empatiya

Haqqımda nə deyərlər?

Baxış sayı: 1. 731

İnsanların əksəriyyəti gündəlik yaşamlarında verəcəkləri qərar və edəcəkləri hərəkəti yüz ölçüb bir biçərək yaşayır. Ətrafdakı insanların fikri, “o nə deyər”, “bu, haqqımda nə fikirləşər” kimi rahat buraxmayan suallar əksər insanların gündəlik həyatına da mənfi təsir göstərir.

Kimlərinsə fikri üzərində həyat qurmaq və sırf əhalinin nəsə deməməsi üçün istəklər və arzulardan keçmək isə hər adamın bacara biləcəyi bir iş deyil. Elə buna görə də, ətrafdakıların fikrinə diqqət edənlər heç də rahat həyat yaşamırlar. Bir müddət sonra digərlərinin psixoloji asılılıq yaradan rəyi artıq insanı onların istəyi üzərinə yaşamağa vadar edir. İnsanlar bunu “palaza bürün, ellə sürün” kimi qəbul etsələr də, əslində bu hal sindrom hesab olunur. Üstəlik insanlar arasında geniş yayılmış ən böyük sindrom. Bu, empatiya sindromu adlanır. Hər 5 insandan 4-də rast gəlinir. Xüsusən qadınlar arasında geniş yayılıb. Empatiya fərdin həyatında öz seçimlərini etməkdən məhrum olduğu və başqalarının düşüncələrinə əsaslanaraq öz həyatını qurmağı, nizamlamağı ilə müşahidə edilən psixoloji bir narahatlıqdır. Həddən artıq empati sindromlu şəxs hər addımında özünü qarşısındakının yerinə qoyur. Şəxsin eqoizmi bu zaman minimum səviyyəyə enir. Başqalarını düşünərək addım atdığı üçün belə insanlar bu hərəkətləri ilə rahatlığa qovuşacaqlarını düşünürlər. Bu, bir növ öz şəxsiyyətindən imtina edib başqaları üçün yaşamaqdır.

Psixoloq Günel Mərdanovanın sözlərinə görə, empatiya özümüzü qarşımızdakı bir və ya bir neçə insanın yerinə, mövqeyinə qoyub onların keçirdikləri hisslərə və düşündükləri fikirlərə yaxınlaşmaq, özümüzlə müqayisə etməkdir. Bu gün cəmiyyətimizi diqqətlə izlədikdə empatiyanın geniş yayıldığını görürük. Xüsusən yaşlı nəsil ilə gənc nəsil arasında yaranan toqquşma elə buna əyani sübutdur: “Empatiyalı insan öz həyatından imtina etmiş insandır. Onun üçün nənənin, babanın, dayının, qonşunun və daha uzaq əqrabaların fikri daha önəmlidir. Heç kimin heç nə deməməsi üçün şəxsiyyətin özünü itirib bir başqalaşması və özünün real həyatını yaşamaması empatiyadır. Bəzən analar öz övladlarını bu yola sürükləyir. Artıq bir empatiyalı insan ikincisinə təsir etmiş olur. Cəmiyyətdə filankəs fikri formalaşır. Filankəs nə deyər, necə düşünər. İnsan öz hərəkət və işlərini filankəslər üzərindən qurmağa başlayır ki, bu da nəticənin əksərən uğursuz olması ilə nəticələnir”.

Qadın-kişi münasibətlərində də empatiyanın rolu çox vacibdir. Hamı bilir ki, qadınlar və kişilər arsındakı dünyanı dərketmə və hadisələrə yanaşma tərzi fərqlidir. Bu fərqin də kökündə onların beyinlərinin sağ və sol yarımkürələrinin qarşılıqlı əlaqəsi yatır. Psixoloji təcrübələrlə də sübut olunub ki, qadınlar beyinlərində daha çox seçim yaradırlar. Qadınlar hətta ən bəsit seçimlərdə belə onlarla insanın rəyini almağa hazır olur. Kişilər üçün isə bu, elə də önəmli deyil. Kişilər məsələyə ya “hə”, ya da “yox” deyə yanaşırlar. Odur ki, empatiya və qarşılıqlı ünsiyyət sayəsində qadın-kişi münasibətlərində də sağlamlıq təmin oluna bilər. Bəzən isə sağlamlıq təmin olunmur və empatiya ailə problemlərinin yaranmasına səbəb olur.

Psixoloq deyir ki, empatiya həm də eyniləşdirməkdir. İnsan özünü başqasının yerinə qoyub onun yaşadıqlarına ondan çox reaksiya verir. Özünü digər insanla eyniləşdirmə və onun həyatına qarışma empatiyanın demək olar ki, əsasıdır: “Bu cür insanlar öz həyatlarını demək olar ki, unudur. Başqasının yerinə həyəcan, təlaş, sevinc keçirir. Addımlarını ona görə nizamlayır. Sindromun səbəbləri insanın şəxsiyyətinin tam inkişaf edə bilməməsi, özü və gələcəyi haqqında məsuliyyət daşıya biləcək şüurluluq dərəcəsinə çata bilməməsi, cəmiyyət içərisində öz yerini tuta bilməmək, insanlara özünü qəbul etdirə bilməmək, sevilmək ehtiyacı, faydalı olduğunu hiss etmə ehtiyacı, özünə sevgi ehitiyacıdır”.

Araşdırmaların nəticəsində məlum olub ki, körpələr digərlərinin fikirlərini empatiya vasitəsilə oxuya bilir. Araşdırmalara görə, 18 aylıq uşaqlar digər insanların fikirlərini anlayır və əksər hallarda buna reaksiya da verirlər. Verdikləri reaksiyalar böyüklər tərəfindən əksərən başa düşülmədiyindən onların bu həssaslığını da nəzərə alan olmur. Araşdırmalar göstərir ki, 18 ayını tamamlamış uşaqlar etdikləri hərəkətləri böyüklərin üzünə baxaraq edir və sanki valideynin reaksiyasını gözləyir. Onun xoş və ya narazı ifadəsinə uyğun olaraq əhvalı da dəyişir.

Empatiya gənclər arasında da geniş yayılıb. Qarşıdakı insanın istəkləri üzərində hərəkət etmək ona hörmət əlaməti sayılsa da, əslində bu, empatiyadır. “O nə deyər” düşüncəsi ilə hərəkət və davranışlara məhdudiyyət qoymaq və zamanla o insanla eyniləşmək əksər gənclərdə mövcuddur.

Empatiyadan qurtuluş mümkündür. Yetər ki, bunu insan özü istəsin və onunla mübarizə apara bilsin. Müsahibimiz empatiyadan qurtuluşun yolunu kimsənin fikrini almamaqda görür: “İnsan rahat yaşamaq üçün sadəcə öz fikirləri və qərarları üzərinə hərəkət etməlidir. Hesab verməmək, başqasının düşüncəsi üzərinə həyat qurmamaq gələcək həyatı da asanlaşdırır. İfrat dərəcədə bir başqası ilə eyniləşmək empatiyanı çıxılmaz hala salır və qurtuluşu da çətinləşir.

 

Günay Ramizqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir