peyvənd

Həssas məqam: uşaqlar üçün təhlükə, yoxsa peyvənd tələsi? – ARAŞDIRMA

Baxış sayı: 5. 310

“Uşağa peyvənd vurdurmaq istəyirəm hara aparım, dövlət poliklinikasına, yoxsa özəl klinikaya?” Bu sual son vaxtlar valideynləri çox düşünməyə vadar edib. Əvvəllər yeni doğulmuş uşağı peyvənd təqviminə uyğun olaraq, vaksin üçün ərazi sahə uşaq poliklinikasına aparırdılar. Ancaq son bir neçə ildir ki, valideynlər dövlət poliklinikaları ilə özəl tibb müəssisələri arasında seçim aparmaq məcburiyyətində qalıblar. Səbəb isə dövlət poliklinikalarında uşaqlara pulsuz edilən peyvəndlərin təhlükəsizliyi ilə bağlı şübhələrin yaranmasıdır. Valideynlər dövlət poliklinikalarında uşaqlara vurulan bəzi peyvəndlərdən sonra onlarda yüksək hərarətin müşahidə olunduğunu əsas gətirərək, növbəti peyvənd üçün özəl klinikaları seçmək məcburiyyətində qalırlar. Dövlət uşaq poliklinikası ilə özəl müəssisədə vurulan peyvəndin keyfiyyəti arasında həqiqətənmi fərq var? Aile.lent.az bu məsələni araşdırmağa çalışıb.

Mövzu ilə bağlı fikrini bildirən valideyn Aygün Məcidova uşağının peyvəndlərini özəl klinikada vurdurduğunu söyləyir: “Deyirlər, dövlət klinikalarında vurulan peyvəndlər Hindistan istehsalı olduğundan uşaqda reaksiya verir. Özəl klinikalarda isə peyvənd baha olsa da, keyfiyyəti yüksəkdir. Odur ki, uşağın həkiminin tövsiyəsi ilə doğum evindən çıxdıqdan sonra digər peyvəndləri özəl klinikalardan birində vurdurdum. Pulum çox çıxsa da, uşaqda peyvənddən sonra bir narahatlıq olmadı”.

Bəli, bu düşüncə ilə “bir ətək pul töküb” övladını özəl klinikalarda vaksin etdirən valideynlərin sayı bəlkə də yüzlərlədir. Və son illərdə bu statistika artan xətt üzrə inkişaf edir. Baxmayaraq ki, özəl tibb mərkəzlərində vaksinlərin qiyməti sözün əsl mənasında “od tutub yanır”.

Məsələn, özəl klinikalardan birində Difteriya, Göyöskürək, Tetanus (AKDS) peyvəndlərinin qiyməti 40 manatdır. Klinikanın həkimi Aygün Əliyeva bu peyvəndin Fransa, Belçika istehsalı olduğunu, tam təhlükəsiz olduğunu söylədi. Onun sözlərinə görə, Hindistan istehsalı olan peyvəndlər reaksiya versə də, onların istifadə etdikləri peyvəndlərin qiyməti baha olduğundan tam təhlükəsizdir. Həmsöhbətimin sözlərinə görə, məhz bu səbəbdən də bəzi analar öz uşaqlarına həmin ölkələrin istehsalı olan peyvənddən vurdururlar: “Fransa, İngiltərə, Belçikanın istehsal etdiyi peyvəndlər qəti reaksiya vermir. Bu isə həmin peyvəndlərin təhlükəsizlik göstəricisinin yüksək olmasından xəbər verir. Biz kimisə həmin peyvəndləri vurdurmaq üçün məcbur etmirik. Valideynlərin öz seçimidir. İstəsələr, dövlətin pulsuz peyvəndini seçsinlər, istəsələr, bizə müraciət etsinlər”. Klinikanın qeydiyyat bölməsindən isə bildirdilər ki, valideynlər arasında pulla uşağına peyvənd vurdurmaq üçün müraciət edənlərin sayı kifayət qədərdir.

Əlaqə saxladığımız özəl tibb müəssisələrindən söylədilər ki, hazırda doğumdan sonra 12 saat ərzində Hepatit B, 4-7-ci gün vərəm əleyhinə peyvənd (BSJ), Poliomielit(OPV), 2 aylıqda Difteriya, Göyöskürək, Tetanus(AKDS), Hepatit B, Poliomielit, 3 aylıqda Difteriya, Göyöskürək, Tetanus (AKDS), Poliomielit, 4 aylıqda Difteriya, Göyöskürək, Tetanus (AKDS), Hepatit B, Poliomielit, 12 aylıqda Mantu sınağı, Qızılca (Measles), 18 aylıqda Difteriya, Göyöskürək, Tetanus (AKDS), Poliomielit, 6 yaş Qızılca, Difteriya və Tetanus (AKDS) peyvəndlərinin aparıldığını söylədilər.

Peyvəndlərin qiyməti isə hər özəl tibb müəssisində fərqlidir. Apardığımız araşdırma zamanı bəlli oldu ki, özəl tibb müəssisələrində peyvəndlərin qiyməti dozasına görə yox, istehsal edildiyi ölkəyə görə dəyişir. Məsələn, daha bir özəl klinikadan bildirdilər ki, Fransa və İngiltərənin istehsalı olan peyvəndlərin qiyməti daha yüksəkdir. Qiymətlər 60-85 manat arasında dəyişir. Əlaqə saxladığımız digər özəl tibb müəssisələrindən də, Danimarka, Belçika, Fransa istehsalı olan peyvəndlərin qiymətinin 40 manatdan 110 manata qədər dəyişdiyini söylədilər.

Araşdırma zamanı o da bəlli oldu ki, özəl tibb müəssisələrində pulla peyvəndə tələbat artıq əksər tibb müəssisələrində bu xidmətin təklif edilməsinə səbəb olub.

Bəs görəsən dövlət uşaq poliklinikalarında uşaqlara vurulan peyvəndlərin təhlükəli olması ilə bağlı deyilənlər nə dərəcədə həqiqətə uyğundur? Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bəzi valideynlərin dövlətin pulsuz peyvəndindən imtina edərək, özəl tibb müəssisələrində pulla uşağına peyvənd vurdurmasından xəbərdar olduğunu dedi. Amma həmsöhbətimiz bunu dövlət uşaq poliklinikalarında peyvəndlərin təhlükəli olması ilə əlaqələndirmir: “Bu, dövlət poliklinikalarındakı peyvəndlərin təhlükəli olması ilə əlaqədar deyil, sadəcə özəl klinikaların apardığı reklamdan qaynaqlanır. Dövlət uşaq poliklinikalarında uşaqlara Hindistan istehsalı olan peyvəndlərin vurulması, reaksiyaların olması haqda deyilənlər özəl klinikaların özlərinə müştəri cəlb etmək üçün uydurduğu şayiələrdir. Onların xeyrinə olan bu şayiə klinikalara peyvənd üçün çoxlu sayda pasiyentin axın etməsinə gətirib çıxardır. Çox təəssüf ki, valideynlərin çoxu həmin klinikaların toruna düşərək aldanır. Özəl tibb müəssisələrində çalışan pediatrlar bəzən valideynlər arasında səhv təbliğat apararaq, onları dövlət uşaq poliklinikalarında vurulan bütün peyvəndlərin Hindistan istehsalı olduğunə, uşaqda reaksiya verdiyinə inandırırlar. Yaxşı bilirlər ki, qiyməti çox baha təklif etdikləri peyvəndləri həmin valideynlərə başqa cür sata bilməzlər. Ona görə də bu cür şayiələrin yayılmasına çalışırlar. Dövlət uşaq poliklinikalarında uşaqlara peyvənd təqviminə uyğun 11 infeksiyaya qarşı edilən vaksinlərdən cəmi ikisi Hindistan istehsalıdır. Yerdə qalanlar isə Danimarka, Belçika, İndoneziya, Koreya istehsalıdır. Özəl tibb müəssisələrində də elə həmin peyvəndlərdən istifadə olunur. Fərq isə ondan ibarətdir ki, dövlət bunu pulsuz, özəl tibb müəssisələri isə bir ətək pulun qarşılığında edir”.

A. Əliyeva deyir ki, valideynlər arasında özəl klinikaların vaksin reklamına hələ doğum şöbələrindən başlanılır: “Son zamanlar hamiləlikdən azad olmaq üçün özəl tibb müəssisələrinə müraciət edən qadınların sayı heç də az deyil. Həmin klinikaların doğum şöbələrində uşaqlara doğuşdan sonra 12 saat ərzində Hepatit B və 4-7-ci gün vərəm əleyhinə peyvənd (BSJ), Poliomielit(OPV) peyvəndləri vurulur. Elə oradaca valideynlər arasında özəl tibb müəssisələrində vurulan peyvəndlərin yüksək keyfiyyətli olması ilə bağlı təbliğat aparılır. Xəstəxanadan çıxdıqdan sonra analar uşağın peyvəndini həmin klinikada aparırlar. Halbuki eyni ölkənin istehsalı olan peyvəndlər dövlət uşaq poliklinikalarında pulsuz vurulur. Ümumiyyətlə, istərdim ki, valideynlər peyvənd istehsalına Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən, eləcə də yerli milli tənzimləyici orqanlar vasitəsilə ciddi nəzarət olduğunu bilsinlər. Peyvənd istehsalı bütün mərhələlərdə yoxlamadan keçirilir, daha sonra istifadəyə buraxılır. Hindistanın peyvənd istehsal edən müəssisələrinə ÜST tərəfindən nəzarət edilir. ÜST Hindistanda istehsal edilən peyvəndləri təhlükəsiz hesab edir. İndiyədək bu ölkənin istehsalı olan peyvəndlərlə bağlı hər hansı problem aşkarlanmayıb”.

Nazirlik rəsmisi deyir ki, bəzən özəl klinikalarda peyvənd xidməti təklif olunsa da, zəif uşaqların peyvəndi gecikdirilir: “Əslində zəif uşaqlara peyvənd təqviminə uyğun vaksinasiya aparmaq lazımdır ki, onları infeksiyalardan qorumaq mümkün olsun”.

Ölkənin baş pediatrı Nəsib Quliyev də valideynləri dövlətin pulsuz immunlaşdırma proqramından bəhrələnməyə səsləyir. N. Quliyevin sözlərinə görə, dövlətin pulsuz immunlaşdırma proqramı özəl tibb müəssisələrinin peyvənd bazarını öldürür. Məhz  buna görə özəl tibb müəssisələri bu cür şayiələr yayaraq, müştəri cəlb edir: “Özəl tibb müəssisələrinin valideynlərə yüksək qiymətə, “bəh-bəh”lə satdığı peyvəndlərin mütləq əksəriyyəti dövlət tərəfindən pulsuz vurulan peyvəndlər kimi eyni ölkənin istehsalıdır. Sadəcə olaraq özəl tibb müəssisələri pulsuz vaksinasiya proqramını Hindistan istehsalı olan peyvəndlərin təhlükəli olması barədə söz-söhbət yayaraq valideynlərin gözündən salmağa çalışır. Ona görə də, hələ doğum evlərində pulsuz vaksinasiyanın valideynlərin və uşaqların xeyrinə olması barədə təbliğat aparılmalı, bu təbliğat dövlət uşaq poliklinikalarında sahə həkimləri tərəfindən davam etdirilməlidir. Valideynlər bilməlidir ki, alınan peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının yoxlamasından keçirilir və tətbiq edildiyi ölkələrdə monitorinqi aparılır. Odur ki, uşaqları heç bir təhlükə gözləmir”.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir