Hicran Huseynova

Hicran Hüseynova: “Valideynlər yavaş-yavaş məsuliyyətlərini itirirlər”

Baxış sayı: 1. 621

Milli Məclisdə “Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılması yolları” adlı dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, ölkədə erkən nikahlar, boşanmalar və zorakılıq halları narahatlıq doğurur.

“Bəzən Azərbaycana yaraşmayan hallar olur ki, biz onların qarşısının alınmasına çalışmalıyıq. Azərbaycan da digər ölkələr kimi qloballaşma dövründə yaşayır. Bunun müsbət və mənfi təsirləri var. Bundan başqa, informasiya texnologiyalarının inkişafı bizi sevindirir. Lakin unutmamalıyıq ki, informasiya texnologiyalarının inkişafının müsbət tərəfləri kimi mənfi tərəfləri də var. Bəzən valideynlər sevinir ki, uşaq başqa otaqda sakit oturub. Amma maraqlanmır ki, həmin uşaq orada nə ilə məşğuldur. Əvvəl ailələrimizdə ağsaqqalın, böyüklərin, hətta uşağın da sözü keçirdi. Lakin bu gün valideynlər uşaqları ilə məşğul olmaq istəmirlər”, – deyə o vurğulayıb.

Komitə sədri bildirib ki, bəzən valideynlər komitəyə uşaqları ilə bacara bilmədikləri üçün müraciət edirlər ki, onları ayırsınlar: “Görün hansı vəziyyətə çatmışıq. Biz bu məsələləri qaldırmalı, qanunvericilikdəki boşluqları aradan qaldırmalıyıq”.

H. Hüseynova vurğulayıb ki, valideynin məsuliyyəti artırmalıdır: “Bəzən atalar 15 yaşlı qızını oxumağa qoymur ki, ərə versin. Amma onlar düşünmürlər ki, bu yaşda uşaq ailə qurmaq qabiliyyətinə malik deyil. Bu baxımdan biz ailələrdə psixoloqların olması məsələsini önə çıxarmışıq. Komitədə boşanmaların səbəblərini araşdırdıqda, görürük ki, burada problem sosial məsələlərlə bağlı deyil. Əksinə kasıb ailələrdə bir-birinə dəstək daha çoxdur. Ailələrimizdə kişi və qadınların məsuliyyəti yavaş-yavaş sıradan çıxır. Düzdür, bizdə çox gözəl, nümunəvi ailələr də var. Amma bir çox ailələrdə məsuliyyət hissinin aşağı olduğunu da görürük”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir