kamran esedov

Hazırlıq kursları, repetitorlar olmasaydı, necə olardı?

Baxış sayı: 463

İndiki dövrdə fərdi müəllim yanına getmədən universitetə hazırlaşan və tələbə adını qazanan abituriyent tapmaq demək olar ki, müşkül məsələdir. Hətta vəziyyət o yerə gəlib çatıb ki, uşaqlar məktəbə qədəmlərini qoymadan repetitor yanına getməli olurlar. Repetitorluğun məktəb mühitinə hansı mənfi təsirləri mövcuddur və bunun qarşısını almaq üçün nə etməliyik?  Repetitorluq ləğv olunarsa, təhsilin səviyyəsi aşağı düşərmi?   Niyə abituriyentlər repetitor olmadan universitetə qəbul ola bilməyəcəklərini düşünürlər? 

Mövzu ilə bağlı mühüm məqamlara aydınlıq gətirmək üçün təhsil eksperti Kamran Əsədovla həmsöhbət olduq.

 

Hazırlıq kurslarına, repetitorlara müaciət etmədən yaxşı nəticə əldə etmək mümkün deyil?

Kamran Əsədov bildirdi ki, nəinki ölkəmizdə, postsovet ölkələrinin əksəriyyətində də təhsil sisteminin bugünkü durumunun səbəbləri kifayət qədər dərindir. Fikrimcə, ilk öncə bu vəziyyət siyasi faktorlarla bağlı olub, SSRİ adlanan nəhəng bir imperiyanın müxtəlif müstəqil dövlətlərə parçalanması və nəticədə mövcud vahid sovet təhsil sisteminin də süquta yetməsi ilə izah olunmalıdır. Belə ki, sovet rejiminin bütün digər qüsurlarına baxmayaraq, onun elm-təhsil sisteminin kifayət qədər güclü olmasına, yüksək səviyyəli elm və pedaqoji kadrların mövcudluğuna da şübhə yox idi.  Danılmaz faktdır ki, orta məktəb şagirdlərinin dərsdən sonra hazırlıq kurslarına, repetitorlara müaciət etmədən yaxşı nəticə əldə etmələri inandırıcı deyil.

 

Pul verdikləri üçün nəzarət də edirlər

Təhsil ekspertinin sözlərinə görə, əslində təhsildə kütləvi şəkildə repetitorluq  modeli son illərdə ortaya çıxıb. Əvvəl şagirdlər  orta məktəbdə aldıqları biliklərin hesabına ali məktəblərə  daxil olurdular. Repetitor yanına gedən şagird daha ciddi nəzarətə götürülür. Şagirdin vaxtı-vaxtında müəllimin yanına gedib-gəlməsi, müəllimə xüsusi ianə xərclənməsi və bütün bunların valideyn tərəfindən daha ciddi nəzarətə götürülməsi yaxşı nəticə verir. Orta məktəbə gedən şagirdi isə valideyn güclü nəzarətdə saxlamır. Həmin şagirdlər də hazırlığa gedə bilmədikləri, digər abituriyentlərdən “geri qaldıqları” üçün ruhdan düşürlər. Təcrübə göstərir ki, ali məktəblərə qəbul imtahanlarında heç bir müəllim yanına getməyən şagirdlər də yaxşı nəticələr əldə edirlər. Bu şərtlə ki, şagirdə  həm valideyn ciddi nəzarət eləsin, həm məktəb dərsin keyfiyyətinə fikir versin.

 

İki repetitora 200 manat verməkdənsə…

Həmsöhbətimiz vurğuladı ki, son vaxtlar abituriyentlərin repetitorlara az müraciət etməsinin əsas səbəbi onların xidmət haqlarının yüksək olmasıdır.  Yəni, illərlə bu sahədə məşğul olan təcrübəli repetitorlar daha yüksək qiymətə xidmət haqqı təklif edirlər.  Valideynlər isə daha ucuz xidmət haqqına meyil edirlər. Yəni, valideyin iki repetitora 200 manat verməkdənsə,  övladını 5 fəndən kursa  göndərir ,həmin tədris mərkəzinə iki repetitora verdiyi xidmət haqqını ödəyir.  Bundan başqa son dövrlədə qəbul imtahanlartında baş verən dəyişiklikləri repetitorlar yaxşı mənimsəmirlər, onlar elektron ərizə qəbulu və bu kimi digər yenilikləri bilmədikləri üçün valideynlər əlavə yerlərə xidmət üçün müraciət etməli olurlar.  Bundan başqa, şagirdlər seçdiyi qrup üzrə onlara lazım olan fənlərə daha çox zaman ayırır və repetitor yanına da yalnız bu fənlər üzrə gedir. Bunun nəticəsində də şagirdlər elmi biliklərə birtəfəli qaydada yiyələnir. Beləliklə, şagirdlərin dünyagörüşləri zəif inkişaf edir. Bu da gələcəkdə onların iş fəaliyyətində problemlər yarada bilər.

TƏKLİF: Repititor fəaliyyəti üçün lisenziya sistemi

Müsahibimiz hesab edir ki, repititor fəaliyyətinin leqallaşması, rəsmiləşdirilməsi üçün  bu sahəyə lisenziya sisteminin tətbiq edilməsi daha effektiv olardı: “Çünki bu gün ixtisası uyğun olmayan şəxslər də repetitorluq xidməti göstərirlər. Ona görə də Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi , Dövlət Vergi Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mövcud olacağı bir komissiya yaradıb orada təhsil xidmətləri göstərənlər yoxlanılmalı və fəaliyyət icazəsi verilməlidir. Bu gün taksi fəaliyyəti göstərmək üçün uyğunluq sertifikatı verilir. Yalnız sənədləri qaydasında olanlara taksi xidməti göstərmək üçün icazə verilir. Zənnimcə, bunu repetitorluq, hazırlıq kursları sisteminə də tətbiq etmək lazımdır.

Kamran Əsədovun sözlərinə görə, repetitorluq hər zaman olub. Maddi cəhətdən az-çox imkanlı insanların övladları üçün nəzərdə tutulan xüsusi təlim-tədris vasitəsi kimi yüksək səviyyəli elitaların yetişdirilməsində mühüm rol oynayıb. Çox təəssüflər olsun ki, hazırda müəyyən istisna hallardan başqa, bu qədim təlim-tədris vasitəsi bu gün öz tarixi mahiyyətini itirərək, bir qisim işsiz və ya cüzi əmək haqqı alan alim və müəllimlərimizin əsas ruzi mənbəyinə çevrilib. Repetitorluğu açıq-aşkar biznesə çevirmə halları da istisna deyil. Ancaq bu gün repetitorların bəlkə də əksəriyyətini bilavasitə şagirdlərin öz orta məktəb müəllimləri təşkil edir. Müəllim-şagird münasibətlərində yaranan bazar ticarətinin hədsiz dərəcədə qınanmalı fakt olduğunu qəbul etsək də, digər tərəfdən, cüzi maaş alan müəllimlərimizin buna məcbur olduqlarını qəbul etməyə borcluyuq. Bununla belə, istənilən halda repetitorluq – təhsilin səviyyəsini aşağı salmaz, yalnız yüksəldə bilər və qeyd etdiyim kimi, əgər bu tədris vasitəsi də olmasaydı, bu gün təhsilimiz tamamilə iflasa uğrayardı.

 

Yaqut Ağaşahqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir