış zamanı əgər sahibkara təqdim edilən sağlamlıq kağızı saxta çıxarsa, onda həmin kağızı verən orqan cərimələnməlidir. Düşünürəm ki, yalnız bu halda formallığın qarşısını almaq olar”.

 

İnsan Resursları üzrə mütəxəssis Cabir Süleymanlı bildirir ki, hansı peşə sahiblərindən sağlamlıq kağızı tələb edildiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 3 yanvar tarixli, 1 nömrəli qərarı təsdiqlənmiş siyahıda qeyd edilib: “Həmin sənəddə bütün peşələrin adı göstərilib. Amma xidmət sektorunda çalışanlardan birmənalı olaraq sağlamlıq kağızı tələb edilməli və eyni zamanda onlar mütəmadi olaraq yoxlanışdan keçməlidirlər. Amma təəssüf ki, bir çox insanlar saxta sağlamlıq arayışı alır. Düşünürəm ki, ilk olaraq bu formallığı aradan götürmək lazımdır. Ya Səhiyyə Nazirliyi ciddi nəzarət etməlidir, ya da yeni bir qurum yaradılmalıdır ki, sırf bu işə baxsın”.

 

“Street Food” restoranın rəhbəri Fuad Ağayev deyir ki, əgər işçi saxta sağlamlıq kağızı təqdim edirsə, bu məqamda sahibkarın edə biləcəyi heç nə yoxdur: “İşəgötürmə prosesi şəxsən öz nəzarətimdədir və bütün işçilərdən də sağlamlıq kağızı tələb edirəm. Çünki həmin şəxsdə elə bir xəstəlik ola bilər ki, ilk olaraq digər işçilərə, sonra müştəriyə keçə bilər. Digər tərəfdən, bu, sahibkar kimi mənim üçün də riskli ola bilər. Əgər işçinin iş prosesində halı pis olarsa və ya ürək tutması baş verərsə, məsuliyyət mənim üzərimə qalar. Ona görə əvvəlcədən sağlamlıq haqqında sənəd tələb edirəm. İşin saxtakarlıq tərəfinə gəlincə isə bu, artıq mənim nəzarət edə biləcəyim bir nüans deyil. Məsələn, əgər işçinin səhhətində nə isə bir problem olduğu bilinərsə, bu, artıq ona həmin kağızı verən qurumun məsuliyyətində olacaq. Bu məqamda sahibkar kimi mənim edə biləcəyim bir iş yoxdur”.

 

Günel Azadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir