opmek

İctimai yerdə öpüşməyin cəzası nədir? – DÜNYADA VƏ BİZDƏ

Baxış sayı: 1. 008

Sevgililər hamının gözü önündə öpüşərsə… Sevgi və hisslərin ictimai yerdə nümayiş etdirilməsi Azərbaycan cəmiyyətində çox xoş qarşılanmır.

Əhalisinin əksəriyyətinin müsəlman olduğu ölkələrdə ictimai qaydaları əsasən ənənələr formalaşdırır. İctimai yerlərdə öpüşən və qucaqlaşan cütlüklər yaşlı nəslin nümayəndələrinin qınağı və sərt baxışları ilə üzləşir. Hətta iş o həddə çatır ki, qonşu, qohum, tanış qarşı tərəfi ittiham edir, qarşı çıxır. Beləliklə, yazılmayan qanunlara görə, cavanlar öz sevgilərini yalnız gözdən kənar yerlərdə nümayiş etdirə bilir.

Çox maraqlı bir məqam da var ki, məşhurlar göz önündə öpüşəndə bu xəbər olur, eyni hərəkəti sadə vətəndaşlar edəndə tərbiyəsizlik.

Bəs, bunun səbəbi nədir ? Niyə şiddət hadisələri baş verəndə heç bir reaksiya verməyən insanlar sevgi gördükdə belə aqressivləşirlər ?

Psixoloqlar deyir ki, bu səbəblərdən gənclərin əksəriyyəti qınaqlardan qaçaraq sevgilərini azad yaşaya bilmirlər.

Bunu da demək lazımdır ki, bu problem təkcə bizdə deyil, bir çox ölkələrdə var.

Beləliklə, həmin ölkələrin bir neçəsini təqdim edirik:  

opushmek

Birləşmiş Ərəb Əmirlikləri

Bildiyimiz kimi öpüşlə bağlı ən sərt qaydalar müsəlman ölkələrində mövcuddur. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabidə adi öpüşə görə 10 günə qədər həbs cəzası var. Dubayda isə ictimai yerdə öpüşə görə 1000 dollar cərimə təyin olunub.

İndoneziya

İndoneziya öpüşə münasibətdə ən sərt ölkələrdən biridir. Burada öpüş qanunvericilikdə pornoqrafiya ilə bərabər tutulur. Buna görə də öpüşə görə 10 ilə qədər həbs cəzası tətbiq olunur.

Meksika 

Meksika ən dindar xristian ölkələrindən sayılır. Yerli sakinlər ehtirasla öpüşən cütlükləri narazılıqla qarşılayırlar. Ölkənin bir neçə ştatında isə ictimai yerlərdə öpüşə görə 250 dollar cərimə tətbiq edilir.

Böyük Britaniya

Məşhur London metrosu bu günə qədər öpüşməyə icazənin verilmədiyi məkanlardan biridir. Qəribə tərəfi odur ki, tətbiq edilən qanun yalnız 1 stansiyada cütlüklərin öpüşməsinə icazə verir.

Fransa

Fransa liberal ölkələrdən biri hesab olunsa da, öpüşlərlə bağlı burada da maraqlı qadağalar mövcuddur. Belə ki, Parisin dəmir yolu vağzallarında vidalaşarkən öpüşmək olmaz. 1910-cu ildə qəbul olunmuş qanun qatarların hərəkət vaxtının gecikməməsi üçün yazılmışdı. Ən əsası da həmin qadağa bu günə qədər qüvvədən düşməyib.

Bəs, Azərbaycanda ictimai yerlərdə qucaqlaşma və ya öpüşməyə görə hər hansı cəza tətbiq edilirmi ? 

Samil Pasayev

Məsələyə münasibət bildirən hüquqşünas Şamil Paşayev bu barədə aşağıdakı kimi açıqlama verdi:

“Şəxslərin qucaqlaşması, maşında oturub söhbət etmələri, küçədə öpüşmələri hüquq pozuntusu hesab olunmamalıdır. Ona görə də polisin həmin şəxslərə yaxınlaşıb nə isə tələb etməsi düzgün və qanuni deyil. Polis yalnız ictimai qaydanın pozulduğu halda şəxslərə yaxınlaşa bilər. Eyni zamanda şəxsin şəxsiyyətini müəyyənləşdirmək üçün. Əməlində cinayət tərkibi olmasa belə, yalnız şəxsiyyətini müəyyən etmək üçün polisə dəvət edə bilər və 3 saat ərzində polisdə saxlamaq hüququ var. Lakin günümüzdə informasiya texnologiyalarının inkişafına görə, polislərdə də planşetlər var ki, orada şəxslərin məlumatı var, yerindəcə şəxsiyyəti müəyyən etmək mümkündür. Qız ilə oğlanın qucaqlaşması, öpüşməsi və.s hüquq pozuntusu hesab edilmir. Buna görə polisin vətəndaşa yaxınlaşması, polis bölməsinə aparması, inzibati xəta barədə protokol tərtib etməsi əsassız və qanunsuzdur”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir