Hər bir qadın yanında güclü, diqqətli, xeyirxah və anlayışlı kişi görmək istəyir. Qadınlar zəif kişilərə dözümsüz yanaşırlar. Hətta münasibətin ilkin çağlarında təbiətcə hikkəli və hökmranlığa meyilli qadın kişi üzərində ağalıq etməyə başlasa belə, bir müddət sonra o, bu vəziyyətdən bezməyə başlayır. Bəzən elə olur ki, bunu özünə etiraf etməsə belə, yanında özündən qat-qat güclü kişi görmək və onun ədalətli hökmranlığının enerjisini hiss etmək istəyir.
Əslində bunu bir çoxu qəbul etməsə də, reallıq ondan ibarətdir ki, istənilən münasibətdə iki nəfərdən biri mütləq dominant olur. Burda xüsusi xəyali tərəzi ilə mizana gələcək bölgü yoxdur ki, münasibətdəki dominantlıq əlli-əlliyə bölünsün. Həmişə bir nəfərin sözü daha keçərli olur. İstənilən halda münasibətdə dominant qadındırsa, bu, çox sıxıntılı hallar gətirə bilər. Bu sıxıntını daha çox elə qadının özü çəkir. Çünki qadınlar daha çox xaraktercə güclü kişiləri sevirlər. Bu, onlarda təkamülün ilkin çağlarından qalma irsi haldır.
Yazım ideal kişi barədə olacaq. Şübhəsiz ki, hər bir kəsin xarakterində mənfi nələrsə olur. Bu, çox təbiidir. Biz bilirik ki, həyatda ideal adam yoxdur, ancaq ideallığa yaxın xüsusiyyətləri özündə daşıyan kəslər mütləq var.
Hər birimiz yeniyetməlik vaxtlarımızdan xəyalımızda qarşı cinslə bağlı bir model yaradırıq. Yaşa dolduqca, təcrübə artıqca, həmin model formalaşır və bizim “ideal kişi” və ya “ideal qadın”ımız olur.
“İdeal kişi” anlayışı hər bir fərdə və zövqə görə dəyişə bilər. Buna normal yanaşılmalıdır. Çünki zövqlər müxtəlifdir. Demək olar bütün qadınların kişilərdə görmək istədiyi ümumi standart müsbət xüsusiyyətlər var. Ancaq mən bu yazımda məhz qadınların arzuladığı həmin tipik parametrləri yox, “əsl kişi”də olmalı müsbət keyfiyyətləri sadalayacağam. Onların demək olar hamısı qadınları cəlb edə biləcək keyfiyyətlərdir. Ultraemosianal, qeyri-adekvat və aciz kişilərə nifrət edən qadınlar bu xüsusiyyətləri əlbəttə qəbul etməyəcəklər. Təbii ki, ağıllı və özünütəsdiq edə bilən qadınlar sadalanan xüsusiyyətləri öz adekvatlıqları və rasionallıqları ilə təsdiqləyəcəklər.
Beləliklə, ideal və ya əsl kişi necə olmalıdır?
Hədəf
Əsl kişinin mütləq və mütləq hədəfləri olmalıdır. Hədəfləri olan kişi ambisiyalı olur və çox yaxşı bilir ki, nə istəyir və bunu necə əldə edəcək. Nə istədiyini bilməyən kişi özünü və başqalarını qoruya və xoşbəxt edə bilməz. Kişi ki səhər tezdən duranda hansı hədəflərlə durduğunu bilmirsə, demək, o, hələ böyüməyib. Həmin kişi hələ bilmir ki, niyə yaşayır. Belələri daim hər kəsdən narazıdılar. Onun düşüncəsinə görə ətrafdakı hamı günahkardır, yalnız o mələkdir. Hədəfi olan kişi isə o cür cəfəngiyyatları dilinə gətirmir. Çünki, o, bekar deyil. Davamlı olaraq öz üzərində işləyir və bəhanələrin arxasında gizlənmir. Hədəfi olmayan isə axtalanmış kişidən fərqlənmir. Onunla bir yerdə olmağa dəyməz.
Cəsarət
Bu gün ən az rast gəlinən, defisitə çevirilmiş xüsusiyyət cəsarətdir. Cəsarətli kişi çox cazibədar olur. Kişilərin yaltaqlığı, məddahlığı, sözgəzdirməkləri, qorxaqlığı o qədər kütləvi hal alıb ki, cəsarətli kişi görəndə sanki yadplanetli ilə rastlaşırlar. Soyuq idrakın və hərarətli ürəyin göstəricisi sayılan cəsarət güclü şəxsiyyətlərdə olur. Bir çox halda ətrafda baş verən haqsızlığa və ədalətsizliyə qarşı susan adamlar görürük. Onların laqeydliyi və qorxaqlığı cəsarətsizlikdən xəbər verir. Cəsarətli kişilər isə öz qadınlarına əminlik, təhlükəsizlik ruhunu ötürürlər. Həmin qadınlar onların yanında özlərini rahat hiss edirlər.
Hörmət
Özünə hörmət edən adam qarşısındakına da hörmətlə yanaşa bilir. Əsl kişi qadınlara hörmət edən kişi sayılır. O, heç bir halda qadınları ümumiləşdirmir, onları aşağılamır və yerini bilir. Kiməsə yersiz hörmətsizlik belə kişi üçün yolverilməz haldır. Həmin kişinin öz anası ilə çox yaxşı münasibəti olur. Qadın gərək seçdiyi kişidə bu nüansa diqqət edə. Onun digər qadınlarla münasibət və davranışlarına fikir verə. Emosiyalarını idarə edə bilməyən, başqaları ilə hörmətsiz davranan kişi sabah öz qadını ilə də o cür davranacaq. Bir də ki, burda özünəhörməti də vurğulamaqda fayda var. Belə kişi heç bir halda imkan vermir ki, kimsə onu təhqir etsin və başına çıxsın. Hətta, bu, onun çox bəyəndiyi və itirmək istəmədiyi qadın olsa belə.
Qərar verməyi bacaran
Əgər bir kişi bəyəndiyi qadınla ilk dəfə hansısa restorana gedirsə və menyuya baxandan sonra sifariş edəcəyi şeyi heç cür seçə və qərar verə bilmirsə, belə kişi ilə ikinci dəfə görüşməyə dəyməz. Bəli, bu fikirim bir çoxuna sərt görünə bilər, ancaq diqqət etsəniz haqlı olduğumu biləcəksiniz. Xırda məsələdə qərar verməyə çətinlik çəkən adam, sabah ciddi məsələlərlə rastlaşanda qərarsızlıq dənizində batacaq. Qərar qəbul etmək əsl kişilərə xas əlamətdir.
Onlar nədəsə tərəddüd etmirlər. Bu vərdişləri həm öz həyatlarının, həm də doğmalarının köməyinə çatır. Qərar vermək iti düşüncədən, sağlam zəkadan və güclü xarakterdən xəbər verir. Qərar qəbul edə bilən kişi operativ olaraq bir çox vaxt variantlar içində ən yaxşısını seçə bilmək qabiliyyətinə malikdir.
Yardımsevər
Ancaq özü üçün yaşayan, ətrafdakılara laqeyd, eqoist biri ilə heç kim münasibətdə olmaq istəməz. Əlbəttə, öz həyatını daha keyfiyyətli etmək üçün əlləşən kişi zəhmətkeşliyi ilə seçilir. Bu yaxşı nüansdır, ancaq digərlərinə əl uzadan, bacardığı qədər yardımsevər kişi daha yaxşı kişi sayılır. Ümumiyyətlə, qadınlar xəsis kişilərə nifrət edirlər.
Onlar kişilərin nə qədər səxavətli və yardımsevər olduğuna tanışlığın ilk başlarından diqqət edirlər. Eqoist adam necə cəlbedici ola bilər axı? Qadınlar o şəxslərə, münasibət və ya ailə həyatı qurmaq istəyirlər ki, həmin kişilər təkcə özlərinin yox, həm də onların qeydinə qalsınlar. Yardımsevərlik, həm də kişinin mənəvi zənginliyindən xəbər verir. Belə addımlar insanın özünü və onun yaxınlarını ilhamlandırmaqla yanaşı, həyatda yadda qalacaq xoş təəssüratlar və xatirələrin sayını artırmağa səbəb olur.
İnkişaf
İdeal kişi heç vaxt bir yerdə durmur. O, daim hərəkətdədir. Mən məhz özünüinkişafı nəzərdə tuturam. Belə kişilərin həmişə inkişaf strategiyası və hədəfləri olur. Onlar mövcud vəziyyətləri ilə heç vaxt qane olmurlar. Davamlı oxuyur, araşdırır, müxtəlif inkişaf yollarını sınaqdan keçirir və risk etməkdən qorxmurlar. Öz üzərilərində işləməyən, inkişafa meyilli olmayan, komfort zonasında oturan kişilər qadınlara cəlbedici gəlmirlər. Səhv etmədən qorxmamaq, təslim olmamaq həmin kişilərin əsas xüsusiyyətləridir.
Liderlik
Bu, elə bir əlamətdir ki, nəinki qadınları, həm də kişiləri də cəlb edir. İnsanlar liderlərə qibtə ilə baxırlar. Bu, çox xarizmatik xüsusiyyətdir. Kişi heç olmasa həyatın hansısa sferasında lider olmalıdır. Bu, iş yerində, dostları arasında və ya ailədə ola bilər. Hər aspektdə lider olmaq mümkün deyil. Qadın çox vaxt öz kişisinin liderlik əlamətini görəndə, hətta ehtiraslanır da. O, hiss edir ki, sevdiyi kişi bu sahədə hamıdan yaxşıdır. Bu xüsusiyyəti qazanmaq üçün isə kişi gərək həm öz üzərində işləyə, həm də ədalətli olmağı bacara.
Etibarlılıq
Ən vacib xüsusiyyətlərdən biri də kişinin etibarlı olmasıdır. Belə kişiləri dostları, ailəsi, bir sözlə yaxınları çox sevir və hörmət edirlər. Onlar bilir ki, həmin adam nə qədər etibarlıdır. Qadınlar etibarlı kişiləri çox qiymətləndirirlər.
Çünki bu gün verdiyi sözlərə əməl edən, sevgidə sədaqətli kişilər çox azalıb. Belələri çətinlik görən kimi geri çəkilən və ilk fürsətdə xəyanətə meyilli kişilər olurlar. Onlar öz pis hərəkətləri ilə yaxşı kişilərin də adını batırırlar. Etibarsız kişi ideal sayıla bilməz.
Baxımlı olmaq
“Kişi meymundan bir az fərqləndi, bəsidir” ifadəsi artıq çoxdan dəbdə deyil. Əsl kişi sağlamlığına və gigiyenasına diqqət edən kişidir. Belə kişilər tər iyi vermir. Onlar dişlərinə, dərilərinə, bədən quruluşlarına qulluq edir, sağlam qidalanır və vaxtı-vaxtında duş qəbul edirlər. Özlərinə diqqət etməyən, çirkli, iylənmiş kişilər qadınların gözünün düşmənidir.
Məsuliyyət
Əgər bir kişidə məsuliyyət hissi yoxdursa, onda, o, ümumiyyətlə, yaxşı insan sayılmır. İstəyir kişidə bütün müsbət keyfiyyətlər olsun, ancaq məsuliyyət hissi olmasın, apar o kişini tulla. Bu, bir nömrəli xüsusiyyət sayılır. Qadınların çoxu tez-tez yanındakı kişinin məhz məsuliyyəti dərk edə bilmədiyindən şikayətçidir. Münasibətdə hər iki tərəfin məsuliyyətli olması və yerini bilməsi çox yaxşıdır. Bir məsələ var ki, kişi bu iki tərəfdən daha çox məsuliyyəti dərk edən tərəf olmalıdır. Ümumiyyətlə, bu, çox təbii prosesdir. Çünki təkamül bu şəkildə qurulub. Kişi həmişə ovlayıb, gətirən tərəf olub. Resursları gətirən kişi, ondan bütün ailə üçün istifadə edən isə həmişə qadın olub. Məsuliyyətli kişilər müstəqil qərar qəbul etməkdən qorxmurlar. Onlar verdikləri sözlərə əməl edir, çətin məqamlarda ortadan yoxa çıxmır və özləri ilə bərabər yaxınlarının da problemlərini həll etməyə çalışırlar.
Mədəniyyət
Mədəni insan həyatın bütün sferalarında öz tərbiyəsi ilə yaxşı mənada seçilə bilir. Qadınının kişidə görmək istədiyi əsas xüsusiyyətlərdən biri də mədəniyyətdir. Mədəni insanın güclü şəxsiyyəti olur. Güclü şəxsiyyət isə özünə hörmət edən insandır. Özünə hörmət edən adam isə digərlərinə də hörmət etməyi bacarır. Ona görə qadınlar kişilərdəki bu nüansı çox qiymətləndirirlər. Həmin kişilər norma və etiket qaydalarına riayət eləyir, süfrədən tutmuş, dost-tanış, yad məkanlarda da özlərini düzgün aparırlar. Bir şeyi də qeyd edim ki, mədəni adamların problemləri, tərbiyəsiz və mədəniyyətdən uzaq adamlardan daha az olur. Yaranacaq problemləri sivil şəkildə həll etmək bacarığı daha çox tərbiyəli insanlara məxsusdur. Düzgün tərbiyə və yüksək mədəniyyət həm də intellektuallığın nişanəsidir.
Özünə zarafatla yanaşmaq qabiliyyəti
Özlərinə gülə və istehza edə bilən kişilər komplekssiz kişilər sayılır. Onların çox yaxşı yumor hissi olur. Bir şeyi də qeyd edim ki, belə kişilər hər sözdən, hamıdan incimir və küsmürlər. Onlarla birgə olan adamlar sıxılıb, darıxmırlar. Qaraqabaq və yumor hissi olmayan kişilər çox boz və bezdirici olurlar. Belə çətin güzəranda gülməyi və güldürməyi bacaran adamla birgə yaşamaq əsl xoşbəxtlikdir. Lütfən şit və düşük zarafatları, keyfiyyətli yumorla qarışdırmayın.
Əminlik
Əminliklə özündənrazılığı səhv salmayın. Bunlar tamamilə ayrı-ayrı şeylərdir. Bu, elə bir xüsusiyyətdir ki, orda qərar verə bilmək qabiliyyəti, məsuliyyət, cəsarət və liderlik birgə cəm olunub. Əminlik güclü inamdan yaranır. Özünə inanan, özünə arxayın kişi əminlik xüsusiyyətinin əsas daşıyıcısı hesab olunur. Belə kişilərin itirmək qorxuları, tərəddüdləri və özlərinə qarşı böyük şübhələri olmur. Bir az özündən razı görünsələr belə qadınlar belə kişiləri çox bəyənirlər. Yəqin ki, siz çöldə, bayırda ya da hansısa qonaqlıqda çox füsunkar bir qadının yanında o qədər də yaraşığı və xüsusi gözəçarpacaq görünüşü olmayan kişiyə rast gəlmisiniz. Bəlkə də düşünmüsünüz ki, “yəqin həmin kişi çox varlı adamdır və qadın ancaq puluna görə onunla bir yerdədir”.
Bəli, belə hallar az deyil, ancaq, axı, sizə elə gəlmir ki, belə tipik hallar niyə bu qədər çox ola bilər?! Nədir?! Yoxsa bütün qadınlar sırf puluna görə yaraşıqsız kişiləri seçə bilirlər?! Xeyr! Elə özlərinə əmin kişilər var ki, onlar hətta böyük var-dövlət sahibi olan kişilərin əldə edə bilmədiyi qadınları öz daxili dünyaları və əminlikləri hesabına ram edə bilirlər.
Bu məqaləmdə kişilərə qarşı hər hansı ayrıseçkiliyə yol verməmişəm. Ümumiləşdirmə və aşağılayıcı nüanslar da mənlik deyil. Yazımda psixoloqların ümumi, qarışıq rəylərindən istifadə etməklə yanaşı, həm də öz təcrübə və araşdırmalarımdan çıxartdığım nəticələri də ortaya qoymağa çalışmışam. Öz üzərində işləmək və islahat aparıb, yaxşı nəticələr əldə etmək istəyənlər yazıdan bəhrələnə bilərlər.
Kişilərə xırda məsləhət: Əziz həmcinsim, sən hansısa qadınla isti münasibət yaradarkən, əgər qarşındakı qadın az da olsa ağıllı şəxsiyyətdirsə, o, sənə bütün qadınlara məxsus analıq instinkti ilə yanaşaraq, bir anlıq səni gələcək uşaqlarının atası kimi də təsəvvür edir. Həmin xırda anın içində, qadın sürətli təhlil apararaq, sənin gələcək nəslin başçısı olmağına layiq olub-olmadığını da müəyyən etməyə çalışır. Ora isə ən əsası güclü xarakterə layiq ağıllı kişilər daha uyğun gəlirlər.
Adekvat, güclü xarakterli kişilərimizdən bol olsun! Unutma, onların çoxluğu güclü və sağlam nəsillərin əsas təminatlarından biridir.
Orxan Adıgözəl