Çox vaxt yaşlı nəsillə gənc nəslin fikirlərinin üst-üstə düşmədiyinin şahidi oluruq. Yaşlılar “Sovet dövründə belə idi…” deyərək gənclərin davranışlarını bəyənmirlər. Buna nümunə olaraq, ictimai nəqliyyatda yaşlılara yer verməyən, bərkdən danışıb-gülən gənclərə aqressiv yanaşan qocaları göstərə bilərik. Çox vaxt da gənclərin onlara hörmətsizlik etdiyindən şikayətlənirlər. Bəzən də gənclərin geyimi, dinlədikləri musiqilər onlara xoş gəlmir. Gənc nəslin də bəzən yaşlıları bəyənmədiyini müşahidə edirik. Gənclər onlara köhnə düşüncəli insanlar kimi yanaşır, fikirlərinə o qədər də əhəmiyyət vermirlər.
Yaxud da əksinə, yaşlı nəsil cavan nəslə yol göstərir, istiqamətləndirir, məsləhət verir… Görəsən, bu, nədən qaynaqlanır? Nəsillər arasındakı bu ziddiyyətin səbəbi nədir?
Mövzu ilə bağlı fikirlərini bildirən psixoloq Sevinc Baxışova söyləyir ki, bu, həmişə belə olub: “Tarix boyu cavan nəsil yaşlı nəsli, yaşlı nəsil cavan nəsli bəyənməyib. Dünyanın gedişatı belədir. Cavan nəsil özü ilə yeni əhval-ruhiyyə, dünyagörüşü, ideyalar, bir sözlə, yeni həyat tərzi gətirir. Nəticədə nəsillər arasında fikir fərqliliyi yaranır. Atalar və oğullar, analar və qızlar problemi də məhz bundan qaynaqlanır.
Yaxşı və pis həmişə olub, bugünün gəncləri arasında da sözsüz ki, pisi də var yaxşısı da. Bu o demək deyil ki, gənclərin hamısı pisdir. Əksinə, bu günün gəncləri düşüncələri, həyata baxış tərzləriylə daha üstündürlər. Texnologiyaya, yeniliyə, təhsilə meyillidirlər, sadəcə ailələr gənclərin yaxşı yola yönəlməsində daha məsuliyyətli olmalıdırlar. İndiki gənclərdən narazı qalmaq mümkün deyil. Hətda indiki gəncləri ötən illərin gəncləriylə müqayisə etmək düzgün olmazdı”.
Uzun illər gənclər sektorunda çalışan pedaqoq İsmayıl Kərimov isə bunun çox təbii bir proses olduğunu bildirir. O qeyd edir ki, hər 25 ildən bir nəsil dəyişir və bu dəyişiklik zamanı təbii ki, dövrünə, zəmanəsinə, yaşadığı cəmiyyətə uyğun olaraq gənclərin həyata baxışı, düşüncələri də dəyişir: “Nəsillər arasında fikir müxtəlifliyinin səbəbi təfəkkür və düşüncə tərzi ilə də bağlıdır. Bu günün gənci artıq bir çox ölkəni gəzir, dünya xalqlarının mədəniyyəti ilə tanışdır və müasir gənc hər şeyi daha praktik üsullarla əldə etməyə üstünlük verir. Elmdə, ixtiralarda daha praktik yollarla nailiyyət əldə etmək də hazırkı gəncin əsas streotiplərindəndir. Hansısa xarici ölkədə təhsil alıb gəlmiş və bu gün ölkəmizdə müəyyən dövlət qulluğunda çalışan bir gənc müəyyən müddətdən sonra işindən uzaqlaşır. Bunun başlıca səbəbi işlədiyi kollektivdə onunla bərabər çalışan yaşlı nəslin fikirləriylə onun fikirlərinin uyğun gəlməməsidir. Bu fikirlərin ortaq məxrəcə gələ bilməməsinə səbəb isə gənclərin həyata daha inkşaf etmiş, dünənin yaşlı nəslinə nisbətən daha müasir baxa bilməsidir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bugünün gəncinin formalaşmasında cəmiyyət də böyük rol oynayır. Hətta deyərdim ki, gənclərin formalaşması və inkşafı rayon və şəhər mühitinə görə dəyişir. Şəhərdə böyüyən, inkşaf edən gənc ailəsindən çox cəmiyyətlə əlaqədə olur, rayon gənci isə tam əksinə məcburdur çevrəsində olduğu insanlarla ayaqlaşsın və öz fikrində də, həyata baxışında da mentalitetə uyğun sərhədlər qoysun. Bunların hamısıgənclərin inkşafında ziddiyətli fərqlərlə təzahür edir”, – deyə pedaqoq vurğulayır.
Həyatının hər sahəsində dinamikliyi ilə seçilən bu günün gəncini,sosioloq Cavid İmamoğlu ötən illərin gənclərindən fərqləndirərkən söyləyir ki, günümüzün gəncinin ənənəvi, mühafizəkar sistemi yox, onların hiss və düsüncələrinə, emosional duyğularına cavab verən tələbləri var: bu təhsildə də, iş mühütində də özünü daha qabarıq göstərir: “Yeni nəsil daha emosionaldır, daha tez özündən çıxa bilir, daha tez küsür və inciyir, aqressiyaya meyillidir. İndiki nəsil daha özünə qapanıqdır, fərdi həyata, fərqli yaşam tərzinə meyillidir. Təbii ki, yeni dünyanın, inkşaf etmiş həyatın da özünə uyğun çətinlikləri var. Bugünün gənci sürətlə inkşafda olan həyatla ayaqlaşmağa məhkumdur. Bundan irəli gələrək köhnə nəsillərlə indiki arasında anlaşılmazlıq yaranır. Azərbaycan reallığında ata və oğul bir-birini artıq başa düşmür, çünki valideyinlər yeni nəslin gənclərinin ehtiyaclarını ödəməkdə çətinlik çəkir”.
Sosioloq fikirlərinə bunu da əlavə edir ki, nəsillər arasında ziddiyyətlərin yaranmasının digər bir səbəbi də dövrün, zəmanənin fərqli olması və texnologiyanın sürətlə inkişaf etməsidir: “Çox vaxt cavan nəsil yaşlı nəsli köhnə düşüncəli hesab edir. Ancaq burada bir həqiqət var. Çünki cəmiyyət, texnologiya inkişaf edib, amma yaşlı insanlar buna asanlıqla uyğunlaşa bilmir. Gənclər də bunu geridəqalmışlıq hesab edirlər. İndiki gənclər əvvəlkilərə baxanda daha informasiyalıdır, texnoloji vasitələrə daha tez uyğunlaşırlar”.
Bugünün gəncləri ilə daha sıx əlaqədə olan pedaqoq Ofeliya Babayeva indiki gənclər haqda çox müsbət fikirdə olduğunu söylədi. Ofeliya müəllimə həmçinin qeyd edib ki, ən kiçik yaşlarından yeni texnologiyalara bələd olan bir nəsil formalaşmaqdadır: “Kosmos əsrinin yetirmələri olan indiki gənclər bu gün bütün işlərini oturduqları yerdən – internet üzərindən həll edərək öz bizneslərini belə, bu vasitə ilə qura bilirlərsə, bütün bunlar onların yaşlı nəsillərə nisbətən əldə etdikləri uğurlardandır. Həmçinin təhsil sahəsində əldə edilən nailiyyətləri də qeyd etmək olar ki, bugünün gənci daha böyük nəticələr əldə etmək üçün daim axtarışdadır, elm, bilik öyrənməyə daha həvəslidir, nəinki, orta və yaşlı nəsillərin nümayəndələri. Dünya universitetlərində təhsilə meyilli olan bugünün gənci daha çox karyera qurmağa meyillidirsə, bunun özü də bir uğurdur.Ümumiyyətlə, sovet dövründə həyat tərzi fərqli idi. İndi isə yeni nəsil dünyada baş verən hadisələrdən xəbərdardır, hər şeyi bizdən daha tez və asanlıqla öyrənə bilir. Buna görə də mən indiki gənclərdə hələlik mənfi xüsusiyyətlər görmürəm. Düzdür, pislər həmişə olub, lakin azlıq çoxluğa tabedir və həmin azlıq bugünün gəncinin uğurlarına kölgə sala bilməz. Ola bilər ki, 20 ildən sonra hansısa mənfi tərəflər meydana gələ bilər, artıq onu da zaman göstərəcək”.
“Sağlam Düşüncə” Gənclər Təşkilatının həmtəsisçisi Ramiz Əliyevin özü də bugünün gənci olaraq yalnız təhsil, karyera və cəmiyyətə fayda vermək barədə düşündüyünü deyir. O, həmçinin bildirir ki, hazırkı gənclər daha çox fərdi düşüncələrə üstünlük verir və kollektiv düşüncə zəifləyib. Günümüzün gəncləri daha çox “özüm nə əldə edə bilərəm, nə qazana bilərəm” düşüncəsindədirlər və bunun da səbəbləri müxtəlif ola bilər. Hər kəsin fərdi düşüncədə olmaq üçün obyektiv və subyektiv səbəbləri var”, – deyə təşkilat nümayəndəsi söyləyir.
Xədicə Səxavət