“Gencaile.az” saytının xarici ölkələrin mətbəxlərindən nümanələr təqdim etdiyi “Harda nə yeyək?” rubrikasında növbə Yaponiyanındır.
Gündoğan ölkədən danışırıqsa, heç nə yaxşı hazırlanmış suşi rolları və tofu qədər Yaponiya barədə gözəl təəssürat yarada bilməz… Əgər siz suşi pərəstişkarısınızsa, onda siz yapon mətbəxindən böyük zövq alacaqsınız! Yapon mətbəxinin ən məşhur yeməyi – suşi indi dünyanın istənilən ölkəsində təklif edilsə də, onların heç biri yaponların əllərindən hazılanmış qədər ləziz ola bilməz. Yeri gəlmişkən, Yaponiya mətbəxinin bütün gözəlliyi dəniz məhsulları ilə bitmir. Oraya gedən turistlərin çoxu qastronomiya turlarında iştirak edə bilər. Qeyd etmək lazımdır ki, yaponlar yemək zamanı yeməyin dadından, görünüşündən danışmağı sevir. Siz yemək vaxtı bir dəfə də olsa, “dadlıdır” sözünü deməsəniz, onlar sizi mədəniyyətsiz insan hesab edəcəklər. Bundan əlavə, yeməklərdə istifadə etdikləri “Chopstick” yəni, taxta çubuqlar ildə 24 milyard cüt istehsal olunur.
Yaponlar yemək baxımından, bəlkə də, ən qəribə dadları ilə öyünmək haqqına sahibdir. Götürək, elə dondurmanı. Əgər siz qeyri-adi dondurmalar dadmaq istəyirsinizsə, onda Yaponiyaya getmək lazımdır. Məsələn, indi böyük məmnuniyyətlə yeyilən qəhvəli və peçenyeli dondurmalar bir vaxtlar qeyri-ənənəvi dad sayılırdı. İndi isə günün 24 saatı açıq olan yapon mağazalarından tərkibində at əti, toyuq, pivə, kaktus və kerri krabı, dəniz ilbizi və s. bu kimi qəribə dadlar olan dondurma ala bilərsiniz. Əgər bu dadların heç biri sizi qane etmirsə, onda özünüzə adi “Kit-kat” şokoladı alın.
Aytən