humay qedimova

Humay Qədimova: “Tara görə ailə qurmağa gecikmişəm…” – MÜSAHİBƏ

Baxış sayı: 1. 408

Sədəfli tarın sehrkar sarı simini dilləndirmək və onun dili ilə insanlara gözəl musiqi səfası yaşatmaq hər ifaçıya nəsib olmaz.  Çünki bu iş bir də ürək istəyir. Xəyalı uzaqlara qanadlandıran tarın sarı simindən həm sevinc, həm də həzin bir kədər duymaq üçün ifaçının alətə hakim olması, qəlbi ilə hərəkət etməsi, mənə görə çox önəmlidir. Humay Qədimovanın ifasındakı yanğını hiss etməmək isə mümkün deyil. Tarı sinəsinin üzərinə sıxan, qəlbindən keçənləri birbaşa təmasda olduğu tara ötürərək xüsusi bir sevgi ilə ifasını tamaşaçılara çatdıran tarzənin özünəməxsus ifa tərzi var.  Tanınmış tarzən Humay Qədimova ilə Azərbaycanın qadın tar məktəbinin davamçısı olmasından və tar ifaçılığının bugünkü durumundan danışdıq.

 

– İstərdik yeni “Musiqili Konsert” layihənizdən başlayaq. Bu layihə hansı zərurətdən yarandı?

– Layihə barədə uzun müddət idi ki, düşünürdüm. İstəyimi həyata keçirmək üçün müəyyən maneələr vardı. Əslində bu layihə silsiləli şəkildə nəzərdə tutulub. İstəyirik ki,  etdiyimiz yeni sintezləri lentə alıb, gələcək nəsil üçün qızıl fondda saxlayaq. “Musiqili Konsert” layihəsi bir növ mənim hesabatımdır. Layihənin yeni yaratdığım qrupla birgə davam etdirməyi planlaşdırırıq. Layihənin rejissoru Vüsalə Mirzəyevadır.

 

– Yeni yaratdığınız qrupun adı nədir?

– Qrupun tam olaraq adı yoxdur. Biz o qədər sənətə, yaradıcılığa  köklənmişik ki, bu barədə heç düşünməmişik. Belə ki, iki kişi həmkarım zərb və piano alətlərində məni müşayiət edirlər. Onlarla 6 aydır ki, birlikdə çalışırıq. May ayının sonuna qədər albom hazırlamağı düşünürük. Çox maraqlı repertuar seçmişik. Bu zamana qədər repertuarıma nəzər yetirsək, görərik ki, klassik, bəstəkar və xalq mahnıları üstünlük təşkil edir. Bu qrupla əsas məqsədimiz ondan ibarətdir ki, Avropa, hətta şərqin qarışığı və sintezi olan mahnılara müraciət edək.

 

 

– Səhv etmirəmsə, sizin sintez edilmiş bir mahnınız da vardı.

– Bəli,  “Pink Pantera” ritmik kompozisiyanın rolikini belə çəkmişdik. Bu layihə böyük maraq doğurdu. Həmin kompozisiya “Youtube”da reklamsız yarım milyon izləndi. Sözügedən kompozisiya yerli və xarici telekanallarda nümayiş olundu. Bu, mənim deyil, tarın və Azərbaycan mədəniyyətinin uğurudur. Düzdür, “Youtube”da ifalarımın nə qədər izlənməsi ilə maraqlanmıram, yəni sənətə başım o qədər qarışır ki, heç onunla maraqlanmaq üçün zamanım olmur. Əslində gənc nəsil olaraq bunlara bələd olmalı və prosesi yaxından izləməliyik. Yarım milyon o qədər də az rəqəm deyil. İnsanların tardan gözlədikləri təkcə bəstəkar və xalq mahnıları deyil. XXI əsrin gəncləriyik. Yaşadığımız dövrdə hər şey inkişaf etdiyi kimi, musiqinin də gedişatı inkişafdadır. İnsanlar yenilik tələb edirlər. Onun üçün  yeni layihəyə başladım və buna böyük marağın olduğunu görürəm. TV layihəsi ilə bağlı həm yerli, həm də xarici vətəndaşlar tərəfindən xoş sözlər eşidirəm.

 

– Xanım tarzən məktəbinin hazırkı durumu necə dəyərləndirirsiniz?

– Əvvəla onu qeyd edim ki, insanlar elə başa düşməsin ki, Humay qadın tarzən olaraq yalnız özünü görür və bu məktəbin yaradıcısı kimi təqdim edir. Xalq artistimiz Ceyran Haşımova “Lalə” qızlar ansamblının rəhbəri olub. İlk dəfə olaraq tar alətini səhnədə ifa edən qadın sənətçi onu görmüşəm. Mən 10 ilə yaxındır ki, pedaqoji fəaliyyətlə məşğulam və  Azərbaycan Milli Konservatoriyasının nəzdində Asəf Zeynallı adına musiqi kollecində muğamı təbliğ edirəm. Orada tələbələrim var. Tara qızların maraq göstərdiyini gördükdə çox sevinirəm. Hətta, rəhbərlik səviyyəsində qeyd olunur ki, səndən sonra bu sənətə daha çox qızlar gəlməyə başladı. Tara həvəs göstərən xanım tələbələri daha çox mənim sinfimə yönəldirlər. Xanım tələbələrimdən biri Azərbaycanda keçirilən beynəlxalq musiqi festivalında birinci yerə layiq görüldü. Həmin tarzən bu gün mənimlə birlikdə kollecdə pedaqoq kimi çalışır.

 

– Qadın tarzənlərimiz olub, amma bu günün gəncləri  sizi görür, sizdən örnək götürür. 

– Bu gün bu missiya mənim üzərimə düşür. Düzdür, qadın tarzənlərimiz var, ancaq  onlar meydanda olmayıblar. Təhsillərini bitirəndən sonra müəyyən səbəblərdən sənəti davam etdirməyiblər.  Bu gün kollecdə 6  xanım tələbəm var. Digər musiqi məktəblərindən xəbərim oxdur, hər halda, yəqin ki, orda da xanım tarzənlər yetişməkdədir. Bir az da qətiyyətli olsalar, gələcəkdə bu missiyanı layiqli şəkildə davam etdirmək potensialına sahib olarlar. Bu işdə hər şey sevgidən başlayır, sənətini  sevəcəksənsə, tar sənə çox şey verəcək. Yoxsa Humay kimi mən də efirdə olum, klip çəkdirim deyə sənətə gələcəklərsə, çox uzağa gedə bilməyəcəklər. Nailiyyət əldə etmək üçün zəhmət çəkmək lazımdır.

 

Image result for humay qədimova

 

– Gənc ifaçı olaraq davamçılarının olması, sizi örnək görmələri fərqli bir hiss olmalıdır.

– Çox gözəl hissdir. Tarla məşğul olmağa 14 yaşımda başlamışam. Mənim sənətə gəlişim bir az gec olub. 16 yaşında Asəf Zeynallı adına musiqi kollecinə qəbul olunanda çevrəmdəki insanlar mənə qəribə  baxırdı. Müəllimlər təəccüb içində idilər. Çünki qadın tarzən olaraq meydanda tək idim. Deyirdilər ki, zərif bir xanım kimi hər gün əlində tar daşıyırsan. Qardaşım hər dəfə bildirirdi ki, təhsilini piano, fortepiano ixtisası üzrə davam etdirsəydin, notları çantana qoyub, rahat dərsə gedib gələrdin. Ancaq indi deyirlər ki, sənin bacın bir əlində tar, birində çanta ilə dərsə gedir. Əlbəttə ki,  məni heç kim buna məcbur etmirdi, bu, sevgidən qaynaqlanırdı.

 

– Tara görə nələri qurban veribsiniz?

– Tara görə ailə qurmağa gecikmişəm… Ancaq geriyə dönüb baxanda düşünürəm ki, əslində düz seçim etmişəm. Tar mənim üçün bir dəyərdir. Bəzən olur ki, yorğun olursan, problemini kiminləsə bölüşə bilmirsən, o zaman musiqi köməyinə çatır. Tarı ifa etməklə rahatlıq tapırsan. Hər insanın kövrək anları olur. İçindəkiləri başqası ilə bölüşmək istəmirsən, o zaman tar sirdaşıma çevrilir. Belə olduqda, rahatlıq tapıram, bütün yorğunluğumu stressimi atıram. Hər insan fərqli şəkildə rahatlıq tapır. Kimisi alış-veriş edir, kimisi də təbiətdə rahatlıq tapır.

 

– Sənətdə daha çox çətinlik yaşayıbsınız, yoxsa həyatda?

– Həyatda daha çox çətinliklərlə üzləşmişəm. Övlad hər zaman valideynindən dəstək alır, ona arxalanır. Anam hər işdə yanımda olub, bircə sənətimdən başqa. Atamı 12 yaşımda itirmişəm. Anam bizi çox çətinliklə böyüdüb. Qardaşım məndən bir yaş böyükdür. Oxumağımızda, təhsilimizdə, tərbiyəmizdə bilavasitə anamın müstəsna xidməti olub. Gecə-gündüz çalışıb, bizi oxudub. Düşünürsən ki, qadın bu qədər ağır yükü öz üzərinə götürə bilərmi, bu missiyanı daşıya bilərmi? Anam çox zəhmətkeş qadın idi. Hər zaman çalışırdı ki, bizim təhsilimiz olsun, ali savadlı olaq. 28 yaşımda anamı itirdim. O, bizim qayğımıza çox qalırdı, daim yanımızda idi. Onun ölümündən sonrakı gün böyüdüyümü hiss etdim. Anamın yoxluğu mənim üçün çox çətin oldu. Gördüm ki, həyat heç də bizim düşündüyümüz kimi asan və rahat deyil. Sənətdəki çətinliklərə gəldikdə isə hər zaman öhdəsindən gəlməyi bacarmışam. Sənətdə qarşıma gözəl müəllimlər çıxıb, onlar mənə bunun sirlərini öyrədiblər. Bu gün də həmin müəllimlərimə minnətdaram.  Müəllimlərim deyirdi ki, belə tarzənlər 50 ildən bir yetişir, sadəcə belə qadınlara dəstək olmaq lazımdır. Heç bir uğur çətinliksiz əldə olunmur. Zəhmətsiz uğur əldə etdikdə, insan onun qədrini bilmir.

 

– Sizi eyni zamanda ud ifaçısı kimi də tanıyırıq. Azərbaycanda bu musiqi alətinin məktəbi yoxdur. Bunu necə öyrənibsiniz?

– Ud Şərqin bir zərrəsidir. Əgər hər hansı bir sənətə marağınız varsa və həqiqətən də ürəkdən istəyirsinizsə, mütləq ona sahib olacaqsınız. Bu gün gənclərin inkişaf etməməsi artıq onların öz günahıdır. İnsanın özünü inkişaf etdirməsi üçün bu gün hər bir şərait yaradılıb. Belə ki, internet vasitəsilə istədiyin məlumatı əldə etməklə, istədiyin sənətə yiyələnmək mümkündür. Yetər ki, istək olsun. Mən udda ifa etməyi internetdən ərəb və türk musiqiçilərinin ifasında öyrənmişəm. Kimsə Azərbaycanda ud ifa edirsə, o, özü özünün müəllimidir.

 

– Yaşlı sənətkarların o yaşda qazandıqları uğuru siz bu yaşınızda qazanıbsınız. Belə olduğu halda, qısqanclıqlarla üzləşirsiniz?

– Mən o qısqanclığı bu günə qədər də hiss edirəm. Maraqlısı da odur ki, daha çox bəy həmkarlarım tərəfindən qısqanclıq  hiss edirəm. Halbuki o insanlara müəllim kimi baxmışam, onların yaradıcılığından stimul alıb bu sənətə gəlmişəm. Onlar tərəfindən qısqanclığı hiss etdikdə, bu, mənə təəccüblü gəlir. Qısqanclıq müəyyən şeylərdə yaxşıdır ki, insanda mübarizə hissi yaradır. Bəzən də olur ki, hansısa tədbirdə adımı görmək istəmirlər, adımın səslənməsini qəbul etmirlər.

 

– Bu, sizi həvəsdən salırmı?

– Qətiyyən. Çox mübariz insanam. Sənətə o qədər sevgim var ki, inanmıram ki, kimsə məndən o həvəsi alsın. Valideynlərim istəməyiblər ki, mən tar ifaçısı olum. Deyirdilər ki, tar qadına xas olan sənət deyil. Bu sənət kişilər tərəfindən tərənnüm və təbliğ olunub. Ailəm də hər zaman deyirdi ki, özün üçün qadın sənəti seç. Ancaq mənim böyük sevgim buna əngəl olub. İnanmıram ki,  çətinlikdə əldə etdiyim bu uğurdan, sənətdən kimsə məni soyutsun. Əslində onlar məni qısqandıqca, sənətimə  daha çox bağlanıram. Hər dəfə belə hallarla rastlaşanda, deyirəm ki, baxın, görün mən nələrlə qadirəm.

 

– Repertuar seçərkən daha çox nəyə önəm verirsiniz?

– Gərək o musiqi qəlbimə yol tapsın. Ancaq o halda mən onu istədiyim şəkildə təqdim edə bilirəm. Təbii ki, repertuar seçərkən çalışdığım komandanın da fikirlərinə önəm verirəm.

 

– İfanızda daha çox klassik, bəstəkar mahnıları dinləmişik. Bu gün o mahnıların dinləyicisi varmı?

– Təəssüf ki, bu gün səviyyəli musiqilərin sayı azalır. Gənclərin çoxu keyfiyyətsiz mahnıları dinləyirlər. Ən pisi də odur ki, az adamlar keyfiyyətli musiqilərin təbliği ilə məşğuldurlar. Hətta tanıdığım konservatoriya tələbələri var ki, istiqamətini dəyişib bugünkü zamanın tələbinə uyğun mahnılar ifa edirlər. Ancaq unudurlar ki, bu mahnıların ömrü 3-5 günlükdür. Amma əsl sənət qalıcıdır. Əvvəllər daha çox bəstəkar və xalq mahnılarına müraciət edirdim. Bu gün repertuarıma nəzər salanda o mahnıların unudulmadığını görürəm. Yaşadığım dövrü də nəzərə alıram. Müasir dövrün tələblərinə uyğun mahnılar da ifa edirəm. Bu gün musiqiyə yanaşmamda əsas amil peşəkarlıqdır. Çalışıram ki, peşəkarlığı qoruyub saxlayım. Ancaq bu günün musiqi təbliğatından narazıyam. Bəzən tamaşaçıların boynuna qoyurlar ki, guya onların zövqü korlanıb. Bəzən isə trend olan mahnıların toyxanalarda daha çox tələb edildiyini qabardırlar. . Axı  dahi bəstəkarımız Üzeyir Hacıbəyov toyxanadan fikir öyrənib “Leyli və Məcnunu” yazmayıb. Musiqi deyəndə biz məhz onu gözümüzün qarşısına gətiririk. Bu gün də Üzeyir bəyin mahnıları yaşayır. Başqaları bizim mahnıları  oğurlayıb öz adlarına çıxarırlar. Biz isə öz zəngin musiqi tariximizi təbliğ etmirik. Təbii ki, dövlət səviyyəsində bu məsələlər diqqətdə saxlanılır. Ancaq gənc ifaçıların da öhdəsinə bu işdə böyük yük düşür.

 

Xəyalə Rəis




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir