Hüquq sosial nizamın əsas təminatçısıdır. Fərdin şəxsi həyatı da, toplumun ictimai həyatı da hüquqla tənzimlənir. Hüquq istər siyasi idarəetməni, istərsə də sosial və iqtisadi idarəetməni təşkil edən əsas yaradıcılıq göstəricisidir. Cəmiyyət hüuquq təməlli bir sosial quruluşdur. Hüququn təsiri və gücü, fərdin şəxsi həyatını təşkil edn ailə -məişət münasibətlərindən tutmuş, əmək fəaliyyətinə, ictimai davranış qaydalarına, vətəndaş səlahiyyətlərinə, vətəndaş-dövlət münasibətlərinə və.s. kimi bütün sosial quruluşlarda və münasibətlərdə özünü göstərir. Hüququn tərifi və izahı olaraq bütün bunlar həm sözdə, həm də praktikada gözəldir. Ancaq hüququ hansı dəyərin formalaşdırması önəmlidir.
Hüuquq nəyin əsasında formalaşır? İnsanı təbiətdəki digər canlılardan fərqəndirən, özündə dərketmə və dərk etdiyini ifadə etmək qabiliyyətinə malik olan formal şüur digər yaradıcılıq göstəricilərinin əsas meyarı olduğu kimi, hüququn da mənbəyidir. Ancaq hüququn varlığı bütün problemlərin həlli üçün kifayət deyil. Ümumiyyətlə insanla bağlı sosial problemlər kökündən həll olunmur, zamanla insan o problemlərə uyğunlaşır və özündə bir müqavmət sistemi formalaşdırır.
Hüquq baş verən cinayəti və cinayətkarı sorğulayır. Mövcud cinayətə və ya cinayət həddinə çatmamış hər hansısa qeyri-hüquqi davranışa cəza verməklə, növbəti cinayətlərin olmaması üçün qorxu effekti yaradır. Ancaq tam qarşısını alır, deyə bilmərik. Əgər bu, belə olsaydı, hal-hazırda cinayətsiz bir dünyada yaşayardıq. Hüquqla bağlı başqa bir məsələ hüquqi düşüncədir. Arxasında hüquqi düşüncə dayanmayan hüquq faydasızdır. Məsələn, biz Müsəlman Şərqində ilk cümhuriyyəti qurmuş Azərbaycan xalqı olaraq Şərqdə qadına ilk seçki hüququnu verən dövlətik. Ancaq yüz il öncə bu hüququn arxasında hər hansısa bir hüquqi düşüncə dayanırdımı? Xeyr. Əks təqdirdə bu gün ölkəmizdə gender problemi olmamalı və ya çox az faiz nisbətilə mövcud olmalı idi.
Bu gün Azərbaycanda dövlət qanunvericiliyinə əlavə olunan yeni qanunlar da belə. Dünyadakı inkişaf göstəricilərinə uyğun olaraq demokratik ölkə imicinin qorunması naminə bu yeniliklər edilir, ancaq faydalı olması üçün reallaşması önəmlidir. Nə azadlıqdan, nə də hüququdan bəxşiş olmur. Qanundakı yenilikləri tamamilə dəstəkləyirəm, gözəldir. Ən azından sözdə də olsa, nümunə üçün müraciət edəcəyimiz qaynaq var. Ancaq bu hüququn sözdə olmasıyla yanaşı, arxasında hüquqi düşüncənin mövcud olması və kağız üzərindəki hüququn praktikada reallaşması vacibdir. Məişətdə psixoloji zorakılıqla bağlı yeni hüquq layihəsi də eyni xarakteri daşıyır. Nəinki psixoloji, fiziki zorakılıqla bağlı nə qədər vətəndaş bu gün hüquq-mühafizə orqanlarına müraciət edir? Çox az sayda insan. Mən hər şeyə təhsil pəncərəsindən baxıram. Əgər konstitusiyaya bir yeni qanun əlavə olunacaqsa, paralel olaraq bunun faydalı olması üçün təhsillə də bu, insanlara aşılanmalıdır.
Sosioloq Sahib Altay