İdmanla məşğul olmaq uşaqların fizioloji və psixoloji sağlamlığı üçün çox faydalıdır. Buna görə də uşaqların əsasən də yeniyetməlik yaşında idmana yönləndirilməsi məsləhət görülür. Araşdırmalara görə idmanın nəinki insana fizioloji, eyni zamanda psixoloji faydası çoxdur. İdmanın aşağıdakı psixoloji faydaları var.
- İdman etməyin uşağın özünə olan güvəninin, mənlik dəyərinin artmasına təsiri yüksəkdir. Tenis, üzgüçülük, basketbol və ya voleybol kimi idman növləri ilə məşğul olan uşaqlarda həmişə yeni fəaliyyət növlərini sınamağa maraq daha çox olur və bu yeniliklər uşağı heç vaxt qorxutmur.
- İdman uşaqlarda liderlik bacarığı formalaşdırır. Liderlik bacarığı uşağın həyatında önəmlidir və başqaları ilə qurduğu münasibətlər onda liderlik xüsusiyyətini inkişaf etdirir. Xüsusən də komando oyunlarında liderlik rolu uşağın qarşısına çıxa bilər və bu bacarığını artırıb, inkişaf etdirə bilər.
- İdman uşaqda müsbət xarakterik xüsusiyyətlərin formalaşmasına kömək göstərir. Məsələn futbol oyunu uşaq üçün təkcə topa vurmaq deyil, eyni zamanda bu oyunu oynamağa başlayarkən uşaqda qaydalar, bölüşmək, münasibət qurmaq, vaxtı səmərəli istifadə etmək və s. kimi keyfiyyətlər formalaşır.
- İdman uşaqlarda daha rahat dostluq qurmaq bacarığı formalaşdırır. Xüsusilə daha çox özünə qapanıq olan uşaqlar dostluq qurmaqda çətinlik yaşaya bilərlər. Buna görə bir idman komandasının üzvü olmaq, bir yerdə uşaqlarla vaxt keçirmək dostluq qurmağı daha da asanlaşdıracaq. Saatlarla aparılan idman məşqləri zamanı uşaqlar bir-birinə bağlanır və bu sayədə sosiallaşır. Bunun nəticəsində də onlar uzunmüddətli dostluqlar qura bilirlər.
- İdmanın uşaqların fiziki görünüşlərinə də təsiri çoxdur. Xüsusilə yeniyetməlik dövründə yeniyetmələrin bədən quruluşları onları xüsusi narahat edir. Bu dövrdə öz bədən quruluşu ilə əlaqəli mənfi düşüncədə olan gənclərdə özgüvən aşağı düşür. Buna görə də idmanla məşğul olmaq onları daha sağlam və özgüvənli edəcək.