qadin

“Hardan biləydim ki, ata evindəki döyülmələr ər evindəkinin yanında heç nə olacaq?”

Baxış sayı: 1. 200

“Ona nəsə deyəndə çıxış yolunu vurmaqda görürdü. Cümlələrinin başında da söyüş idi, sonunda da. Saçımdan tutub sürüyürdü. Yumruqla döyürdü məni. Döymək deyəndə kimsə fikirləşər bəlkə bir şillə vurub, amma yox, elə döyürdü ki, elə bil qarşısındakı qadın yox, kişidi”.

Aytən (ad şərtidir) hekayəsini danışarkən çox həyəcalanır, sağ əli ilə sol barmağının sədəfini qaşıyır, zaman-zaman dayanır, kövrəlir, ağlayır. Sürətlə göz yaşlarını silib, danışmağa davam edir.

qadin

Danışmaq onun üçün çətindir…

Amma 28 yaşlı Aytən danışır, danışdıqca qəhərlənir, son davada sınan dişlərinin yerini göstərir, hönkürür. Onun 3 dişi həyat yoldaşının yumruğuna tab gətirməyib.

Həyat yoldaşları tərəfindən döyülən qadınlar bir çox hallarda hüquq mühafizə orqanlarına müraciət etməkdən çəkinirlər, hüquq müdafiəçiləri deyir.

zorakiliq

Hər şey “sevgidəndir”

Aytən 2 dəfə evli olub, 3 uşaq anasıdır. İlk evliliyi zamanı da, ikinci evliliyi zamanı da həyat yoldaşından zorakılıq görüb. Söhbət zamanı ilk evliliyindən çox danışmır.

Bircə bir oğlunun olduğunu və ilk həyat yoldaşına ailəsi tərəfindən “verildiyini deyir”.

“Pis vərdişləri var idi, ona görə ayrıldıq”, deyir.

İkinci evliliyi isə fərqlidir. Bu dəfə Aytən sevərək evlənib.

“İş yerində tanış olduq, çox yaxşı insan idi. Ailəsi gəldi, üzük taxdılar. Amma atam mənə dedi ki, yaxşı fikirləşim. Anamla xalam deyirdi ki, gözlərindən, üzündən oğlanın nə işlə məşğul olduğu görünür. Deyirdim ki, insandır da, çoxunun gözləri elədir. Heç kimi dinləmədim. O vaxt gözümü nələrsə örtmüşdü, heç kimi sevməmişdim o yaşıma kimi”.

Aytən deyir ki, bir müddət sonra sevdiyi adam ona birgə yaşamağı təklif edib və nikah etməyə maddi imkanının olmadığını bildirib.

“Mənə dedi, razılaşmasam özünə bir şey edəcək və məsuliyyəti mənim ailəmin üstünə atacaq ona görə də onunla getdim. Bilirdim ki, onunla getsəm ailəm məni siləcək. Anam demişdi ki, onunla getdinsə, bizi tapdaladın, geri gəlmə. Nə başıma gəldisə, sevdiyimdəndi”.

Sevdiyi adamla gedəndə Aytən yeni həyata başladığını düşünsə də, bu belə olmayıb. Yeni həyatında elə ilk gün qadağa ilə rastlaşıb. Telefonu əlindən alınıb, qapılar üstünə kilidlənib.

“Hamıyla əlaqəm kəsildi. Narkotikadan istifadə edirdi. Davalara görə tez-tez kirayə evlər dəyişməyə başladıq. İkinci uşaq olandan sonra vəziyyət daha da pisləşdi. Uşağa yemək, bez almırdı. Televizoru qadağan etmişdi, naqilini kəsib özüylə aparırdı. Anamla barışmışdıq, onun verdiyi pulu da əlimdən alıb xərcləyirdi”.

Aytən danışır ki, döyülmə halları onlar birgə yaşamağa başlayandan aylar sonra başlayıb. Həyat yoldaşı evə gec gəlib, Aytən səbəbini soruşanda isə döyüb.

“Axırıncı dəfə yumruqla vurdu, burnum qanadı, gözümün altı qaralmışdı. Bədənimin hər yeri göy idi. Təcili yardım çağırmaq istədim, onda ev sahibi “çağırsan onlar da polis çağıracaq, mənim başım ağrıyacaq” deyib özü mənə yardım göstərdi. Anamgil dedi get ver polisə, bədəninin göylərini göstər. Amma etmədim”.

Polisə niyə müraciət etməməsini soruşduqda Aytən yenidən ağlayır, başını aşağı salaraq “bilirdim ki gedəsi yerim yoxdu” deyir.

Aytən 10 gündür ki, 15 və 3 aylıq oğlanları ilə qadınlar üçün sığınacaqdadır. O, hara gedəcəyini və nə edəcəyini bilmir. Deyir ki, həyat yoldaşı evdən gedib və sonradan ev sahibinə zəng vuraraq “mənim onlarla işim bitdi, özü bilər nə edər” deyib. Valideynləri bu evlilikdən olan uşaqları istəmir, Aytən isə övladlarından ayrılmaq.

Qadina zorakiliq

Körpə uşağa işgəncə

41 yaşlı Şəhla (ad şərtidir) isə 4 il əvvəl evlənib. Deyir ilk vaxtlar həyat yoldaşı ilə aralarında anlaşılmazlıqlar olsa da, ona heç vaxt əl qaldırmayıb.

Amma hər şey ailənin ilk övladı dünyaya gələndən sonra dəyişib.

“Uşağı yedizdirəndə, uşaq gecə oyananda narahat olmağa başladı. Körpə uşağın başına belə vururdu. Deyirdi niyə ağlayır? Yemək yeyəndə uşaq ağlasa da deyirdi, qoy mən çörəyimi yeyim sonra get. Gecələr soyuq olsa da qazı söndürürdü. Bizi yatmağa qoymurdu. Məni təhqir edirdi, üstümə hücum çəkirdi. Elə bil əziyyət çəkməyimi istəyirdi”.

Şəhla dəfələrlə qardaşı və bacısının evinə gedib. Həyat yodaşı ondan evə qayıtmasını istəyib, peşman olduğunu deyib və Şəhla geri qayıdıb, amma heç nə dəyişməyib.

“Mənə ağzına gələni deyirdi, neçə dəfə itələmişdi üz üstə yıxılmışdım, amma cavab qaytarmırdım. Ayaqlarına düşüb yalvarırdım ki, bəlkə düzələr. Amma olmurdu”.

Səkkiz ay qardaşı evində yaşadıqdan sonra Şəhla yenidən həyat yoldaşını əfv etsə də, bu onun və 1 yaşlı qızı üçün heç də yaxşı nəticə verməyib.

“Uşaq onu görəndə üstünə atıldı, öpdü, atası idi axı. Amma bir müddətdən sonra ərim qışqırdı, uşaq qorxdu. O, yenə başladı bizə əzab verməyə. Soyuq havada deyirdi uşağı bayırda yumalısan, gecə uşağı oyadırdı, uşağı itələyirdi, əlimdən alıb küncə qoyurdu. Körpədi axı. Uşağı qaranlıq otağa salıb özü musiqiyə qulaq asırdı, uşaq da çığırırdı. Uşağın qolundan tutub tullayırdı. Döyürdü, ağzını-burnunu qanadırdı, yemək butulkasının əmziyini kəsmişdi”.

Şəhla şikayət üçün yerli icra orqanına getsə də, bu bir nəticə verməyib.

“Qardaşım polisə getdi, mən də orda polisə hər şeyi danışdım, mənə dedilər ki, ərizə yaz 15 sutkalıq həbs edək. Mən də düşündüm ki, 15 gündən sonra gəlib mənə, uşağa, qardaş-bacıma nəsə edər, qorxdum, ərizə yazmadım”.

zorakiliq

Qanun nə deyir?

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə şəxs 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir və ya iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, qəsdən sağlamlığa ağır zərər vurma 3 ildən 8 ilədək, qəsdən sağlamlığa az ağır zərər vurma 2 ilədək müddətə islah işləri, 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qəsdən sağlamlığa yüngül zərər vurmanın cəzası isə 1000 manatdan 1500 manatadək cərimə, yaxud 240 saatdan 360 saatadək ictimai işlər, 1 ilədək müddətə islah işləri, 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bundan başqa Azərbaycanda “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun var.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulması, yəni məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə görə, 100 manatdan 300 manatadək cərimə nəzərdə tutulub.

Məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixoloji təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə 300 manatdan 500 manatadək cərimə edilir.

ZORAKILIQ

Hüquqşünas Ruslan Əliyev deyir ki, ailədə döyülmə davamlı şəkildə baş verirsə, bu Cinayət Məcəlləsinin əzab vermə maddəsinə görə də cəzalana bilər.

Bu maddəyə görə, mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə 2 ilədək müddətə islah işləri, 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

zorakiliq

Bir dəfə oldusa…

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova zorakılığa məruz qalan qadınların polisə vaxtında müraciət etməməsinin bir neçə səbəbinin olduğunu deyir.

Onun sözlərinə görə, bəzi qadınlar cəmiyyətdə öz imicinə zərər gətirmək istəmir.

Bundan başqa həyat yoldaşından iqtisadi asılılıq, qohumlar arasında evliliklər zorakılıq hallarının ört-basdır edilməsilə nəticələnir.

O deyir ki, ilk zorakılıq hadisəsini bağışladıqdan sonra, bu hadisə təkrarlana bilər.

Mehriban Zeynalova zorakılıq qurbanlarının müraciət edə biləcəyi reabilitasiya mərkəzlərindən də danışır.

Onun sözlərinə görə, dövlətin nəzdindəki sığınacaq İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin insan alveri qurbanları üçün sığınacağıdır.

Bəzi dövlət qurumlarının günərzi mərkəzləri olsa da, bu kifayət deyil. QHT rəhbəri bu günərzi mərkəzlərinin sayının artırılmasını və regionlarda da fəaliyyət göstərməsini istəyir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir