“Gencaile.az” saytının artıq ənənə halını alan və hər həftənin bazar ertəsi oxucularına təqdim etdiyi “Harda nə yeyək?” rubrikasında bu dəfə İslandiya mətbəxi haqqında danışacağıq.
İslandiya mətbəxi ölkənin ada dövləti olması və ən əsası torpaqlarının o qədər də əlverişli olmaması səbəbindən o qədər də zəngin deyil. Mətbəx əsasən qurudulmuş və təzə balıq ətindən hazırlanan məhsullardan, həmçinin süddən ibarətdir. Balıqdan hazırlanan yeməklər islandların ənənəvi milli yeməyi hesab edilir. Yerli əhalinin plokkfiskur və hakarl adlandırdığı balıq yeməkləri ən populyarlarındandır.
Bundan əlavə, balina əti də islandların ən sevdiyi ət növlərindən biridir. Bu ölkəyə səfər edənlər əksər restoranlarda balina ətindən hazırlanmış yeməkləri dada bilərlər. Həmçinin at ətinə də demək olar ki, bütün restoranlarda rast gəlmək mümkündür.
İslandiya mətbəxi kasıb olsa da, sağlam hesab olunur. Ölkədə bəslənən heyvanların təbii məhsullarla qidalanmasından dolayı yerli mətbəxdə geniş şəkildə istifadə olunan quzu əti həm sağlamlıq üçün faydalıdır, həm də çox dadlıdır.
İslandiya kulinariyasında şirniyyatlar da əsas yerlərdən birini tutur. Skyr adlanan duzsuz pendirlə qarışdırılan kremdən hazırlanan yaban çiyələyi yerli əhalinin ən sevdiyi şirniyyatlardan hesab olunur. Həmçinin randalin adlı şirniyyat növünü də qeyd etmək olar.
İslandiya mətbəxi haqqında danışırıqsa, brennivin adlanan içki növünü mütləq qeyd etməliyik. Bundan əlavə, qulla adlı pivənin də adını çəkməliyik.
Aydan Kərimli