Elektromobil

Hibrid və elektromobillərin idxal qiymətindəki artım nə vəd edir?

Baxış sayı: 461

Dövlət Gömrük Komitəsi xəbər verir ki, 2023-cü ilin yanvar-oktyabr ayları ərzində bir ədəd elektromobilin idxal qiyməti təxminən 40 min 536 dollar təşkil edib. Bu göstərici 2022-ci ilin eyni dövründə 34 min 637 dollara bərabər olub. Beləliklə, qiymətlər 5 min 899 dollar və ya 17 faiz bahalaşıb. Bir ədəd hibrid avtomobilin idxal qiyməti isə təxminən 24 min 771 dollar olub. 2022-ci ilin eyni dövründə isə idxal qiyməti 12 min 257 dollar ətrafında dəyişib. Burada isə qiymətlərdə 12 min 514 dollar və ya iki dəfə artım baş verib. Göründüyü kimi, hibrid və elektromobillərin idxal qiymətində nəzərəçarpacaq artım var. Bəs bu artım həmin avtomobillərin satış qiymətinə necə təsir göstərəcək?

 

Çindəki qiymət artımı məzənnə ilə bağlıdır

Qeyd edək ki, Azərbaycana ən çox elektromobil və hibrid avtomobillər Çin və Cənubi Koreyadan gətirilir. Hər avtomobilin öz qiyməti olur. Qiymətin formalaşmasında modelinin də rolu çoxdur. Ən ucuz hibrid avtomobil 17-18 min dollardır. Bahalıların qiyməti də 35 min manatdan başlayır.
Paytaxtdakı avtosalonların təmsilçiləri qeyd edirlər ki, hibrid və elektromobillərin satış qiymətlərində cüzi də olsa artım mövcuddur. Çində hazırda qiymətlərdə müşahidə olunan bahalaşma məzənnə ilə bağlıdır. Dollar ucuzlaşdığı üçün avtomobillərin qiyməti qalxıb.

 

“Çindəki daşınma qiymətlərinə baxsaq…”

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının direktoru Eyyub Əliyev isə bildirdi ki, dünyada daşınma xərcləri gündən-günə qalxır: “Xərclərin qalxması avtomobillərin qiymətinə ən böyük təsir edən səbəblərdən biridir. Ölkəmizə avtomobillərin əksəriyyəti Çindən gəlir. Hətta elektromobillərdən qeyri-rəsmi yolla gələnlərin də çoxu Çin istehsalıdır. Çindəki daşınma qiymətlərinə baxsaq, görərik ki, artım mövcuddur. Bu da ölkəmizdəki avtomobillərin də qiymətinə təsir edir”.

Qiymətin qalxması tələbat məsələsidir 

E.Əliyevin sözlərinə görə, qiymətlərdəki bu bahalaşma, bu avtomobillərə tələbat azalmayacaq: “Bütün dünya elektromobil və hibrid avtomobillərə keçir. Onların qiymətinin qalxması tələbat məsələsidir. Müəyyən bir dönəmdən sonra istehsalçı zavodlar tələbatın çoxluğunu nəzərə alıb qiymətləri qaldıra bilərlər”.

Ekspertin qənaətincə, qiymət artımını şərtləndirən digər bir amil Azərbaycanda bu avtomobillərin şarj alətlərinin quraşdırılması prosesinin sürətlə aparılmasıdır: “Artıq regionlarda da şarj məntəqələrinin quraşdırılması ilə bağlı işlərə start verilib. Paytaxtda isə bununla bağlı heç bir problem yoxdur”.

 

Marjasından keçir, amma avtomobilin qiymətini qaldırmır

Müsahibimiz qeyd etdi ki, rəsmi dilerlər qiymətləri dəyişmir: “Amma ölkəmizdəki son 2-3 ilin qiymətlərinə nəzər yetirdikdə görürük ki, daşınma xərcləri nə qədər artsa da, istehsalçı zavodlar avtomobillərin qiymətini yüksəltsə də, rəsmi salonlar və dilerlər avtomobillərin qiymətini stabil saxlamağa maksimum dərəcədə çalışırlar. Hətta elə dilerlər var ki, 2020-ci ildəki qiymətə satır. Marjasından keçir, amma avtomobilin qiymətini qaldırmır”.

 

Artıq daha bahalı avtomobillər gətirilir

İqtisadçı Rəşad Həsənov bildirdi ki, Dövlət Gömrük Komitəsinin verdiyi məlumatlar əsasında müvafiq qənaətə gəlinməsi doğru deyil: “Elektrik və hibrid avtomobillərin markalarından, növündən, ilindən asılı olaraq qiymətləri fərqlənir. Bu baxımdan əsas məsələ ölkəyə hansı növ və hansı illərdə istehsal olunmuş avtomobillərin idxalıdır. Əvvəlki illərdə ölkəyə daha çox işlənmiş avtomobillər gətirilirdi. Amma son vergi güzəştləri və s. məsələlər daha yeni avtomobillərin gətirilməsinə səbəb oldu. Güzəştlərdən sonra daha imkanlı insanlar bu sahəyə meyl edir. Bu da daha bahalı elektromobil və hibrid avtomobillərin ölkəyə idxalı ilə nəticələnir. Beləliklə, orta qiymət göstəriciləri də artır”.

Böyük şirkətlər də bu avtomobilləri istehsal edir

Ekspertin fikrincə, dünya bazarında elektromobillərin, hibridlərin qiymətləri ucuzlaşır: “Texnologiyanın inkişafı və seriyalı istehsalın artması, həmçinin bazarda rəqiblərin çoxalması dünya bazarında qiymətlərin ucuzlaşmasına gətirib çıxarır. Böyük avtomobil korporasiyalarının əksəriyyəti artıq kütləvi şəkildə elektrik avtomobillərinin istehsalına keçiblər. Ölkəyə gətirilən avtomobil bahalı və daha təminatlı, mürəkkəb kombinasiyalıdırsa, onların bazarda satış qiymətləri daha yüksək olacaq”.

 

Bizdə də belə işlər görülərsə…

R.Həsənovun sözlərinə görə, bir sıra ölkələr bu avtomobillərə marağın azalmaması üçün əlavə tədbirlər görürlər: “Məsələn, faizsiz kreditlərin verilməsi, mövcud avtomobillərin utilizasiyası, avtomobil dəyərinin bir hissəsinin, hətta bəzi ölkələrdə 50 faizinin subsidiyalaşdırılması, ödənişsiz parkinq və şarj xidmətləri ilə təmin etmək və sair istiqamətlərdə təşəbbüslər ortaya qoyurlar. Bizdə də belə işlər görülərsə, düşünürəm ki, bu, avtoparkımızın strukturunun elektrik mühərrikli avtomobillərə doğru sürətlə dəyişməsinə gətirib çıxarar. Bu, eyni zamanda dövrün çağırışı, ailə büdcəsinin səmərəli istifadəsi aspektindən də çox vacibdir”.

 

Zərif Salmanlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir