Qədimdə porfiriya xəstəliyinə tutulanları qana bulanmış təəssüratını yaradan qırmızı dişləri, halqa şəklində əyilmiş barmaqları, eybəcər şəklə düşmüş qurumuş dodaqlarına görə vampirlərə bənzədirdilər. Onlar gün işığından qorxduqları, yalnız axşam vaxtı küçəyə çıxdıqları üçün ətrafdakılara şübhəli görünürdülər. Xəstəliyin ağırlaşması nəticəsində xəstədə müşahidə olunan psixi pozuntular və qeyri-adekvat davranış isə ətrafdakıları daha çox qorxudurdu. Bu səbəbdən də bu xəstəliyin qurbanları günahsız olaraq təqib olunurdular.
Hesab olunur ki, qulyabani və vampirlər haqqında əfsanələr porfiriya xəstəliyi əsasında formalaşıb. Qədimdə bu xəstəliklərdən əziyyət çəkənləri təhlükəli olduqları üçün ya asır, ya da yandırırdılar. 1520-ci ildən başlayaraq yalnız Fransada qulyabani hesab olunan 30 min insan öldürülüb. Müasir alimlər hesab edir ki, qulyabani ovuna çıxanlar xeyli günahsız və xəstəliyi olmayan insanları öldürüblər. Belə ki, vampir olduqları üçün cəzalandırılan insanlar əslində porfiriya (yunan dilində “porphyros” tünd-qırmızı) adlanan nadir genetik xəstəlikdən əziyyət çəkirdilər. Bu xəstəliyin yayılmasına səbəb isə yaxın qohumların arasında nikahların bağlanması idi. Porfiriya xəstəliyi təxminən 1000 il bundan əvvəl daha çox Transilvaniyanın kiçik kəndlərində yayılmışdı.
Terapevt Orxan Babayevin sözlərinə görə, porfiriya dəri xəstəliyidir: “Bu xəstəliyin qurbanları gün işığına çıxdıqda dözülməz ağrıları başlayır. Onlar günəş şüalarından gizlənməyə məcburdurlar. Günəş şüaları altında olarkən tez bir zamanda dərinin müxtəlif nahiyələrində köpüklər, səpkilər əmələ gəlir. Dəri sanki “yanmağa” başlayır, ağrı hiss olunur”.
Statistikaya görə, bu nadir genetik patologiyadan hər 200 nəfərdən biri əziyyət çəkir. Bu xəstəlik irsi keçir. Valideynlərdən biri xəstədirsə, 25 faiz hallarda bu gen uşağa da keçəcək. Genetik xüsusiyyətlərdən başqa insanın həyat tərzi də vacib rol oynayır. Belə ki, xəstəliyin daşıyıcısı olan genə sahib insanların 85 faizi onlarda bu xəstəliyin olduğundan xəbərsiz yaşayırlar. Dəridə olan səpkilərisə belə adamlar adi allergiya kimi qəbul edirlər.
Həkimin dediyinə görə, elə hallar var ki, onlar xəstəliyi qıcıqlandıra bilər: “Belə ki, stress, bəzi dərman vasitələrinin qəbulu, ağır pəhrizlər, zərərli, kimyəvi maddələrlə işləmək, qadınlarda aybaşı və hamiləliklə əlaqədar hormonal vəziyyətinin dəyişməsi, infeksiyalı xəstəliklər (xüsusilə də hepatit C), spirtli içkilərin qəbulu bu xəstəliyin inkişafına səbəb ola bilər. Bu xəstəlikdən əziyyət çəkənlər xəstəxanaya adətən qarınlarında kəskin tutma şəklində ağrılardan şikayətlə daxil olurlar.
Onlarda ürəkbulanma, qusma və qəbzlik də müşahidə olunur”. Çox vaxt bu xəstəliyə düzgün diaqnoz qoyulmadığını deyən həmsöhbətimizə görə, səhv diaqnozun qoyulması və müalicəsi nəticəsində porfiriya xəstəliyinə tutulanların 60 faizinin həyatı faciəli şəkildə bitir.
Qeyd edək ki, porfiriya xəstəliyinin kəskin formasında dodaq və damaq ətrafındakı dəri quruyur. Dodaqlar damağa qədər yığılır və dişlər görünür. Dişlərin üstündə porfirin maddəsi yığılır və dişlər qırmızımtıl rəng alır. Bədənin və üzün dərisi nazilir, günəş şüalarının təsiri nəticəsində partlayır, dəridə yaralar və çapıqlar yaranır. Xəstəlik qığırdaq, qulaq və burnu zədələyir. Barmaqlar halqa şəklində əyilir. Gün işığı bu xəstələrə əzab verir. Belə ki, məhz gün şüalarının nəticəsində hemoqlabin parçalanır və porfirinlər artır. Bu səbəbdən də porfiriyadan əziyyət çəkənlər alatornalıq və gecə vaxtlarda küçəyə çıxa bilirlər. “Xəstəlik müalicə olunmasa, ağırlaşdıqca, xəstənin psixikasında dəyişikliklər başlayır. Bu insanlar psixi pozuntulardan, aqressiv və qeyri-adekvat davranışdan da əziyyət çəkir”.
Terapevtin dediyinə görə, bu nadir xəstəlik zamanı hemoqlobin düzgün sintez olunmur. Nəticədə orqanizmdə toksik maddələr – porfirinlər yığılır. “Porfirinlərin hədsiz çoxluğu bütün orqanizmə toksik təsir edir. Patoloji vəziyyətlərdə eritrositlərdə porfirinlərin miqdarı 10-15 dəfər çoxalır. Qaraciyərin funksiyasının pozulması nəticəsində porfirinin öd ifrazına çevrilməsi və zərərsizləşdirilməsi azalır. Bu porfirinlərin artmasına gətirib çıxarır. Gün şüalarının təsiri altında porfirinlər daha da artır. Bu səbəbdən də bu xəstəlikdən əziyyət çəkənlərdə gün şüalarına qarşı həssaslıq müşahidə olunur”.