ekspert

İctimaiyyətə təhsillə bağlı mütəxəssis fikirləri necə təsir edir?

Baxış sayı: 719

Ekspert dərin biliyə və təcrübəyə sahib, işinin peşəkarı və öz sahəsinin bütün incəliklərini dərindən bilən mütəxəssis sayılır. İllərlə çalışdığı və apardığı araşdırmalarla sahib olduğu biliklər əsasında bildiyi sahə üzrə obyektiv rəy və şərh verən mütəxəssis ekspert qismində çıxış etmək haqqına sahibdir. Onun mövzuya münasibəti, doğru yanaşması illərlə qazandığı biliklərdən və əldə etdiyi təcrübədən qaynaqlanır. Dünyanın inkişaf etmiş ölkələrində dövlət qurumları bütün mübahisəli və taleyüklü məsələlərdə ictimai rəyi öyrənməzdən əvvəl məhz həmin şəxslərin fikirləri ilə tanış olurlar. Bu səbəbdən bu ölkələrdə ekspert qismində mütəxəssis hazırlığına xüsusi önəm verilir. Xarici ölkələrdə ekspert hazırlığı son dövrlərdə bir çox tədqiqatçıların, elmi-tədqiqat mərkəzlərinin diqqət mərkəzindədir.

Jurnalistlər hər hansı bir mövzunu araşdırarkən və ya həmin mövzuya münasibət bildirərkən ekspertlərə müraciət edirlər. Burada məqsəd həmin mövzunun izahını cəmiyyətə düzgün çatdırmasıdır. Təəssüf ki, bəzi hallarda ekspert qismində çıxış edən şəxs mövzudan kənar açıqlamalar verir. Bəzən də ona aid olmayan mövzu haqda yersiz şərhlər verir. Unutmaq lazım deyil ki, mütəxəssisin dediyi hər bir söz insanlar tərəfindən diqqətlə izlənilir. Onların yanlış və qıcıqlandırıcı açıqlamaları cəmiyyət tərəfindən birmənalı qarşılanmır və haqlı olaraq əks reaksiya verir. Xüsusən də təhsil və sosial mövzularda məsuliyyətsiz və əsassız fikirlər bildirilən zaman onlar haqlı qınaq obyektinə çevrilirlər. Reklam xatirinə və gündəmdə olmaq üçün verilən açıqlamalar heç kəsə başucalığı gətirmir.

Ekspert kimə deyilir? Kimlər ekspert qismində cəmiyyətə təqdim olunmalıdır?

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, öz sahəsini dərindən bilən, təcrübəli, ixtisaslı mütəxəssisə ekspert deyilir.Təhsil sahəsində ən yüksək biliklərə malik olan insanı təhsil üzrə ekspert adlandırmaq olar: “Təhsil eksperti, ümumiyyətlə, ekspert olmaq məsuliyyətli işdir. Hər nansı bir mövzu barədə fikir bildirmək, mövzunu təhlil etmək, mövcud problemdən doğru olan çıxış yolunu göstərmək üçün özünə ekspert deyən şəxsdən yüksək bilik, təcrübə və peşəkarlıq tələb edir. Bu “adı” daşımaq üçün istənilən sahənin mütəxəssisi öz ixtisasını yüksək səviyyədə mənimsəməli, sahəsi üzrə dərin bilgilərə, məlumatlara malik olmalıdır. Əgər bir insan öz işini “4”-ə layiq bilirsə, onu ekspert adlandırmaq olmaz. Mütləq şəkildə istiqamətini “5”-ə layiq bilməlidir. Öz sahəsinin bilicisi olmalıdır. Ola bilər ki, kimsə özünü təhsil eksperti hesab edir və özünü ictimaiyyətə də ekspert kimi təqdim edir. Bu insan hesab edir ki, pedaqogikanı, təhsili, onun bütün problemlərini və bunlardan çıxış yollarını dərindən bilir. Ona görə də özünə ekspert deyir. Ancaq mütəxəssis olmayan, öz sahəsini dərindən, mükəmməl şəkildə bilməyən insanı ekspert adlandırmaq olmaz”.

Ekspert öz sahəsi üzrə mütəxəssis olanda mövzunu düzgün təhlil edir, ictimaiyyətə dolğun, ətraflı informasiya verir. Ancaq bilgiləri zəif olanda əksinə, cəmiyyəti çaşdıran fikirlər yürüdür: “Avropada müxtəlif sahələr üzrə ekspertlər və ya təhsil alan şəxslər müəyyən müddət işlədikdən sonra aidiyyəti üzrə institutlardan peşəkarlığın təsdiqinə dair sertifikat-status alırlar. Bəzi ölkələrdə isə ekspertin seçilmə prosesi, sahə üzrə kifayət qədər tədqiqat aparması, özünü tanıtdırması əsas götürülür. Məsələn, ekspert adına namizəd olan şəxsin müvafiq məsələlər üzrə hansı səviyyədə araşdırma aparması, dissertasiya, anketlər, analizlər hazırlaması və.s. Ancaq Azərbaycanda təhsil eksperti adının verilməsinin hüquqi bazası yoxdur. Eyni zamanda, təhsil ekspertini seçən qurum da mövcud deyil. Bu səbəbdən də bəzən müvafiq sahələr üzrə mütəxəssis olmayan insanlar özlərini cəmiyyətə ekspert kimi təqdim edirlər. Ancaq bizdə təhsil sahəsini yaxşı bilən mütəxəssislər, kifayət qədər savadlı adamlar var”.

Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, kimin özünü ekspert adlandırması və ya kiminsə kimlərisə ekspert qismində təqdim etməsindən asılı olmayaraq, bu insanların hansı mənsəb sahibi olduğunu maraqlı tərəfin nümayəndələri və media mənsubları daha yaxşı bilir və onlara müraciət edərək müvafiq açıqlamalar alırlar: “Ümumiyyətlə “Ekspert” latın sözü olub – təcrübəli, geniş mənada götürdükdə isə, müəyyən edilmiş proqnoz vəzifəsi üzrə rəyin çıxarılması üçün tədqiqatlar aparılması, məsləhətlərin verilməsi, qərarların, rəylərin hazırlanması, ekspertizanın aparılması üçün cəlb olunan müəyyən sahənin təcrübəli ixtisaslı mütəxəssisinə ekspert deyilir. Bununla belə, bizdə “ekspert” anlayışına münasibət heç də hamı tərəfində birmənalı olmayıb, bir çoxları tərəfindən qısqanclıqla qarşılanır, bəziləri tərəfindən hətta məsxərə obyektinə çevrilir. Halbuki, dünya təcrübəsində keyfiyyətin qiymətləndirilməsində, müəyyən qanunvericilik aktlarının, standartların və layihələrin hazırlanmasında peşəkar mütəxəsslərin xidmətlərindən geniş istifadə olunur, onların rəy və təkliflərinə istinad olunur. Məsələn, deyək ki, mediada təhsillə bağlı mövzuların işıqlandırılması zamanı bu sahə ilə məşğul olan ayrı-ayrı fərdlərə ekspert kimi müraciət edilir. Əslində isə, bu status rəsmi şəkildə birbaşa olaraq kiməsə verilmir, bunun üçün ayrıca institut formalaşdırılmayıb və buna dair ayrıca diplom da verilmir. “Təhsil eksperti” deyilən vəzifə də yoxdur. Sadəcə olaraq, ölkəmizdə lazımi qədər ekspert qismində tanınan müəyyən təcrübəyə malik mütəxəssislər var və onları əvəz edə biləcək yeni qüvvələr də formalaşır. İstər Təhsil Nazirliyi əməkdaşları, istərsə də media mənsubları kimin həqiqi, kimin saxta ekspert olduğunu yəqin ki, bilməmiş deyillər”.

Nadir İsrafilov qeyd edir ki, ekspert müstəqil mövqeyə malik şəxs olmalıdır. Əgər, təhsil eksperti adı hansısa dövlət qurumu tərəfindən veriləcəksə, o adın sahibi neytrallığını itirmiş olacaq. Yəni, istisna deyil ki, hansısa dövlət qurumu tərəfindən, kimlərəsə təhsil eksperti adının verilməsi “özününküləşdirmək” və özündən asılı vəziyyətə salmaq anlamına gələcək. Hələ ekspert seçimində nələr baş verə biləcəyini – imtahanlar, müsahibələr, təlimlər, əlavə kurslar, sertifikatlar və s. təsəvvür etmək üçün heç baş sındırmağa da dəyməz: “Baxmayaraq, belə hesab edənlər də var ki, təhsilə dünən gələnlər ekspert yarlığı altında 30-40 il bu sahədə külüng çalanlardan niyə sayqılı olmalıdırlar, bununla belə hesab edirəm ki, məsələni bu dərəcədə dramatikləşdirməyə heç bir lüzum yoxdur. Hər hansısa bir dövlət məmurunun təhsildə uzunmüddətli çalışması, müəyyən savada malik olması da heç onun ekspert qismində çıxış etməsinə əsas vermir. Mütəxəssis müstəqil olmalı və baş verən məsələlərə neytral münasibət bildirməlidir”.

N.İsrafilovun dediyinə görə, bizdə hələ ekspert institutu tam formalaşmayıb, baxmayaraq ki, ekspert qismində təqdim olunanlar o qədər də az deyil. Hazırda bu proses kortəbii şəkildə həyata keçirilir. Amma dünya təcrübəsində bir çox ekspert institutları fəaliyyət göstərir ki, müəyyən tədqiqatlar aparılması, məsləhətlərin verilməsi, qərarların, rəylərin hazırlanması, ekspertizanın aparılması və digər zəruri məsələlərin həllində onların xidmətlərinə geniş istinad olunur. Bu, qeyri-rəsmi fəaliyyət sahəsi ilə məşğul olanları istər ekspert adlandıraq, onlara mütəxəssis, texnoloq, bloqqer deyək, kim özünü və kimlərsə kimi ekspert, mütəxəssis, bloqqer, texnoloq, araşdırmaçı və digər statuslarda görürsə özləri bilər və bilməsələr də heç bir qorxusu yoxdur, çünki kimin kim olduğuna xalqın gözü tərəzidir prinsipi ilə baxılır: “Bir zəruri məqamın da nəzərə alınması vacibdir ki, hər “ekspertin” irəli sürdüyü müddəa və verdiyi proqnoz gündəmə gəlmək və ya gündəmdə qalmaq məqsədinə xidmət edən taktiki gediş olmaqla yanaşı, həm də özünə ucuz reytinq qazanmağa və geniş ictimaiyyət arasında çaşqınlıq yaratmağa hesablanan açıqlama və bəyanatlardan başqa bir şey deyil”.

Təhsil eksperti Elşən Qafarov deyir ki, hazırda istər televiziya, istərsə də onlayn mediada təhsillə bağlı mövzuların işıqlandırılması zamanı bu sahə ilə məşğul olan ayrı-ayrı fərdlərə ekspert kimi müraciət edilir. Əslində isə, bu status rəsmi şəkildə birbaşa olaraq kiməsə verilmir: “Ekspert sözünün mənası hər şeyi bilən deməkdir. Eyni zamanda araşdırmaçı olaraq bizlər də təhsil üzrə mütəxəssis kimi qiymətləndiririk. Digər şəxslər də fərqli təhsil sahələri üzrə fikirlərini bildirirlər. Dünyada ən inkişaf etmiş ölkələr bütün sahələrdə peşəkar mütəxəssisləri çox olan ölkələrdir. Çünki hər bir sahənin inkişafı bu sahədə mütəxəssis yanaşmasından asılıdır. Mütəxəssislərin daha çox olması mövcud problemlərin köklü həllini sürətləndirir. Mütəxəssislər əldə edilən bilikləri uzun illər təcrübədən keçirib daha doğru qənaətə gələnlərdir. Onların biliyi təcrübəyə əsaslanır. Lakin bilikli mütəxəssis heç də ekspert demək deyil. Mütəxəssis – konkret sahə üzrə yüksək hazırlığa və praktiki fəaliyyətə malik olan şəxsdir. Ekspertin əsasən şüuraltı xarakter daşıyan biliyi deklarativliyi ilə deyil, prosedurluğu ilə fərqlənir. Bu halda konkret sahədə illər boyu əldə edilmiş bacarıq və vərdişlər peşəkar mütəxəssisi təcrübəli ekspert səviyyəsində dəyərləndirməyə əsas verir. Ekspert institutu formalaşmış cəmiyyətdə bu növ mütəxəssislərin dürüstlük, vicdanlılıq və qərəzsizlik kimi şəxsi keyfiyyətlərini müəyyənləşdirən standartlar mövcuddur. Son illər Azərbaycanda bu və ya digər sahədə müəyyən problemin araşdırılması və həlli yollarının müəyyənləşdirilməsi məqsədilə ekspert rəyinin öyrənilməsi adi hal almış, qısa bir zamanda “hərbi ekspert”, “tbb eksperti”, “təhsil eksperti” kimi ifadələr cəmiyyətin gündəlik lüğət ehtiyatına daxil olmuşdur”.

Mütəxəssislər hesab edir ki, artıq Qərb ölkələrində ekspert hazırlığı təcrübəsinin öyrənilməsi və ölkəmizdə tətbiq edilməsi, müxtəlif sahələr üzrə ekspertlərin yetişdirilməsi, onların sertifikatlaşdırılmış attestasiyasının keçirilməsi vaxtı çatıb. Yüksək məsuliyyət, dərin biliklər və böyük təcrübəyə söykənən bacarıqlar tələb edən ekspert fəaliyyətinə həm dövlət, həm də cəmiyyət tərəfindən münasibət ciddi olmalıdır. Yalnız bu halda “Ekspert kimdir?” sualına düzgün və dolğun cavab tapa bilərik.

Azərbaycanda “təhsil eksperti” statusu Azərbaycan Respublikası Təhsil İnstitutu (ARTİ) tərəfindən verilə bilər. Bu günədək heç bir dövlət orqanı tərəfindən “təhsil eksperti” (Chartered Educator) statusu heç kimə təqdim edilməyib. Lakin yaxın gələcəkdə bu prosesə başlanıla bilər və hazırda xarici təcrübə öyrənilir.

Təhsil İnstitutunun direktoru Rüfət Əzimovun sözlərinə əsasən, beynəlxalq təcrübə göstərir ki, müxtəlif peşə sahələri üzrə statuslar həmin sahələrə uyğun institutlar tərəfindən verilir. Bu, eləcə də təhsillə bağlı sahələrə də şamil edilir: “Ali təhsil alan şəxslər müəyyən müddət işlədikdən sonra aidiyyəti üzrə institutlardan peşəkarlığın təsdiqinə dair sertifikat-status alırlar. Namizədlər institutlar tərəfindən təşkil olunan komissiyaların müsahibələrindən keçir, müvafiq sənədləri təqdim edir, bütün tələblərə cavab verdikdən sonra həmin statusu əldə edirlər. Hazırda Təhsil İnstitutu tərəfindən bu istiqamətdə tədqiqat aparılır. Müəyyən olunub ki, təhsil ekspertinin profili nədən ibarətdir. Lakin bu istiqamətdə tədqiqatlar davam etdirilir. Nəticələrə əsasən müvafiq qərar veriləcək. ARTİ gələcəkdə müəllimin peşəkar inkişafının bir hissəsi olaraq onlara təhsil eksperti adının verilməsini nəzərdə tutur. Bir tələbə universitetdə təhsil alır və sertifikasiya prosesindən keçərək müəllim statusu alır. Müəyyən bir müddətdən – 3 və ya 5 il sonra baş müəllim, metodist və nəhayət, ekspert ola bilər. Bu pillələrin hər birində müəyyən müsahibələr, səriştələrin müəyyənləşdirilməsində proses ola bilər və bu da müəllimlərin peşəkar karyerasına təsir göstərmiş olar”.

 

Sevinc QARAYEVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir