“Nazik geyinirik, – soyuq olur, qalın geyinirik, – isti”. Bu cümləni yaydan payıza keçid dövründə çoxlarımız işlədirik. Çünki bu günlərdə geyim cəhətdən çoxumuz çaşqınlıq yaşayırıq. Səhər evdən çıxanda havanın günəşli olduğunu görüb nazik geyinənlər, günortadan sonra temperaturun kəskin düşməsini nəzərə almırlar. Və yaxud səhər soyuq hava müşahidə edib qalın geyinirsən, günortaüstü temperatur elə yüksəlir ki, qalın geyindiyinə peşman olursan. Ona görə də, bu günlərdə şəhərdə həm yay, həm də payız geyimində olan adamlar görə bilirik. Kim düzgün seçim edir, yaxud bu günlərin doğru geyim forması necə olmalıdır?
Müəyyən məqamları nəzərə almalıyıq
Virus infeksiyalarının ən aktiv olduğu dövr məhz elə bu günlər sayılır. Üstəlik, bütün dünyanı cənginə alan COVİD-19 pandemiyası var. Belə dövrdə düzgün geyim seçilməməsi virus infeksiyalarına yoluxmağımızda nə dərəcədə rola malik ola bilər? Modelyer Anara Zakirli deyir ki, yaydan payıza keçid günlərində artıq payız geyimləri aktuallıq kəsb etməlidir: “Payızın gəlişi havanın temperaturunda hiss olunur. Ona görə, geyim cəhətdən də havanın temperaturunu nəzərə almalıyıq. Bu günlər üçün altdan daha nazik, üstdən isə qalın olmayan materialda geyimlər uyğun sayılır. Üstdən qalın dediyimiz pencək, nazik gödəkcə və s. ola bilər. Geyim seçimi edərkən müəyyən məqamları nəzərə almalıyıq. O cəhətdən ki, iş yerində havanın necə olması, işə gedib-gələndə açıq havada nə qədər vaxt keçirmək, hansı saatlarda evə qayıtmaq və s. məsələlərə də baxılaraq seçim edilə bilər”.
Ətraf mühitdəki dəyişikliklər təsirsiz ötüşmür
Həkim-terapevt Məlahət Abbasova deyir ki, payıza doğru getdikcə yaydakı qədər soyuq qidalar, içkilər qəbul etmədiyimiz kimi geyim məsələsində də diqqətli olmalıyıq: “İnsanıq və ətraf mühitdəki dəyişikliklər bizə təsirsiz ötüşmür. Bədənin özünün temperaturu var. Havanın temperaturu orqanizmimizə təsir edən önəmli faktorlardandır. Soyuq havanın orqanizmə mənfi təsiri çox olur. Təsir etməsin deyə, bədənimizi qorumaq üçün diqqətli olmalıyıq. Yaydakı qədər soyuq nəsə qəbul etməməli, isti havalardakı qədər nazik geyinməməliyik. Adi qripin də baş qaldırdığı vaxtdır. Xroniki xəstəlikləri olanlar diqqətli davranmalıdırlar”.
Səhər çıxıb günorta gələn adam…
M.Abbasova bildirdi ki, geyimlərimizi havanın səhər və axşam temperaturunu nəzərə alaraq seçməliyik: “Çox adam səhər evdən çıxır, axşam qayıdır. Səhər sərin olur, günorta isti, axşam da sərin olur. Bir qisim insan düşünür ki, günorta saatlarında hava isti olur, ona əsasən daha nazik geyinir. Ancaq evə qayıdan vaxtı gec ola bilər. Ona görə, havanın gün ərzində gedən dəyişikliyinə uyğun hərəkət etmək lazımdır. Nəzərə almalıyıq ki, axşam işdən qayıdırıq. Əgər gec – yəni havanın daha sərin olduğu dövrdə qayıtmağı planlaşdırırsınızsa, üstdən geyinmək üçün də bir geyim götürmək lazımdır. Səhər çıxıb günorta gələn adam bir az daha rahat geyinə bilər. Çünki axşamın sərin, soyuq vaxtına qalmayacaq. Üstdən geyinmək üçün də nə isə götürməyə ehtiyacı yoxdur”.
Elə geyimlər seçilməlidir ki…
Həkimin sözlərinə görə, bu günlər üçün çox qalın geyimlər seçmək də məsləhət deyil: “Geyim seçimi hər kəsin orqanizminə görə dəyişə bilir. Elə adam var ki, daha sərin geyimlərdə rahat olur, eləsi də var ki, bir az isti geyimlərə üstünlük verir. Kimin özünü necə rahat hiss etməsinə bağlıdır. Ancaq isti geyim deyəndə burda elə geyimlər seçilməlidir ki, bədənin tərləməsinə gətirib çıxaracaq dərəcədə qalın olmasın. “Axşam soyuq olacaq” deyib, evdən çıxanda çox qalın geyinmək də düzgün yanaşma sayılmır. Çünki gün ərzində hava isti olacaq və o, davamlı olaraq tərləyəcək. Geyimin qalınlığı bədəni tərlətməyəcək səviyyədə olmalıdır. Evdən qalın geyinib çıxmaq yox, özünüzlə nə isə götürmək daha məsləhətlidir”.
Qışın soyuğunda nə edəcəklər?
Həkim qeyd etdi ki, qalın geyinib gün ərzində davamlı tərləyən şəxslərin xəstələnmə ehtimalı daha çox olur: “Gün ərzində davamlı olaraq bir neçə dəfə tərləmə orqanizmə mənfi təsir edir, mövsümün gətirdiyi virus infeksiyalarına qarşı həssaslıq yaranır. Üstəlik, payız gəlməmiş çox qalın geyimə keçdikdə havalar bir az soyuyanda o adamların bədənləri soyuğa qarşı daha həssas olacaq. İndi qalın geyinirlərsə, qışın soyuğunda nə edəcəklər? Ümumiyyətlə, bədəni çox qalın geyimlərə öyrətmək yaxşı deyil. İnsanı tərlətməyəcək və bədəninə soyuq olmayacaq dərəcədə qalınlıqda bir geyim seçməlidir”.
Aygün Asimqızı