Tarix hər bir millətə əsl şəxsiyyətləri nadir hallarda bəxş edir. Bu cür nadir insanlar elə həmin tarixi yaradır, ona əbədi və silinməz qızıl hərflərlə şərəfli sətirlər yazır, millətlərini, xalqlarını, dövlətlərini ucaldırlar. Ulu öndər Heydər Əliyev də Azərbaycan xalqının tarix boyu yetirdiyi belə nadir və qeyriadi şəxsiyyətlərdən biri olaraq, bu gün milyonlarla insanın qəlbində yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən böyük öndərimiz bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə anılır.
XX əsrin axırlarında yenidən müstəqillik qazanan Azərbaycan Respublikasının mövcudluğu və bu gün dünyanın sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilməsi xalqın haqlı olaraq ümummilli lider hesab etdiyi Heydər Əliyevin tarixi və misilsiz fəaliyyətinin nəticəsidir. Heydər Əliyev təcrübəli siyasətçi, müdrik dövlət başçısı, xalqını və Vətənini hər şeydən çox sevən, özünü ali məqsədlər naminə qurban verməyi bacaran böyük və əzəmətli bir İNSAN idi. Əsl lider məhz sadaladığımız bu xüsusiyyətlərə malik olaraq, bunlardan xalqın və dövlətin maraqları naminə müdrikcəsinə, düşünülmüş şəkildə və siyasi uzaqgörənliklə istifadə edir, öz ölkəsini hərtərəfli inkişaf etdirir, milli dövlətçilik tarixini öz cahanşümul fəaliyyəti ilə zənginləşdirir.
Ulu öndərimiz Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli dəyərlərə bağlı olmuşdur. Ümummilli Liderimiz bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, təbiətin ona bəxş etdiyi bir çox fitri keyfiyyətlər sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir.
Respublikamızın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev dövrü misilsiz əhəmiyyət kəsb edir. Dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyev öz müdrik fəaliyyəti ilə çağdaş Azərbaycan tarixinin ən şanlı və parlaq səhifələrini yaradıb. Ulu Öndər Azərbaycanı dünyaya tanıdıb, onun etibarlı və nüfuzlu tərəfdaş olduğunu sübut edib. Bu dahi şəxsiyyət bir qərinəni əhatə edən dövrdə Azərbaycana rəhbərlik edib, 5 ildən artıq SSRİ kimi böyük bir dövlətin ali rəhbərlərindən olub. Müasir Azərbaycanın memarı Heydər Əliyev bu barədə belə deyirdi: “14 il burada çalışdım. Beş ildən artıq Moskvada işləyərkən yenə də Azərbaycana daha çox vəsait ayırmaqla, respublikamızın işini daha da irəliyə aparmaqla məşğul oldum. Mən üst-üstə 20 il bu işləri gördüm” [14 iyul 1969-cu il – milli tariximizin dönüş anı // Səs, 13 iyul 2015].
Xatırlatmaq istərim ki, 14 iyul 1969-cu il Azərbaycanın tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Xoşbəxtlikdən Azərbaycan KP MK-nın məhz həmin gün keçirilən plenumunda Mərkəzi Komitənin Birinci katibi vəzifəsinə Heydər Əliyev seçildi. Bu seçkidən cəmi 20 gün sonra keçirilən Azərbaycan KP MK-nın 5 avqust 1969-cu il plenumu respublikada əvvəlki illərdə baş verən nöqsanların tənqid olunduğu dönüş plenumuna çevrildi.
Mən böyük rəhbərimiz Heydər Əliyev haqqında ilk doktorluq dissertasiyasının müəllifi kimi və Ulu Öndərin irsini, həyat və fəaliyyətini dərindən araşdıran tarixçi-alim kimi bu illərdə bir çox maraqlı faktların üzə çıxarılmasına nail olmuşam. Ümummilli Liderin hakimiyyətinin birinci dövründə respublikamız, iqtisadiyyatımız tənəzzüldən inkişafa doğru istiqamət götürdü. Həmin dövrün statistikasına nəzər salanda bunu əyani şəkildə görmək olar. Məsələn, 1971-ci ildə respublikanın neftçıxarma tarixində ilk dəfə olaraq milyardıncı ton neft çıxarılmışdı. Pambıq istehsalı 1971-ci ildə 381,6 min ton idisə, 1981-ci ildə 1 milyon tona, üzüm istehsalı 381,9 min tondan 1 milyon 616 min tona, taxıl istehsalı 211,9 min tondan 1 milyon 150 min tona çatmışdı. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi birinci dövrdə (yəni cəmi 14 ildə) iri sənaye müəssisələrinin ümumi sayı 1048-ə çatdırılmışdı. Əsas istehsal sahəsi olan neft sənayesi, energetika, qara metallurgiya, kimya və neft kimyası sənayesi inkişaf etdikcə Azərbaycan keçmiş SSRİ-nin ən qabaqcıl respublikalarından birinə çevrilirdi. 1982-ci ildə kimya və neft-kimya sənayesinin, maşınqayırma və metal emalının, yüngül və yeyinti məhsulları sənayesinin xüsusi çəkisi sənayenin strukturunda 1913-cü ildəki 14,8 faizə qarşı 75,6 faiz təşkil edirdi.
Bu, bir həqiqətdir ki, Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın Sovet dövründə qazandığı ən böyük nailiyyət həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensialın respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmasıdır.
Kommunist Partiyasının 1969-1982-ci illərdə keçirilən XXVIII, XXIX və XXX qurultaylarının, 55 plenum, 447 Büro və 101 Katiblik iclasının protokol materialları və stenoqramları, eləcə də çoxsaylı zona müşavirələrinin, fəallar yığıncaqlarının, müxtəlif görüş və tədbirlərin arxiv sənədlərinin təhlili göstərir ki, 1969-1982-ci illərdə respublika iqtisadiyyatında istehsalın sürəti xeyli genişlənmiş, məhsuldarlıq yüksəlmiş, böyük uğurlar, nailiyyətlər qazanılmış, elmi-texniki tərəqqidə böyük irəliləyişlər baş vermiş, yeni, müasir istehsal sahələri yaradılmış, əhalinin maddi rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.
Heydər Əliyev SSRİ rəhbərliyindəki nüfuz və səlahiyyətindən istifadə edərək Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin bir çox mühüm qərarlarının qəbul edilməsinə nail olmuşdur. Məhz bu qərarlar respublikanın xalq təsərrüfatının inkişaf etdirilməsini təmin etmək üçün nəzərdə tutulurdu, iqtisadiyyatın müxtəlif sahələrini əhatə edirdi. Bunlardan 1970-ci il iyulun 23-də “Azərbaycan SSR-də xalq təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında”; 1970-ci il iyulun 25-də “Azərbaycan SSR-də kənd təsərrüfatını daha da inkişaf etdirmək tədbirləri haqqında”; 1975-ci il iyulun 9-da “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında”; 1976-cı il iyulun 27-də “1976-1980-ci illərdə respublika sənayesinin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsinə dair Azərbaycan KP Mərkəzi Komitəsinin təkliflərinin nəzərdən keçirilməsi nəticələri barəsində”; 1979-cu il fevralın 22-də “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında” və s. bu kimi qərarları göstərmək olar [Hüseynova İradə. Müstəqil Azərbaycan dövlətinin qurucusu. Bakı: Təhsil, 2004, 472 səh.,/ s.37]. Onu da qeyd edək ki, bu qərarların hər birinin yerinə yetirilməsini təmin etmək üçün rəsmi Moskvadan Azərbaycana xeyli miqdarda dövlət büdcəsi vəsaitləri ayrılmışdı.
Böyük rəhbərimizin 1969-1982-ci illərdəki fəaliyyəti Azərbaycanın dövlət müstəqilliyinə zəmin yaradılması kimi strateji məqsəd üzərində köklənmişdi. Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin varlığını təsdiqləyən rəmzlərə və atributlara da münasibəti çox həssas olmuşdur. Hələ 1977-ci ildə Azərbaycan SSR Konstitusiya layihəsi qəbul edilərkən onun atdığı daha bir addımı məmnunluqla xatırlamaq olar. Tarixi fakt olaraq qeyd etmək yerinə düşər ki, o zaman SSRİ Konstitusiyası layihəsinin hazırlanması üçün yaradılan komissiyada Heydər Əliyev nəinki müsəlman-türk xalqlarını, hətta Cənubi Qafqazı təmsil edən yeganə siyasi xadim idi. Təbii ki, 1977-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycanın rəsmi dövlət dili kimi Azərbaycan dilinin qəbul edilməsi də ölkəmiz üçün tarixi nailiyyət oldu. SSRİ-nin tabeliyində olan müttəfiq respublikaların konstitusiyalarında milli dilin dövlət dili kimi təsbit edilməsi nadir hadisə idi. Məlum olduğu kimi, Kreml nümayəndələri dəfələrlə Bakıya səfərlər edərək Heydər Əliyevi bununla bağlı öz fikrindən daşındırmağa səy göstərmişdilər. Həmçinin Azərbaycanın özündə də bəzi dairələr bundan istifadə edərək, Kremli Heydər Əliyevə qarşı mübarizəyə çağırırdılar. Amma ümummilli lider nəinki fikrindən daşındı, hətta onun hakimiyyəti illərində Bakıda Azərbaycan dilində dərs keçilən məktəblərin sayı artmağa başladı.
Azərbaycan xalqının dahi oğlu, tarixi şəxsiyyət Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi onun keçmiş SSRİ-də ən görkəmli siyasi xadim, rəhbər və dövlət başçısı olduğunu göstərdi. Nəticədə, 1982-ci ilin sonunda o, Moskvaya, partiya və dövlət hakimiyyətinə, yüksək vəzifəyə irəli çəkildi. SSRİ Ali Sovetinin 22 noyabr 1982-ci il tarixli qərarı ilə Heydər Əlirza oğlu Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi [Rusiya Federasiyasının Dövlət Arxivi, Fond 7523, siyahı 134, iş 184, vərəq 107]. Onun həyatı və siyasi-dövlətçilik fəaliyyətində yeni dövr başlandı. Bununla da bütün SSRİ-nin sosial-iqtisadi və mədəni inkişafına rəhbərlik etmək, hökumətin iqtisadi inkişaf strategiyasının həyata keçirilməsini təşkil etmək, istiqamətləndirmək, xarici iqtisadi siyasətin həyata keçirilməsi, xarici dövlətlərlə qarşılıqlı münasibətlər yaradılması uğrunda məsuliyyətli və çətin vəzifələrin həyata keçirilməsi kimi çoxşaxəli fəaliyyət dövrü başlandı.
Ulu Öndərimiz 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verdi. Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılması, hər şeydən öncə ermənipərəst M.Qorbaçovun Azərbaycana qarşı mənfur siyasətini reallaşdırmaq üçün əvvəlcədən düşünülmüş planlarını həyata keçirmək kimi çirkin məqsədindən irəli gəlirdi.
Ümummilli Liderin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasının səbəbləri və xalqımız üçün ağır nəticələri tezliklə aşkar oldu. O, bu haqda demişdir: “Siyasi Bürodan istefa verdikdən 15 gün sonra Qarabağ məsələsi ortaya çıxdı. Qorbaçovun ən yaxın adamı, iqtisadi məsələlər üzrə müşaviri, milliyyətcə erməni olan professor Aqanbeqyan Parisdə keçirdiyi bir mətbuat konfransında “Dağlıq Qarabağ Ermənistana verilməlidir” – demiş, bu məsələ ilə əlaqədar Qorbaçovu da qızışdırmışdı. Moskvanın Qarabağ əməliyyatı mənim Siyasi Bürodan getməyimdən 15 gün sonra həyata keçirilməyə başladı. Deməli, bu plan hələ əvvəlcədən hazırlanmışdı, lakin tətbiq olunmasında mən ciddi maneə imişəm” [Bəşəriyyətə qarşı amansız cinayət // Azərbaycan, 18 fevral 2014].
Lakin bu böyük şəxsiyyət fəaliyyətini dayandırmadı, əksinə xalqına daha çox fayda vermək naminə hər cür çətinliyə qatlaşdı. Ulu öndər Vətənin ağır günlərində xalqının yanında olmağa qərar verdi və bu məqsədlə də Azərbaycana qayıtdı. 20 iyul 1990-cı ildə Moskvadan Bakıya, iki gün sonra isə ağır blokada vəziyyətində olan Naxçıvana gələn Heydər Əliyevi xalq böyük coşqunluqla qarşıladı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Moskvadan Naxçıvana qayıdış o dövrün bəzi qəzetlərində yazıldığı kimi, əyalət mərkəzinə yox, Vətənə qayıdış idi; böyük siyasətə yenidən və fəal şəkildə, birmənalı, ardıcıl, qətiyyətli qayıdış idi”.
Həmin vaxt Naxçıvan son dərəcə çətin bir şəraitdə yaşayırdı. Bir tərəfdən, iqtisadiyyat dağılaraq tamamilə iflic vəziyyətinə düşmüş, əhalinin maddi durumu isə böhranlı həddə çatmışdı, siyasi burulğanlar, hərc-mərclik burada da baş alıb gedirdi. Digər tərəfdən isə ermənilərin aramsız hücumları bölgədəki ağır situasiyanı daha da mürəkkəbləşdirmişdi. O zamankı Azərbaycan rəhbərliyinin Naxçıvana olan biganə münasibəti nəticəsində muxtar respublikanın acınacaqlı durumu kulminasiya nöqtəsinə gəlib çatmışdı. Belə bir vaxtda xalqımızın böyük oğlu Heydər Əliyevin Naxçıvana gəlişi əhalinin əsl nicatına çevrilmişdi, insanlar onun timsalında öz böyük xilaskarlarını tapmışdılar. Ona görə də hesab edirəm ki, 22 iyul 1990-cı il tariximizə böyük bir mərhələnin başlanğıcı kimi daxil olmuşdur.
30 sentyabr 1990-cı ildə keçirilən seçkilərdə Naxçıvan Muxtar Respublikasının əhalisi yekdilliklə Ulu Öndəri Azərbaycan SSR-in və Naxçıvan MSSR-in xalq deputatı seçdi. 1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyası Heydər Əliyevin sədrliyi ilə fəaliyyətə başlamışdı. Həmin sessiyada təkcə Naxçıvan üçün deyil, ümumən, Azərbaycan üçün son dərəcə böyük əhəmiyyətə malik taleyüklü qərarlar qəbul olunmuşdu. Belə ki, sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması, Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması, milli istiqlal rəmzi olan üçrəngli bayrağın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında tarixi qərarlar qəbul olunmuşdu. Həmçinin, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi həmin bayrağın Azərbaycan Respublikasının rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət də qaldırmışdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyasında müzakirə edilən ən mühüm məsələlər sırasında 1990-cı il 20 Yanvar faciəsi və Dağlıq Qarabağ münaqişəsi də var idi. 1990-cı ilin 21 noyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi böyük dövlət xadimi Heydər Əliyevin işləyib hazırladığı “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” tarixi qərar qəbul etmişdi.
Heydər Əliyevin misilsiz fəaliyyəti elə böyük məsələləri əhatə edirdi ki, bu, ilk baxışda bir insanın görə biləcəyi işlər baxımından inanılmaz kimi görünür. 31 dekabrın “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi qeyd olunması, keçmiş SSRİ-dən miras qalmış təhlükəsizlik orqanlarının ləğv edilərək milli maraqlara xidmət edən yeni müvafiq qurumun yaradılması, rus qoşun hissələrinin muxtar respublikadan çıxarılması, Naxçıvanın müdafiəsi üçün sistemli tədbirlərin görülməsi, nizami ordu hissələrinin təşkili, Naxçıvan Muxtar Respublikasının tarixi taleyi üçün müstəsna əhəmiyyətə malik Qars müqaviləsinin şərtlərinin beynəlxalq aləmin diqqətinə çatdırılması, idarəetmə strukturlarında ədalətin, demokratiyanın, operativliyin və dinamikliyin təmin olunması, “hakimiyyət xalq üçündür” prinsipinə dönmədən əməl edilməsi, aqrar islahatların, özəlləşdirmənin uğurla aparılması, yeni iqtisadi münasibətlərin formalaşdırılması, əhalinin sənaye mallarına, ərzaq məhsullarına kəskin ehtiyacının ödənilməsi, enerji təminatı sahəsində böhranlı vəziyyətin aradan qaldırılması üçün layihələrin həyata keçirilməsi, ağır yüklü təyyarələrin qəbulu üçün aeroportun yenidən qurulması, mədəni mühitin dirçəldilməsi, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması üçün mühüm addımların atılması və digər əhəmiyyətli və tarixi addımlar məhz bu qısa müddətdə Naxçıvanda yüksək səviyyədə gerçəkləşdirilmişdi. Ölkəmizin ən kütləvi siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının təsis edilməsi, az vaxt ərzində böyük nüfuz qazanması da ulu öndərin fəaliyyətinin Naxçıvan dövrünə aiddir.
1993-cü ilin iyununda – Heydər Əliyevin hakimiyyətə qayıdışı ərəfəsində Azərbaycan öz tarixinin ən faciəli anlarını yaşayırdı. Azərbaycan xalqı ulu öndər Heydər Əliyevi özünün və dövlətin ən ağır günlərində yenidən ölkənin siyasi rəhbərliyinə dəvət etməklə gerçəkdən də müdrik addım atdı. Hamımızın yaxşı xatırladığı 1993-cü ilin təlatümlü yay günlərində Heydər Əliyev ölkə rəhbərliyinin təkidli xahişləri ilə Bakıya gələrək, yaranmış ictimai-siyasi və hökumət böhranını aradan qaldırmaq üçün gərgin fəaliyyətə başlamalı oldu.
Məlum olduğu kimi, 1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi. Müdrik dövlət xadimi bir neçə siyasi gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici və daxili düşmənlərin Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planı puça çıxdı. Dövlətimizin, xalqımızın tarixi müqəddəratının idarəçilik sükanı dahi dövlət adamının əlinə keçdi.
Ulu Öndər 1993-cü ilin 15 iyununda – bu gün haqlı olaraq “Qurtuluş Günü” kimi qeyd etdiyimiz gün Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Müstəqil Azərbaycanın memarı Heydər Əliyev 1993-cü il 15 iyun tarixində Azərbaycan Respublikası Milli Məclisinin iclasındakı çıxışında ömrünün bundan sonrakı hissəsini yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyini bildirmişdi: “Respublikanın qarşısında çox böyük və ağır vəzifələr durur. Müstəqilliyi, suverenliyi təmin etmək üçün Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş torpaqları geri qaytarılmalıdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır, müharibə qurtarmalıdır, sülh yaranmalıdır. Azərbaycan Respublikasının vətəndaşları sülh və əmin-amanlıq şəraitində yaşayıb öz dövlətini özü istədiyi kimi qurmalıdır. Ona görə də bu məsələ əsas məsələlərdən biridir. Bundan sonra da bu məsələlər Ali Məclisin diqqət mərkəzində olmalıdır. Sizi bu barədə tam əmin edirəm” [Ulu Öndərin Gəncəyə tarixi səfəri Azərbaycanı parçalanmaqdan xilas etdi // Xalq qəzeti, 13 iyun 2012-ci il ].
Ulu Öndər hakimiyyətə gəldiyi ilk dövrlərdən Qərb dövlətləri ilə ikitərəfli münasibətləri, qarşılıqlı faydalı əlaqələri inkişaf etdirməyə başladı, eyni zamanda ölkədə yaranmış müxtəlif səpkili problemlərin aradan qaldırılması istiqamətində köklü və düşünülmüş islahatların bünövrəsini qoydu.
Müstəqil Azərbaycanın qurucusu ölkəyə rəhbərlik etməyə başladıqdan dərhal sonra respublikada ictimai-siyasi sabitlik, sosial ədalət bərqərar oldu. 1994-cü ildə atəşkəsin imzalanması sayəsində Ümummilli Lider Azərbaycan-Ermənistan cəbhəsindəki ağır vəziyyətə son qoydu. Düşünülmüş və gələcəyə hesablanmış siyasətin uğurlu nəticələrini görən xalqımızın sabaha ümidləri daha da artdı.
Ümummilli Liderimiz ölkənin siyasi rəhbərliyinə qayıtdıqdan dərhal sonra çoxşaxəli və möhtəşəm fəaliyyətini gerçəkləşdirdi, yığılıb qalmış problemlərin təxirəsalınmadan həllinə başlanıldı, həyatımızın bütün sahələrində islahatlara qədəm qoyuldu. Məsələn, iqtisadi inkişafı müstəqilliyin mühüm amili hesab edən ulu öndər iqtisadiyyata sərmayə qoyuluşunun prioritet əhəmiyyət kəsb etdiyini yaxşı bilirdi. 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə kəşfiyyatı, işlənməsi və hasilatın bölgüsü üzrə dünyanın tanınmış neft şirkətlərinin birləşdiyi konsorsiumla (ABŞ-ın “Amoko”, “Yunokal”, “Penzoyl”, Böyük Britaniyanın bp, “Remko”, Norveçin “Statoyl”, Rusiyanın “LUKoyl”, Türkiyənin “Türk Petrolları”, Səudiyyə Ərəbistanının “Delta” şirkətləri) “Əsrin müqaviləsi” adlandırılan tarixi saziş imzalandı. 1994-cü il sentyabrın 20-də Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi”nin imzalanması ilə ardıcıl şəkildə reallaşdırılmağa başlayan “neft strategiyası” iqtisadiyyatın kəskin ehtiyac duyduğu xarici investisiya qoyuluşunun dinamik şəkildə artmasına, ölkənin sosial-iqtisadi inkişaf yoluna çıxmasına və dünya birliyinə hərtərəfli inteqrasiyasına mühüm təsir göstərmişdir. Bu razılaşmanın imzalanmasından sonra ölkədə gedən ictimai-siyasi və iqtisadi proseslərin xarakterində nəzərəçarpacaq dəyişikliklər baş verdi. Heydər Əliyevin siyasəti dünyanın ən qüdrətli dövlətlərini təmsil edən iri neft korporasiyalarını vahid bir mərkəzdə birləşdirməklə, həm iqtisadi inkişafa, həm də regional təhlükəsizliyin təmin olunmasına əlverişli şərait yaratdı. “Əsrin müqaviləsi” adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması və onun gerçəkləşdirilməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və böyük siyasətçi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Növbəti il də çox mühüm addım atıldı – 1995-ci ildə qəbul edilmiş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun hüquqi əsaslarını yaratdı. Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın ilk iclasında ulu öndər Heydər Əliyev geniş nitq söylədi. Bu tarixi sənəddə Azərbaycanda müstəqil respublikanın ilk Konstitusiyasının yaradılmasının ictimai-tarixi zəmini, əvvəlki dövrlərdə Konstitusiya quruculuğu tarixi nəzərdən keçirilir, təhlil edilir, onlara qiymət verilirdi. Ümummilli Liderin nitqində müdrik dövlət başçısının məsləhətləri, tövsiyələri əks olunur, qarşıda duran vəzifələr ətraflı açıqlanırdı: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun” [Əliyev Heydər. Müstəqillik yollarında. Üçüncü kitab, Bakı: Azərbaycan, 1997, 510 s., /s. 409]. Heydər Əliyev komissiya üzvlərinin diqqətini onların bu sahədəki fəaliyyətlərinin məsuliyyətli və şərəfli olduğuna yönəldirdi. O, xatırladırdı ki, üzərimizə düşən vəzifə həm şərəflidir, həm də çox məsuliyyətlidir [Əliyev Heydər. Müstəqillik yollarında. Üçüncü kitab, Bakı: Azərbaycan, 1997, 510 s., /s. 410].
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikası Konstitusiyasının yaradılmasında həm Azərbaycanın tarixi keçmişinin milli dəyərlərindən, həm də ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin təcrübəsindən istifadə edilməsini mühüm vəzifə kimi irəli sürürdü.
Ölkəmiz demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişafı kimi seçdi. Ulu Öndərin birbaşa təşəbbüsü ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu sənəd müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixə yazıldı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar verdi.
Lakin Azərbaycanın sürətli inkişaf yoluna qədəm qoyması daxili və xarici düşmənlərimizi rahat buraxmırdı, bu cür qüvvələr ölkəmizi yenidən fəlakətlə üzləşdirmək və hakimiyyəti cinayət yolu ilə qəsb etmək istiqamətində xəyanətkar fəaliyyətlərini davam etdirirdilər. Xoşbəxtlikdən güclü Azərbaycan dövləti quran ümummilli liderimizin müdrik addımları sayəsində 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Şübhəsiz, Azərbaycana qarşı törədilən bütün bu antimilli fəaliyyətlər onun müstəqilliyinə yol verməmək, Azərbaycanı dünyanın siyasi xəritəsindən silmək məqsədi daşıyırdı. 1994-cü ilin oktyabr hadisələri zamanı televiziya və radio ilə xalqa müraciətində milli təhlükəsizliyimizə qarşı yaranmış vəziyyətlə əlaqədar hamını həmrəy olmağa çağıran Heydər Əliyev deyirdi: “Əziz həmvətənlər, Azərbaycan vətəndaşları! Bu ağır dəqiqələrdə bir daha sizə müraciət edirəm. Sizi əmin edirəm ki, Azərbaycanın dövlətçiliyini qorumaq üçün son nəfəsimə qədər, son damla qanıma qədər öz yerimdəyəm. Xalqla birlikdəyəm. Xalqın təhlükəsizliyini qorumağa çalışacağam. Bundan ötrü lazımi imkanlardan istifadə edəcəyəm. Eyni zamanda, əziz həmvətənlər, sizə güvənirəm, sizə arxalanıram” [Əliyev Heydər. Müstəqilliyimiz əbədidir. İkinci kitab. Bakı: Azərnəşr, 1997, 604 s., /s. 356]. Oktyabr və mart hadisələrindən sonra keçən illər və aparılan siyasi tədbirlər nəticəsində, dövlət tərəfindən həyata keçirilmiş, hüquq-mühafizə orqanlarının apardığı işlər və gördükləri tədbirlər həmin illərdə və ondan əvvəlki illərdə respublikanın daxilində olan vəziyyəti daha da aydınlaşdırmışdır. Şükürlər olsun ki, ulu öndər Heydər Əliyevin siyasi xəttinin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycanda möhkəm ictimai-siyasi sabitlik yaradılmış, vətəndaş həmrəyliyi təmin olunmuşdur.
Dahi lider Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və ədalətli şəkildə həll olunması, ümumiyyətlə Qafqaz regionunda bütün münaqişəli durumların dinc vasitələrlə və danışıqlarla çözülməsi, beləliklə də regionun sülh və sabitlik regionuna çevrilməsi istiqamətində yorulmadan çalışırdı. Hazırda Qafqaz qloballaşan və qloballaşdıqca terrordan əziyyət çəkən narahat dünyamızın ən qaynar nöqtələrindən və strateji baxımdan ən əhəmiyyətli geosiyasi məkanlarından sayılır. “Qafqaz indi bütün dünyanın diqqət mərkəzindədir. Ona görə də Qafqazda gedən prosesləri düzgün istiqamətə, sülh istiqamətinə yönəldib Qafqazda sülhə, əmin-amanlığa nail olmaq çox böyük, müqəddəs məqsəddir, ali məqsəddir və biz bu məqsəd uğrunda bundan sonra da əzmlə çalışacağıq”, – deyə, Heydər Əliyev Gürcüstanda yaşayan azərbaycanlılarla görüşdə belə söyləyirdi [Hüseynova İradə. Tarix. Zaman. Düşüncələr. I cild. Bakı: Elm və təhsil, 2016, 512 s., /s.87]. Bütün tarixi reallıqları, zəmanəmizin gerçəkliklərini, çağdaş dünyada baş verən qlobal və regional hadisələri düzgün qiymətləndirən ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunda “Vətəndə sülh, bölgədə sülh, dünyada sülh!” konsepsiyası mühüm yer tuturdu. Həmin konsepsiya əsasında həyata keçirdiyi qlobal tədbirlər sayəsində Heydər Əliyev “Ümumqafqaz evi” ideyasının əsas müəlliflərindən biri, “Ümumqafqaz evi”nin ağsaqqalı kimi nəinki Qafqazda, eləcə də bütün dünyada tanınmış və şöhrət qazanmışdı. Bu, tarixi reallıqdır ki, hazırda Qafqazda sülh, əmin-amanlıq təkcə region ölkələri üçün deyil, bütün dünya dövlətləri üçün də iqtisadi və mədəni inteqrasiyanın əsas şərtlərindən biridir.
Qafqaz geostrateji mövqeyinə, iqtisadi potensialına görə Şərqlə Qərb, Cənubla Şimal arasında körpü rolunu oynayır. Bu amil Qafqaz xalqları və dövlətlərinə bölgədə və dünyada sülh və inteqrasiya prosesində dominantlıq, aparıcılıq, liderlik mövqeyi qazandırır. Bu mövqedən səmərəli və beynəlxalq hüquq normalarına uyğun şəkildə istifadə edən Azərbaycan rəhbərliyi bilir ki, sülh mədəniyyətinin tərkib hissəsinə təkcə sülh uğrunda deklarativ mübarizə, bəyanatlar, bəyannamələr səviyyəsində siyasi gedişlər deyil, həm də geosiyasi-iqtisadi siyasət, coğrafi transsiyasət, azad ticarət və iqtisadi məkan uğrunda mübarizə də daxildir.
“…Azərbaycanda, bütün Qafqaz regionunda və bütün dünyada sülhün bərqərar olması bizim ən ümdə arzumuzdur. Azərbaycan sülhsevər ölkə olaraq, bütün dövlətlərlə və xalqlarla, ələlxüsus öz qonşuları ilə qarşılıqlı anlaşma, mehriban qonşuluq və əməkdaşlıq şəraitində yaşamaq istəyir” [Heydər Əliyev işığı – İpək yolu. Bakı, 2001, s.106]. 1996-cı il martın 8-10-da Gürcüstana rəsmi səfər edən Heydər Əliyev və Eduard Şevardnadze tərəfindən martın 8-də artıq elmi-siyasi ədəbiyyatda – tarixşünaslıqda “Tbilisi Bəyannaməsi” adlandırılan “Qafqaz regionunda sülh, sabitlik və təhlükəsizlik haqqında” Azərbaycan-Gürcüstan birgə Bəyannaməsi imzalandı. Bəyannaməyə görə, irəli sürülən və reallaşdırılması nəzərdə tutulan “Ümumqafqaz evi” insan hüquq və azadlıqlarına, dini və etnik mənsubiyyətindən asılı olmayaraq, milli azlıqlara hörmət əsasında yaradılmalı, etnik və dini dözümlülük hər zaman gözlənilməli, dünyanın zəngin mədəniyyət beşiyi olan Qafqaz xalqlarının və dövlətlərinin mədəni irsi və dövlətçilik ənənələri qorunmalı, inkişaf etdirilməli, Qafqaz dövlətlərinin beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri hamı tərəfindən tanınmalı, ərazi toxunulmazlığı təmin edilməli, xalqların və dövlətlərin iqtisadi-mədəni əlaqələrinin formalaşmasına şərait yaradılmalıdır. “Qafqaz regionunda sülh, sabitlik və təhlükəsizlik haqqında” bəyannamənin tarixi rolundan, regionda sülhün təmin olunması yolundakı əhəmiyyətindən danışarkən, Heydər Əliyev Tbilisidə keçirilən mətbuat konfransında demişdir: “Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq haqqında” imzaladığımız bəyannamə çox mühümdür. Mən deyərdim ki, bu, həmin qəbildən olan ilk belə ciddi mühüm siyasi sənəddir. Onun mühümlüyü və böyük əhəmiyyəti bundadır ki, Qafqaz qeyri-sabitlikdən, münaqişələrdən, bir çox millətlərarası toqquşmalardan və proseslərdən əziyyət çəkir. Ona görə də hər birimizin, xüsusən də Gürcüstan və Azərbaycan dövlət başçılarının vəzifəsi Qafqazda sülhə, təhlükəsizliyə, əməkdaşlığa yol açmaqdır. İmzaladığımız sənəd məzmununa və xarakterinə görə belə bir əməkdaşlığa yol açır. O, başqalarının qoşulması üçün açıqdır. Ona görə də ümidvar olduğumu bildirmək istəyirəm ki, regionumuzun digər dövlətləri, eləcə də başqa dövlətlər bu sənədə qoşulacaqlar…” [Əliyev Heydər. Müstəqilliyimiz əbədidir. Beşinci kitab. Bakı: Azərnəşr, 1998, 500 s., /s. 404-405].
Bundan bir neçə ay sonra “Qafqaz dördlüyü” adlandırılan Rusiya Federasiyası, Azərbaycan, Gürcüstan və Ermənistan dövlətlərinin prezidentləri Qafqazda sülh, əmin-amanlıq, təhlükəsizlik və əməkdaşlıq məsələlərini müzakirə etmək məqsədilə 1996-cı il iyunun 3-də Şimali Qafqazda görüş keçirdilər. “Qafqaz dördlüyü”nün Kislovodsk görüşündə “Qafqazda əmin-amanlıq, sülh, iqtisadi və mədəni əməkdaşlıq uğrunda bəyannamə” qəbul edilmişdir. Həmin bəyannamədə Qafqazın sülh, əmin-amanlıq, təhlükəsizlik regionuna çevrilməsi, Qafqazda millətlərarası həmrəyliyin yaradılması, Qafqazda möhkəm sülhün və sabitliyin bərqərar olmasına hərtərəfli kömək göstərilməsi, bölgədəki münaqişələrin beynəlxalq hüquq normaları əsasında yalnız sülh yolu ilə həll edilməsinin vacibliyi, Qafqazda tarazlaşdırılmış iqtisadi siyasətin həyata keçirilməsi, Qafqazın nadir təbiətinin qorunması və s. bu kimi qlobal məsələlərin birgə reallaşdırılması öz əksini tapmışdır.
“Kislovodsk Bəyannaməsi” kimi tanınan sənəd mahiyyət və məzmun etibarı ilə Heydər Əliyev və Eduard Şevardnadze təfəkkürünün, zəngin dövlətçilik təcrübəsinin məhsulu olan “Tbilisi Bəyannaməsi”nin məntiqi və siyasi davamıdır, əslində, həmin ideyaların daha geniş tərkibdə və kontekstdə bir daha təsdiqidir, müdafiə olunmasıdır, dəstəklənməsidir.
Həmin Bəyannamənin imzalanmasından sonra ulu öndər Heydər Əliyev demişdir: “Mən istəyirəm ki, Qafqazda sülh olsun, Qafqazda sabitlik olsun, axı Qafqazda müxtəlif millətlərin nümayəndələri, müxtəlif dinlərə etiqad bəsləyən adamlar yaşayırlar, onların çoxu müsəlman dininə mənsubdur… Odur ki, bizim borcumuz, bizim hər birimizin borcu – mən öz borcumdan danışıram – bu məsələlərə maksimum diqqətlə yanaşmaqdan, bütün dinlərə, bütün əqidələrə, milliyyətindən asılı olmayaraq, bütün adamlara hörmət etməkdən ibarətdir. Təkrar edirəm, bununla əlaqədar Qafqaz xalqlarını sıx birləşdirməyə və Qafqazı dinc bir regiona çevirməyə imkan var…” [Əliyev Heydər. Müstəqilliyimiz əbədidir. Altıncı kitab. Bakı: Azərnəşr, 1998, 511 s., /s. 400].
Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə Azərbaycanın paytaxtı Bakıda keçirilən tarixi Böyük İpək yolunun bərpası üzrə beynəlxalq konfransda imzalanan “Bakı Bəyannaməsi” və “Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılmasına dair saziş” də Qafqazda sülh prosesini möhkəmləndirməyə, Qafqaz dövlətlərinin Avropa və Asiya ölkələri ilə, eləcə də region ölkələrinin bir-birilə inteqrasiyasına, qarşılıqlı anlaşma və etimadın inkişafına birbaşa xidmət edirdi.
Heydər Əliyev “Tbilisi Bəyannaməsi”ndə irəli sürülən “Ümumqafqaz evi” ideyasının reallaşmasına kömək məqsədilə ATƏT-in İstanbul sammitində (dekabr 1999) “Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq Paktı”nın yaradılması təklifi ilə çıxış etmiş, Qafqazda sülhün təminatının çağdaş dünyanın iqtisadi və mədəni inteqrasiyasında, regionda sülhün, təhlükəsizliyin təminatında mühüm amil olduğu xüsusi vurğulanmış, sammit iştirakçısı olan dövlət başçıları (Türkiyə Cümhuriyyəti və b.) tərəfindən geniş müdafiə olunmuşdur.
Bu ideyanın davamı olaraq, Tbilisidə Türkiyə Cümhuriyyətinin sabiq prezidenti Süleyman Dəmirəl tərəfindən (15 yanvar 2000) “Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq Paktı”nın təşkili üzrə ATƏT-in İstanbul zirvə görüşündə (dekabr 1999) Heydər Əliyev tərəfindən irəli sürülən ideyanın geniş və ətraflı müzakirəsi razılaşdırılmışdır.
1 noyabr 1999-cu ildə Azərbaycan Prezidenti Heydər Əliyev Qafqazda və dünyada sülh, əmin-amanlıq, təhlükəsizlik, iqtisadi və mədəni inteqrasiya sahəsində böyük fəaliyyətinə görə Türkiyə Cümhuriyyətinin Beynəlxalq Atatürk sülh mükafatına layiq görülmüşdür.
Qeyd etməyi vacib sayıram ki, Prezident olduğu müddət ərzində Ümummilli Liderimizin verdiyi taleyüklü fərman və sərəncamlar böyük tarixi əhəmiyyət daşıyır. Belə ki, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR-dəki tarixi-etnik torpaqlardan kütləvi surətdə deportasiyaları haqqında Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 18 dekabr tarixli Fərmanı ilə deportasiya faktının araşdırılmadığı, bu hadisələrə hüquqi-siyasi qiymət verilmədiyi nəzərə alınaraq, deportasiyaların hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə dövlət komissiyası yaradılmışdır. 1918-ci ilin mart hadisələrinə ilk dəfə olaraq 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən siyasi qiymət verilib. Soyqırım Fərmanında Ulu Öndərin Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələrinin torpaqların zəbti ilə müşayiət olunduğunu, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etdiyini və Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul etdiyini bəyan etmişdir. “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 mart tarixli Fərmanı ilk rəsmi sənəd kimi böyük əhəmiyyətə malikdir. Tarixi həqiqətlərin üzə çıxmasına və öz yerini tutmasına təkan verən mühüm siyasi-hüquqi sənəddə həmin tarixi faciə dövlət səviyyəsində soyqırım kimi qiymətləndirilib.
Daha bir əhəmiyyətli məqamı qeyd etmək istərdim – Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən sonra Xalq Cümhuriyyəti tarixinin həqiqətlərinin üzə çıxarılmasında, onun Azərbaycan tarixində yerinin və əhəmiyyətinin göstərilməsində Heydər Əliyevin nəinki siyasi xadim kimi, eyni zamanda böyük tarixçi kimi yüksək xidməti vardır. “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi haqqında” Prezidentin 1998-ci il 30 yanvar tarixli sərəncamı böyük tarixi hadisə oldu. Sərəncamda deyilir: “Azərbaycan Xalq Cümhuriyyəti ölkənin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmişdir. Bu dövlətin qısa bir müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır. Milliyyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin müəyyən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır. Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahələrində atılmış addımlar Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətini əks etdirən əsas istiqamətlərdir. 1918-ci ildə Azərbaycanda yaranmış respublika quruluşu yaşamış, müstəqillik ?issləri xalqımızı ?eç vaxt tərk etməmişdir”. Prezident Sərəncamının yerinə yetirilməsinin nəticəsi olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair sənədlər və materiallar külliyyatı 7 cilddə hazırlanıb 1998-ci ildə nəşr edildi. Cümhuriyyət tarixinə dair elmi-tədqiqat işləri aparılmağa başlandı. Ulu öndər Heydər Əliyevin göstərişi ilə AMEA-nın Tarix İnstitutu tərəfindən 7 cildlik “Azərbaycan tarixi”nin akademik nəşri işıq üzü gördü [Hüseynova İradə. Heydər Əliyev – Müstəqil Azərbaycanda milli-mənəvi dirçəliş. “Dirçəliş-XXI əsr” jurnalı, № 74-75, 2004, səh. 177-199].
Azərbaycan Prezidentinin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli 506 saylı Fərman, “Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında” 4 iyul 2001-ci il tarixli 76 nömrəli Sərəncam, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli 552 nömrəli Sərəncam və nəhayət, 2003-cü il yanvarın 2-də qüvvəyə minmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” Qanun ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasını, onun uzunmüddətli strategiyasını və aydın proqramını verən tarixi qanunvericilik aktlarıdır. Bu sənədlərin hazırlanmasında böyük tarixi şəxsiyyət Heydər Əliyevin yüksək intellekti, zəngin dövlətçilik təcrübəsi, yenilməz məntiqi, vətəndaşlıq qeyrəti, ana dilinə misilsiz məhəbbəti mühüm rol oynayıb.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycanda elm və təhsil sahəsində çox gözəl ənənələr yaradılmışdır. Azərbaycan keçmiş SSRİ məkanında da ən aparıcı, inkişaf etmiş respublikalardan birinə çevrilmişdi. Heydər Əliyev hakimiyyətə gəldiyi müddətə qədər Azərbaycan SSRİ tərəfindən xammal mənbəyi kimi istifadə olunurdu və qiymətləndirilirdi. Böyük rəhbərin o vaxt hazırladığı inkişaf strategiyası nəticəsində qısa müddətdə Azərbaycan ən aparıcı respublikalardan birinə çevrildi. Bir neçə təhsil ocağı yaradıldı, ali təhsil məktəbləri üçün avadanlıqların alınması da məhz o dövrə təsadüf edirdi. Ən başlıcası isə, gözəl tarixi ənənələrin bünövrəsi qoyulmuşdu və bizim gənc qızlarımız, oğlanlarımız üçün SSRİ-nin ən aparıcı, ən mötəbər ali təhsil ocaqlarında təhsil almaq imkanları yaradılmışdı. Əgər 1969-cu ildə Azərbaycandan cəmi 47 nəfər SSRİ-nin iri şəhərlərinə ali təhsil almağa göndərilirdisə, 1982-ci ildə bu göstərici 1200-dən artıq idi. Bizim gənclərimiz Azərbaycanda və kənarda da uğurla fəaliyyət göstərmişlər. Bu da Heydər Əliyevin uzaqgörənliyindən irəli gəlirdi və daim onun siyasətinin başında gənclər idi. Heydər Əliyev həmişə gənclərə qayğı, diqqət göstərir və deyirdi ki, gənclər bizim gələcəyimizdir [Aspirantların və gənc tədqiqatçıların “Respublika Günü”nə həsr olunmuş elmi konfransının materialları. Bakı, 2004, səh. 6-9].
Azərbaycan müstəqilliyə qədəm qoyduğu ilk dövrdə elm və təhsil sahəsində yetərincə böhranlı vəziyyətlə qarşılaşmışdı. Elm sahəsində çalışan ziyalılara, alimlərə qarşı, bütövlükdə elmə qarşı başlanmış təzyiqlər, elmi müəssisələrə ögey münasibət o vəziyyətə gətirib çıxarmışdı ki, Azərbaycanın elm məbədgahı olan Milli Elmlər Akademiyası, onun institutları bağlanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Təhsil sistemində də mənfi, dağıdıcı, depressiv, böhranlı tendensiyalar meydana çıxmışdı. Təhsilə dövlət qayğısı tamamilə unudulmuşdu.
1988-ci ildən Ermənistanın Azərbaycana qarşı torpaq iddiası ilə əlaqədar olaraq başlanan elan olunmamış müharibə nəticəsində torpaqlarımızın işğalı təhsil sisteminə də ağır zərbələr vurmuşdu. Dağlıq Qarabağ və onun ətrafındakı rayonların işğal olunması 220 körpələr evinin, 616 ümumtəhsil məktəbinin, 35 məktəbdənkənar tərbiyə müəssisəsinin, 11 peşə məktəbinin, 4 orta ixtisas məktəbinin, 1 ali məktəb filialının dağıdılması ilə nəticələnmişdi. Bununla yanaşı, 1988-ci ildən Azərbaycanda siyasi vəziyyətin gərginləşməsi, hakimiyyət uğrunda mübarizənin kəskinləşməsi təhsil sisteminə həm mənəvi, həm də dağıdıcı zərbə vurmuşdu.
1993-cü ilin 15 iyunundan Azərbaycanda başlanan qurtuluş hərəkatı ölkənin digər mühüm sahələrində olduğu kimi, Azərbaycan təhsilində də əsaslı dəyişikliklərə səbəb oldu, onu uçurumdan, fəlakətdən qurtardı. Heydər Əliyevin hakimiyyətə xilaskar missiyalı qayıdışı ilə təhsildə tənəzzül, dağılma prosesi dayandırıldı. Təhsilin öz məcrasına düşməsi, onun inkişafı üçün əlverişli iqtisadi şərait, hüquqi, mənəvi-əxlaqi mühit yarandı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən sosial-iqtisadi, ictimai-siyasi, mədəni və dövlət quruculuğunda baş vermiş dəyişikliklər bazasında təhsil sistemində beynəlxalq standartlara uyğun əsaslı islahatların həyata keçirilməsini zəruri edirdi.
Məhz Heydər Əliyevin 1993-cü ilin oktyabrında Prezident seçilməsindən sonra təhsilin inkişafı onun ən çox diqqət mərkəzində olan məsələlərdən oldu. Bu diqqət və qayğı Prezidentin rəhbərliyi ilə işlənmiş Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. Azərbaycan Respublikasının Konstitusiyası ilə on bir illik icbari təhsilə keçirildi. Azərbaycan vətəndaşlarına pulsuz ümumi orta təhsilə dövlət təminatı verildi [Hüseynova İradə. Heydər Əliyev – Müstəqil Azərbaycanda milli-mənəvi dirçəliş. “Dirçəliş-XXI əsr” jurnalı, № 74-75, 2004, səh. 177-199].
Müstəqillik illərində də ümummilli lider Heydər Əliyev təhsilin inkişafı üçün çox mühüm islahatlar apardı. 1998-ci ildə imzalanan “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası haqqında” Sərəncamla müstəqil Azərbaycanın təhsil sistemində beynəlxalq standartlara uyğun islahatların aparılması, təhsilin inkişafı və onun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün əhəmiyyətli layihələrin tətbiqi məqsədilə Dövlət Komissiyası yaradıldı. Bununla da təhsilin inkişafını sürətləndirən yeni tarixi mərhələnin əsası qoyuldu. Dövlət Komissiyası tərəfindən qısa müddətdə hazırlanmış “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” ulu öndər Heydər Əliyev tərəfindən 1999-cu ildə xüsusi sərəncamla təsdiqləndi. Bundan əlavə, təhsilin inkişafına xidmət göstərən bir sıra fərman və sərəncamlar imzalandı.
Milli ideologiyamızın, milli məfkurəmizin yaradılması ümummilli lider Heydər Əliyevin tarixi xidməti idi. Onun əsası Azərbaycançılıqdır. Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyasının təməl prinsipləri, başlıca konseptual müddəaları aşağıdakılardan ibarətdir: Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, onun dönməzliyinin və əbədiliyinin təmin edilməsi; Azərbaycan xalqının bütövlüyünün, milli həmrəyliyinin təmin olunması, vətəndaş cəmiyyətinin formalaşması, dünya azərbaycanlılarının “Azərbaycan” idealı ətrafında birliyinə nail olunması; Azərbaycanın iqtisadi müstəqilliyinin, azad bazar münasibətlərinin bərqərar olunması; milli ideologiyanın ifadə vasitəsi olan müstəqil Azərbaycanın dövlət dilinin – Azərbaycan dilinin hərtərəfli inkişaf etdirilməsi və tətbiqi dairəsinin genişləndirilməsi; Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, milli mentalitetinin inkişaf etdirilməsi; Azərbaycanın milli dövlətçiliyində ümumbəşəri dəyərlərin, dünyəvi, hüquqi-demokratik, sivil dövlət quruculuğu prinsiplərinin təmin olunması; Azərbaycanın dövlətçilik atributlarının milli ideologiyanın tərkib hissələrindən biri olması; Azərbaycançılıq milli ideologiyasının əsas müddəalarının, prinsiplərinin təhsil müəssisələrində öyrədilməsi, tədrisi, təbliği, təhsilin məzmununda milli-mənəvi və ümumbəşəri dəyərlərin geniş əks oluması, milli vətənpərvərlik tərbiyəsinin ön plana çəkilməsi və s. [Hüseynova İradə. Müstəqil Azərbaycan dövlətinin qurucusu. Bakı: Təhsil, 2004, 472 səh., /s. 430]. Ölkə rəhbəri İlham Əliyevin milli-mənəvi dəyərlərə münasibəti də ümummilli liderin azərbaycançılıq ideologiyası əsasında formalaşmışdır. Ulu öndər Heydər Əliyev zəngin dövlətçilik və siyasi irsinin qorunması, təbliğ edilməsi və gələcək nəsillərə ötürülməsi Azərbaycan xalqının milli dövlətçilik şüurunun inkişafının və yetişməkdə olan gənc nəslin dövlətçilik ənənələrinə sədaqət, azərbaycançılıq ideologiyası, Azərbaycan məfkurəsi ruhunda tərbiyə olunmasının ən vacib şərtlərindən biridir.
Siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət hissi, qurub-yaratmaq amalı ilə yaşamış ümummilli lider Azərbaycanın gələcəkdə daha qüdrətli dövlət olması üçün ölkəyə rəhbərliyə layiq ola biləcək namizədini də tövsiyə etmişdi. Vətənini canından artıq sevən ulu öndər 2003-cü il prezident seçkilərindən öncə xalqa müraciətində bildirmişdi: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatının gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” [Sülh və sabitlik prezidenti// http://azertag.az/xeber/SULH_VA_SABITLIK_PREZIDENTI-320061].
Həqiqətən də cənab İlham Əliyev Ulu Öndərin və xalqın ona bəslədiyi inam və ümidləri doğrultdu. Azərbaycan Prezidenti İlham Əliyevin Prezident kimi səlahiyyətlərinə başlamasından keçən dövrdə Azərbaycan daha sürətlə inkişaf edib, Azərbaycanın iqtisadi qüdrəti artıb, beynəlxalq aləmdə nüfuzu möhkəmlənib. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına istiqamətlənmiş Dövlət proqramları (2004-2008-ci illər və 2009-2013-cü illər) ilə nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının diversifikasiyasını təmin etmiş, qeyri-neft sektorunun dayanıqlı inkişafı, prioritet sahələrə iri həcmli investisiyaların yönəldilməsi regionlarda müasir infrastruktur layihələrinin reallaşdırılması, yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması üçün zəmin yaratmışdır.
Son 10 ildə Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyat olmuşdur. Maliyyə və iqtisadi böhran illərinə baxmayaraq, ölkəmizdə iqtisadi inkişaf sahəsində pozitiv təmayüllər saxlanmaqdadır.
2013-cü ildə Azərbaycanın neft-qaz potensialının inkişafı və möhkəmləndirilməsi üçün tarixi sazişlər imzalanmışdır. Transadriatik boru xətti layihəsinə (TAP) dair qərarın qəbul edilməsi, TAP-ın əsas marşrut kimi seçilməsi strateji əhəmiyyətli hadisələridir. Trans-Anadolu (TANAP) qaz boru kəməri Azərbaycan təbii qazının Gürcüstandan və Türkiyə ərazisindən keçərək nəql edilməsini əhatə edir. Regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyəti olan TANAP və TAP layihələri hələ uzun illər ölkə iqtisadiyyatına öz səmərəsini verəcəkdir.
Bundan başqa, dünyanın ən iri enerji layihələrindən olan “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması Azərbaycanın ən iri qaz yatağının tam həcmdə işlənilməsinə şərait yaradacaqdır. Hesab edirəm ki, bu, dövlət başçısı İlham Əliyevin Azərbaycanın transmilli qaz ixracı siyasətinin əsas uğurlu addımlarındandır. Mütəxəssislərin “XXI əsrin layihəsi” adlandırdıqları “Şahdəniz-2” sazişi 2013-cü il dekabrın 17-də imzalanmışdır. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyuldu. Prezidentimizin sözlərinə görə, bu kontrakt bizə imkan verir ki, iqtisadi və maliyyə imkanlarımızı artıraq: “Mən hesab etdim ki, XXI əsrin layihəsi də “Cənub” qaz dəhlizidir və yaxşı olar ki, 20 il sonra məhz sentyabrın 20-də bu təməlqoyma mərasimini keçirək. Belə də oldu. Yüksək səviyyəli çoxsaylı qonaqların iştirakı ilə “Cənub” qaz dəhlizi layihəsinin təməli qoyuldu, tikintisi başlamışdır. Bu, böyük və tarixi hadisədir”.
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi tarixi nailiyyətlərdir. 2017-ci ilin 30 oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolu açılmış və bu xətt istifadəyə verilmişdir.
Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, ümummilli liderimiz Heydər Əliyevin zəngin idarəçilik, milli dövlətçilik məktəbini keçən, Heydər Əliyevin azərbaycançılıq kursunu dərindən mənimsəyən və onu davam etdirməyə qadir olan, Vətəninə, xalqına, millətinə, dövlətinə ləyaqətlə xidmətin Heydər Əliyev örnəyinin, nümunəsinin layiqli davamçısı missiyasını yeni əsrdə – XXI yüzillikdə daşımağa qabil siyasi-ideoloji, mədəni və intellektual, idarəçilik baxımından yeganə şəxsiyyət kimi Azərbaycan cəmiyyəti tərəfindən qəbul və etiraf olunan cənab İlham Əliyev ölkəmizin dövlət başçısıdır. Prezident İlham Əliyevin xoşbəxtliyi isə ondadır ki, o, dünya şöhrətli siyasət xadim və müdrik dövlət adamının, XX əsrin ən böyük lideri, 50 milyonluq dünya azərbaycanlılarının milli iftixarı və güvənc yeri, ən böyük azərbaycanlı olan Heydər Əliyev ocağının, Heydər Əliyev vətənpərvərlik məktəbinin yetirməsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ulu öndər Heydər Əliyevin dövlətçilik və idarəçilik iş üslubunu dərindən mənimsəmiş siyasi lider, çağdaş dünyanın reallıqlarını zəngin siyasi təfəkkür səviyyəsində analitik təhliletmə bacarığına yiyələnmiş praqmatik siyasətçi, bacarıqlı diplomat, Heydər Əliyev kimi fenomenal, dahi şəxsiyyətin qan yaddaşının, genetik keyfiyyətlərinin layiqli daşıyıcısıdır.
Heydər Əliyev siyasətinə sədaqət nəticəsində müstəqil Azərbaycan bu gün yeni inkişaf və tərəqqi dövrünü yaşayır, Heydər Əliyev ideyaları yaşayır, qalib gəlir. Müstəqil Azərbaycan möhtərəm Prezidentimiz İlham Əliyevin liderliyi altında sürətlə beynəlxalq birliyə sıx şəkildə inteqrasiya olunur və onun nüfuzlu üzvlərindən birinə çevrilir. Bu gün müasir Azərbaycan ulu öndərin əsasını qoyduğu təməl üzərində dayanmadan inkişaf edir, Azərbaycan bu gün heç bir alternativi olmayan Heydər Əliyev yolu ilə inamla irəliləməkdədir. Hər bir uğurumuz, nailiyyətimiz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın dünəni, bu günü və gələcəyi kimi dəyərləndirilən Heydər Əliyev ideyaları cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizə qarşıdakı illər üçün daha möhtəşəm uğurlar vəd edir.
İradə Hüseynova,
Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor,
YAP Siyasi Şurasının üzvü, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Elm, təhsil və innovasiyaların
inkişafında xidmətlərinə görə Beynəlxalq “Sokrat” mükafatı laureatı