Qara ciyərin iltihabi xəstəliyi hepatit adlandırılır. Hepatit müxtəlif səbəblərə görə inkişaf edə bilər – viruslar, dərmanlar, toksik maddələr, zəhərlər və s.
Lakin səbəbindən asılı olmayaraq bu xəstəliyin müalicəsi zamanı pəhriz əsas rollardan birini oynayır. Bu pəhrizin əsas vəzifəsi qara ciyərin bərpasına kömək etməkdən ibarətdir.
Qida tamdəyərli vitamin və mikroelementlərlə zəngin və eyni zamanda orqanizm tərəfindən asan mənimsənilən məhsullardan ibarət olmalıdır:
– Tərəvəzli suplar, bitki yağları.
– Bişmiş və ya buğda hazırlanmış yağsız ət növləri – mal əti, dana əti, dovşan əti.
– Yağsız balıq növləri (bişmiş şəkildə).
– Süd məhsulları (yağsız kəsmik, kefir, asidofilin və s.).
– Sıyıqlar – qarabaşaq, düyü, yulaf yarması.
– Meyvə və tərəvəzlər (təzə, bişmiş) bu pəhrizin əsas “iştirakçıları” sayılır.
– Desert kimi şəkər, mürəbbə, bal.
Bütün qidalar yumşaq, yarıduru şəklində olmalıdır (blenderdə əzilmiş və ya sürtgəcdən keçirilmiş, ət – çəkilmiş vəziyyətdə). Qida gün ərzində 4-5 dəfə kiçik porsiyalarla qəbul olunmalıdır. Qida isti və ya soyuq olmamalıdır.
“Hepatit” diaqnozu qoyulduqdan dərhal sonra xəstənin pəhrizindən ədviyyatlar (istiot, xardal və s.), sirkə, sarımsaq, marinada qoyulmuş və hisə verilmiş qidalar, qəhvə, şokolad çıxarılmalı, duzun qəbulu kəskin azaldılmalıdır. Bundan əlavə yağlı bulyonlar, yağlı ət növləri (qoyun, ördək, qaz əti), yağlı balıq, duza qoyulmuş tərəvəzlər, yumurtanın sarısı, kolbasa məmulatları, qöbələklər, ət konservləri, konfetlər, tort və pirojnalar, bulkalar, pirojkilər də qadağandır.
Hepatit xəstəliyi olan insanda iştahasızlıq və ürəkbulanması tez-tez olur. Lakin belə xəstə heç bir halda qidadan imtina etməməlidir ki, bu xəstəliyin gedişatına çox mənfi təsir edir.
Hepatit xəstəliyi olan insanlar avitaminozlardan əziyyət çəkir. Bu səbəbdən belə xəstələr vitaminlərlə zəngin olan qidalara üstünlük verməlidir. C vitaminin ən yaxşı mənbələri: itburnu, qara qarağat, qırmızı bibər, gül kələmi, brussel kələmi və s. Vacibliyinə görə ikinci yeri B qrup vitaminləri tutur. Onlar mübadilə proseslərində iştirak edir, qara ciyərin fəaliyyətinə kömək edir, immun və sinir sistemlərini möhkəmləndirir. Bu vitamin yarmalarda, pomidorlarda, süd məhsullarında daha çoxdur.
Fol turşusu qara ciyərin fəaliyyətini yaxşılaşdırır. Cəfəri, ispnaq, soğan, kahı bu vitaminlə zəngindirlər.
A vitamini güclü antioksidant sayılır. Bu vitamin kökdə, bibərdə, şaftalıda, ərikdə, brokkolidə, itburnuda çoxdur.
Düzgün qidalanmadan əlavə hepatit zamanı düzgün maye qəbulu da çox vacibdir. Digər əks göstərişlər olmadığı halda (bəzi ürək və böyrək xəstəlikləri və s.) gün ərzində 2 litrdən az olmayaraq maye qəbul olunmalıdır – təbii meyvə şirələri (dükanlarda satılan şirələri qəbul etmək məsləhət deyil!), çay (tünd olmamalıdır!), kisel, itburnu dəmləməsi.