Talehin 4 yaşı var. Telefon, kompüter, planşet ən sevimli oyuncağıdır. Qlobal “hörümçək toru” digər insanlar kimi onu da təsir dairəsinə alıb. Hazırda internet ən böyük xoşbəxtliyidir. Düzdür, virtual aləmin insana zövq verən tərəfləri çoxdur. Lakin uşaqlar üçün nəticələri hər zaman yaxşı olmur. Taleh son günlərin məşhur “Squid Game” serialını izləyib. Bacısı ilə oyun oynayarkən məğlub olduğu üçün onu öldürməyə çalışıb.
Məlumat üçün bildirək ki, Cənubi Koreya istehsalı olan serialda uduzanın öldürüldüyü uşaq oyunlarından bəhs edilir.
Düzdür, internetdən istifadə uşaqların dünyagörüşü, məlumatlarını artırır. Lakin virtual şəbəkədə aqressiv və ya sosial təhlükəli məzmunda olan informasiyalar, məlumatlar, şərhlər, yazılar, audio və videomateriallar, filmlər, reklamlar kifayət qədərdir. Təbii ki, bununla əlaqədar uşaqların internetdən istifadə zamanı müxtəlif arzuolunmaz məlumata əlçatanlığının, sərf etdikləri gündəlik saatların və digər tənzimlənməli faktorların vacibliyi ön plana çıxır. Bəs uşağın aldığı məlumatlara valideyn nəzarət edə bilərmi? Uşağın yanında olmadıqda belə, telefon, planşet, kompüterləri necə uzaqdan idarə edə bilərik?
İnternetdə “uşaq nəzarəti” imkanları
Yeni texnologiyalar, telekommunikasiya və innovasiyalar üzrə ekspert Cəlil Xəlilov deyir ki, hər bir valideyn cihazdan asılı olmayaraq, əlavə proqramlar yükləmədən internetdə övladına nəzarət edə bilər: “Cihazdan asılı olmayaraq istifadə etdiyimiz hər bir platforma əlavə proqramlar yükləmədən istər telefonda, planşetdə (android ya ios əməliyyatlı), istərsə də kompüterdə (windows ya mac əməliyyat sistemli) bir sıra geniş “uşaq nəzarəti” imkanlarını təqdim edirlər. İnternetə giriş məhdudiyyəti, günün vaxtından asılı olaraq cihazdan istifadə etmə saatlarının təyini, ayrıca tətbiq/proqram səviyyəsində istifadə məhdudiyyəti, müəyyən olunan internet səhifələrinə və ya ümumi şərtli saytlara (məs. 18+) giriş məhdudiyyəti, telefondan yalnız müəyyən kontaktlara yığa bilmə və digər əlverişli nəzarət ayarları mövcuddur. Bütün bunları valideyn birbaşa öz telefonunda ayarlar bölməsində sazlaya bilər”.
“Yalnız bu prinsiplə yaradılan hesablar idarə oluna bilər”
Ekspert deyir ki, nəzarətin işləməsi üçün valideyn uşaqların cihazlarında istifadə etdikləri hesabları (account) düzgün şərtlə – uşaq hesabı kimi yaradaraq (child account) ekosistemdə vahid ailə hesabı (family account) çərçivəsində təyin etməlidir: “Yalnız bu prinsiplə yaradılan hesablar idarə oluna bilir və bütün funksiyalar düzgün işləyir. Hər bir əməliyyat sistemində özünəməxsus idarəetmə mexanizmləri var: “Android” əməliyyat sistemində bu “Google Family Link” proqramı vasitəsilə, İOS sistemində birbaşa ayarlar menyusunda “ekran vaxtı” bölümündə, “Windows” əməliyyat sistemində “Family Safety” proqramı vasitəsilə həyata keçirilir. Valideyn bu alətlərdən yararlanaraq uşağın istifadə etdiyi cihazı, onunla keçirdiyi vaxtı, girdiyi hər bir proqramı idarə edib məhdudiyyətlər qoya bilər. Bu da o deməkdir ki, uşağın internetdə və cihazdan istifadəsində nəzarət və arzuolunmaz kontentə giriş uzaqdan asanlıqla təmin və idarə oluna bilər”.
İnternetlə uşağı tək qoymaq…
Uşaq psixoloqu Nikolay Kuznetsov deyir ki, uşaqların internetdə üzləşdiyi psixoloji cəhətdən ən çətin hadisələrdən biri “kiber buillinq”dir. Psixoloqun sözlərinə görə, internetlə uşağı tək buraxmaq, yad adamla tək qoymaqla eynidir: “Valideynin xəbəri olmadan, uşaq tanımadığı insanlar tərəfindən virtual aləmdə zorakılığa məruz qala bilər. Hər şey zahirən zərərsiz zarafatlar və istehza ilə başlayar və yeniyetmə intihar etməyə hazır olduqda, kədərli nəticələrə səbəb olur. Əksər hallarda uşağın özü heç bir şeydə günahkar deyil. Sadəcə ona qarşı silah tutan kütlənin gücünə müqavimət göstərmək onun üçün inanılmaz dərəcədə çətindir. Səbəblər çox əhəmiyyətsizdir”.
İnternetdə təhqir olunmaq…
Psixoloq deyir ki, internetdə təhqir olunmaq real həyatdakından daha çətindir: “Çünki zorakılığa məruz qalmağın ətrafda hiss olunmur. Bu zorakılıq onlarla təhqir və birbaşa hədələrlə gücləndirilir. Yeniyetmə yaxşı yatmır, daha pis oxumağa başlayır, depressiyaya düşür, özünə çəkilir və heç kimi görmək istəmir”. Psixoloqun sözlərinə görə, belə vəziyyətdə valideynlərin uşağa kiber zorakılığın qurbanına çevrilməsinin onun günahı olmadığını çatdırması vacibdir: “Uşağa hər zaman onun yanında olacağını və kömək edəcəyini çatdırmaq vacibdir. Əgər zorakılıq sürətlə davam edirsə, onu dayandırmaq üçün bütün qapıları döymək lazımdır: zorakılığı törədən uşaqların valideynlərinin, müəllimlərin və direktorun mesajlarını bloklamaq üçün resurs administratorları ilə əlaqə saxlayın”.
Nəzarət etmək sizin əlinizdədir, əks halda…
Müasir dövrdə uşaq və yeniyetmələrin internetdən istifadəsini tamamilə qadağan etmək düzgün deyil. Çünki onlar informasiya dövrünün uşaqlarıdır. Amma onun onlayn fəaliyyətinə nəzarət etmək sizin əlinizdədir. Mütəxəssislərin fikirləri və aparılan araşdırmalar onu göstərir ki, uşaqların internetdən istifadəsində mütləq bir limit və ciddi nəzarət olmalıdır. Əks halda, aqressiv, ünsiyyətdən qaçan və kompleksli bir nəslin yetişməsinə şərait yaradacağıq.
Aygün ƏZİZ