aile büdcəsi

Hansı üsullarla büdcəmizə qənaət edək?

Baxış sayı: 2. 462
İndi Azərbaycan insanı üçün bir nömrəli qayğı qənaət prinsipinə riayət etməkdir. Nəyi necə edək ki, aylıq büdcəmizə ziyan dəyməsin? Onsuz da hədsiz bahalaşmanın fonunda insanlar qənaət üçün ağlasığmaz üsullara baş vururlar. “Yeni Müsavat” da mövzunun aktuallığını nəzərə alıb,  bu günə qədər ən geniş yayılan qənaət üsulları barədə arayış hazırlayıb. Nədən, necə başlayaq? 
Öncə, təbii ki, su məsrəfləri. Son olaraq su qiymətində bahalaşma insanları bu sahədə qənaətə sövq edəcək. Amma necə?

Suya belə qənaət edək…
Paltaryuyan maşın bir istifadədə 176 litrə yaxın sudan istifadə edir. Maşınınızı hər gün yox, həftədə bir dəfə işlədib ildə 9 ton suya və beləcə su xərclərinə qənaət edin. Paltarları yığıb birlikdə yuyun.
Dişlərinizi fırçaladıqda və təraş zamanı kranı bağlayın. Bunu etməyənlər ildə adambaşına 12 ton su israf edir. Bu, 4 nəfərlik ailədə 48 ton suya bərabərdir.
Evdə hər kəs üçün təkcə 1 su stəkanı müəyyənləşdirin və hər dəfə su içərkən fərqli stəkanı çirkləndirməyə məcbur qalmayın. Artıq çirkli qab-qacaq artıq su sərfiyyatı deməkdir.
Meyvə və tərəvəzləri su dolu qabın içərisində yumağa üstünlük verin. İldə orta hesabla 18 ton suya qənaət etmiş olacaqsınız.
Güllərinizi və həyətinizi sulamaq üçün günün sərin saatlarına üstünlük verin. Buxarlanma ilə suyun böyük hissəsini itirməmiş olacaqsınız.
Eviniz, ev seçiminiz, eləcə də mətbəx məsrəfləriniz üçün də maraqlı çıxış yolları var.
İşiniz, uşağınızın məktəbi, market kimi tez-tez getdiyiniz yerlər evinizə nə qədər yaxındırsa, o qədər qənaət etmiş olacaqsınız.
Oxuyursunuzsa, tələbə evini bir otaq yoldaşı ilə bölüşmək həm sosial baxımdan yaxşı bir təcrübə olacaq, həm də kirayə pulunu yarıya böləcəksiniz.
Ev alan zaman gün düşən yerdən olmasına diqqət edin. Belədə ev daha asan isinəcək.
Keçək mətbəx məsrəflərinizə
Bazarlıq edərkən ehtiyacınız qədər almağa çalışın. 5 kilosu bir kilodan daha ucuz başa gəldiyi üçün aldığınız ərzaqlar evdə çox qaldıqda, adətən, xarab olub atılır.
Göyərtilər kimi tez xarab olan şeyləri yuduqdan sonra soyuducuda saxlayın. İstifadə edəcəyiniz qədərini istifadə edin.
Evdə öz içkilərinizi özünüz hazırlamağa çalışın. Ayran, limonad, meyvə şirəsi kimi içkiləri özünüz də daha aşağı qiymətə hazırlaya bilərsiniz.
Ac olduğunuz vaxtlarda qətiyyən bazarlığa getməyin.
Aldığınız çörəklər artıq qalırsa, səhər yeməyində omlet yerinə yumurtalı çörək bişirə bilərsiniz.
Qabyuyan maşının parıldadıcılar bölməsinə bir az sirkə əlavə edərək parıldadıcı vasitələrin xərcindən xilas ola bilərsiniz.

Yaxşı, bəs elektrik enerjisi? Ona necə qənaət edək? 
Dondurucudan çıxardığınız bir kasa dolusu buzu soyuducunuzun ortasında yerləşdirin. 100-də 5 faiz daha az enerji sərf etmiş olacaqsınız.
Geniş soyuducular kiçik olanlarla müqayisədə daha az enerji sərf edir. Ehtiyacınız olan böyüklükdə bir soyuducu alın.
Soyuducuya ərzaqları isti halda qoysanız, soyuducunun soyutma işi daha çox enerji israfına səbəb olacaq. Həmçinin soyuducuya tez-tez isti şeylər qoymaq soyuducunu sıradan çıxardığı üçün əlavə böyük xərcə də düşə bilərsiniz.
Sobanın qapağı bişirmə zamanı hər dəfə açıldıqda o, 20% istilik itirir. Bu da əlavə elektrik enerjisi itkisi deməkdir.
Lampalarınızın tozunu tez-tez alın. Tozlanan lapmalar işığın 50%-ni yayır, digər 50% israf olunur.
Soyuducunu hər dəfə açan zaman içəridəki soyuğun 30%-i çölə çıxır. Nə götürəcəyinizi əvvəlcədən planlaşdırın, daha sonra soyuducunun qapağını açın. Bütün bunlar birləşdikdə elektrik xərclərinə qənaət etmiş olacaqsınız.

Alış-veriş və yeməklə bağlı qənaət prinsipi

Mağaza və yaxud bazara getməmişdən öncə lazım olan məhsulların siyahısını tərtib edin və mümkün qədər bu siyahıya əməl etməyə çalışın. Bu yersiz, lazımsız məhsulları almaqdan sizi çəkindirəcək.
Dəqiqliklə hazırlanmış menyu böyük məbləğdə pul qənaət etməyə kömək edəcək. Növbəti günlər ərzində nə yeyəcəyinizi və bu yemək üçün hansı ərzaqların lazım olacağını müəyyən edin. Beləliklə soyuducunuzda daim təzə və dadlı yemək olacaq və bu sizi “bu məhsullar xarab olmadan onlardan nə hazırlayım?” kimi suallardan xilas edəcək.
Sağlam qidaya müraciət etmək. Bu zaman tərəvəzlər, şorbalar, yumurtalar və sıyıqlardan daha çox istifadə edə bilərsiniz. Bütün bunlar ailə büdcəsi ilə yanaşı, sağlamlığınızı da qoruyacaq.
Qısa qəlyənaltılardan imtina edib gün ərzində 5 dəfə yemək ən yaxşısıdır. Çipslər, suxarilər və peçenyelər yalnız sağlamlığa və büdcəyə ziyan vurur. Onlardan istifadə onsuz da aclığın öhdəsindən gəlmir.
Yayda tənbəllik etməyin və özünüzə mürəbbə və müxtəlif turşular hazırlayın. Bunlar ucuz başa gəlməklə yanaşı, həm dadlı, həm də faydalıdır. Soyuducu barədə unutmayın və onların saxlanma qaydasına riayət edin. Bununla onların faydalılıq və dad keyfiyyətlərini qoruyub saxlaya bilərsiniz.

Qızıl kimi məsləhətlər – əməl edin və qazanın

İstənilən məhsul və malları yalnız siyahı əsasında alın, dəqiq sizə nə lazım olduğunu müəyyən etməmiş bazara getməyin. Belə də siz lazımsız məsrəflərdən qurtulmuş olacaqsınız, bəzən bizə xırda-para görünən bu xərclər sonda iri bir məbləğin əldən çıxmasına səbəb olur. «70% endirim» kimi reklam yazılarına inanmayın, axı siz bundan ötrü alış-verişə çıxmamısınız. Axı belə sadəlövh metodlar ilə satıcılar sadəcə öz anbarlarında qalmış mallarını «müştərilərə sırıyır» və bununla da qazanc əldə edirlər.
“Business Insider” saytının araşdırmasında isə qənaətin daha  praktik üsulları yer alıb. Onlara nəzər yetirək:
1. Evdə yemək hazırlayın.  Axşam yeməyini restoran-kafedə yemək sizin məsrəflərinizi artırır.
 
2. Soyuducu və meyvə-tərəvəz qablarınızı tez-tez təmizləyin. Bir kənara qoyub unutduğunuz ərzaqları daha sonra çox “gizli” köşələrdən tapa bilərsiniz.
 
3. Sistemli olaraq satın aldığınız, ehtiyacınız olan  məhsulları topdan almaqla qənaət etmiş olacaqsınız.
 
4. Təzə məhsullar, tərəvəzlər olduğunu nəzərə alıb, konservləşdirilmiş məhsullar almayın. Onlar daha baha qiymətə olur.
 
5. İş yerinə evdən yemək aparın. Bu halda nahar məsrəflərini yarı-yarıya azalda bilərsiniz.
 
6. Kiçik butulkada su almayın. Onun əvəzində evə iri qablarda su alın və onu kiçik butulkaya dolduraraq gündəlik istifadə edin.
 
7. Aylıq xərclərinizi yazılı şəkildə təqib edərək nəyə boş yerə pul xərclədiyinizi tapa bilərsiniz.
 
8. Özünüzə hədəf qoyun. Müəyyən zaman kəsimi üçün özünüzə hansısa məbləğ çərçivəsində pul yığma hədəfi qoysanız, pulunuzu lazımsız şeylərə xərcləməkdən də qaçmış olacaqsız.
 
9. Keyfiyyətli mal alın. Hər 6 ayda bir ucuz bir ayaqqabı almaq yerinə keyfiyyətli, amma bir qədər baha olan ayaqqabı almaq daha məqsədəuyğun olacaq.
 
10. Pul yerinə zamanla düşünün. Əgər saatda 5 manat qazandığınız bir işdə işləyirsinizsə, heç vaxt bir stəkanı 5 manat olan kofe almayın. Bu halda özünüzə təlqin edin ki, sizin bir saatlıq işiniz 1 stəkan kofeyə bərabərdir.
 
11. Əyləncə xərclərinizi azaldın. Kefiniz üçün etdiyiniz xərcləri topdan kəsmək yerinə onları bir qədər sərhədləndirin. Məsələn, həftədə bir dəfə kinoya gedirdinizsə, bundan sonra ayda bir dəfə gedin.
 
12. Maaşınızın yarısını kənara qoyun. Bununla da qənaət sisteminə daha çox alışmış olacaqsınız.
 
13. Kartınızın minimum borcu yerinə bütün borcunu ödəyərək, faiz ödəməkdən qurtula bilərsiniz.
 
14. İnternet hesabınız vasitəsilə bütün kommunal xərclərinizi avtomatik ödəyin. Bununla da gec ödəmə cəzalarından, faizindən qurtulmuş olacaqsız.
 
15. 50 manatdan daha bahalı bir məhsulu satın almadan öncə iki gün gözləyin. Bu müddətdə fikrinizi dəyişdirə bilər və ya məhsulu tamamən unuda bilərsiniz.
 
16. Cib telefonunuzun tariflərini dəyişdirin və daha az pul xərcləyin. İnternet sizə ancaq işdə lazım gəlirsə, internet paketi ləğv edin.
 
17. Kitab və DVD satın almaq yerinə kitabxanalara getmək daha məqsədəuyğundur. Bu halda pul ödəmədən mütaliə zövqü yaşamaq mümkündür.
 
18. İkinci əl əşyalar alın. Xüsusən də geyimlərinizi ikinci əl mallar satılan dükandan seçsəniz, xeyli qabağa düşmüş olacaqsınız.
 
19. İnvestisiya qoymağı öyrənin. Əlinizdə lap kiçik miqdarda pul olsa belə, bunun sizə gəlir gətirəcəyini unutmayın.

Maşınınız varsa, bunu mütləq oxuyun

Qənaət məsələsində maşın sahiblərini də unutmamaq lazımdır. Belə ki, benzinə qənaət etməyin yolları da var və bu, ekspertlər tərəfindən müəyyənləşdirilib. Araşdırmalara görə, sürücülər bəzi tövsiyələrə əməl etdikdə yanacaq sərfinə 40 faiz qənaət edə bilərlər.
Bəzi sürücülər avtomobilin yanacaq sərfinin yalnız modelindən və texniki göstəricilərindən asılı olaraq artıb-azaldığını düşünürlər. Ustalar deyir ki, sürücülər bəzi qaydalara əməl edərsə yanacağa 40 faizədək qənaət edərlər.
Yanacaq sərfi avtomobil tıxacda olduğu zaman artır. Ancaq sürücülər belə vəziyyətdə də qənaət edə bilərlər. Bunun üçün qarşıdakı avtomobillə ara məsafəsini elə saxlamaq lazımdır ki, tez-tez əyləci sıxmağa ehtiyac qalmasın. Sürəti tədricən azaltmaq və tədricən artırmaq lazımdır.
Yanacağa qənaət etməyin digər bir yolu avtomobilin hava süzgəclərini təmiz saxlamaqdır.
Kondisionerdən istifadə də maşının yanacaq sərfinə təsir göstərir. Kondisioner işlətmək yanacaq sərfini şəhər kənarında 3-4, şəhər içində isə 10 faiz artırır.
Qış fəslində kondisioner əvəzinə peçi qoşun. Peç benzin aparmır və motorun qızması hesabına işləyir. Ona görə də fikir verin ki, A/C-nın göstəricisi qoşulu olmasın. Bəzi avtomobillərdə A/C qızdırıcını işə salanda avtomatik qoşulur. Onu söndürsəniz, peçə keçmiş sayılır.
 
Sevinc TELMANQIZI



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir