Azərbaycanda hazırda toy mövsümü başlanıb. Problem isə təkcə toy dəvətnamələrinin evinizə qədər gəlməsi ilə bitmir. Toy sahibi üçün də bu, ciddi borc-xərc, məsrəf, bitməyən alış-verişlər deməkdir – baxmayaraq ki, bu prosesləri azərbaycanlılar özləri çətinləşdirməkdə maraqlıdırlar. Bəzən görk, bəzən şöhrətpərəstlik azarı qənaətə imkan vermir, eqosuna məğlub olan azərbaycanlı son nəticədə toydan borc-xərc içində çıxır.
Ümumən xatırladaq ki, BMT-nin Əhali Fondunun (UNFPA) açıqlanmış hesabatına əsasən Azərbaycan toylara çəkilən xərclər üzrə dünya lideridir. Fondun hesablamaları toylara çəkilən xərclərə görə dünyada Yaxın Şərq və keçmiş sovet respublikalarının liderlik etdiyini üzə çıxarıb. Lakin bu göstərici üzrə Azərbaycan hətta Yaxın Şərqin zəngin ərəb ölkələrini də qabaqlayıb. Ona görə yox ki, Azərbaycanda toylara çəkilən xərclər orta hesabla zəngin ərəblərin toy xərclərindən çoxdur. O səbəbdən ki, göstərici toylara çəkilən xərcin orta aylıq əmək haqqı ilə müqayisəsi əsasında aparılıb.
Məlum olub ki, Azərbaycanda toylara çəkilən xərc orta aylıq maaşın 9.7 mislinə bərabərdir. Və bu göstərici üzrə Azərbaycanın dünyada doğrudan da analoqu yoxdur və məşhur “analoqu olmayan” ifadəsi məhz bu göstəricidə tamamilə yerinə düşür. Hesabata əsasən ikinci yerdə Belarusdur. Bu ölkədə toylara çəkilən xərc orta aylıq əmək haqqının 9.2 mislinə bərabərdir. Üçüncü yerdə Rusiya gəlir. Dördüncü yerdə Balkan regionunun yoxsul ölkəsi Albaniyadır. Bu ölkədə toylara çəkilən xərc orta aylıq əmək haqqının 8.9 mislinə bərabərdir.
Azərbaycanda ifrat toy xərcləri problemi dəfələrlə ictimai müzakirələrin predmeti olub.
Qəribə, amma məsrəfsiz toy adətləri
Yeri gəlmişkən, bəzi ölkələrdə ilginc toy adət-ənənələri var. Amma onların heç biri yüksək məsrəflər hesabına başa gəlmir. Məsələn, vikinqlərdə gəlin namizədlər pulla alınırdı. Yəni bəy gəlinin atası ilə danışıq aparır və gəlini pulla özünə arvad edir. Buna bizdə başlıq pulu deyilir.
Belçikada toy adət-ənənəsi əl dəsmalı ilə bağlıdır. Gəlinin ailəsində qızın adı yazılmış və işlənmiş dəsmal var. Toy günü həmin dəsmal qonaqlara göstərilir və ona dəyər verilir.
Bosniyada bəy əvvəlcədən qız evinə gəlir və toy haqqında söhbət edir. Qızın ailəsindəki ağsaqqallar bəydən razı qalsalar, toya razılıq verirlər. Sonda qəhvə gətirilir, qəhvə şəkərlidirsə, qız evinin cavabının müsbət olduğu anlamına gəlir.
Polşada gəlinlər toyda yalnız pul qarşılığı rəqs edərlər. İsveç toylarında qonaqlar gəlin və bəyi öpərlər. Əgər gəlin rəqs etməyə gedərsə, bütün qadın qonaqlar bəyi öpmək üçün sıraya girərlər. Əgər bəy ortalıqlarda görünməzsə, kişilər gəlini öpmək üçün növbəyə durarlar. Fransada toy günü gəlin köhnə sevgi və düşüncələrindən tamamilə təmizlənmək üçün saatlarla duş qəbul edər. Bir maraqlı ənənə də gəlin və bəyin yalniz evlilik günlərində istifadə edilən və nəsildən-nəslə ötürülən evlilik bardağından şərab içməsidir.
Finlandiyada gəlinlər toyda əl işi olan qızıl tac taxarlar. Mərasimdən sonra subay gənc qızlar gəlinin ətrafında toplanar. Gəlin gənc qızlar arasından birini seçərək qızıl tacını ona verər, bu da seçilən qızın ondan sonra evlənəcəyinə işarədir. Türkmənistanda türkmən gəlinlərinin toylarda geydiyi paltarların ağırlığı az qala gəlinin öz ağırlıqları qədər olur. “Kürdə” olaraq adlandırılan əl işləməli gəlin paltarının örtüsü və digər paltarlarla birgə 40 kq-ı aşır.
Bizdə məsrəf paltardan başlayır… harda qurtarır?
Keçək bizdəki toy məsrəflərinə. Azərbaycandakı toy xərclərini isə nisbi hesabla bu cür dəyərləndirmək mümkündür:
Gəlin paltarı – 150 -3000 manat
Gəlinin makiyajı və saç düzümü – 50-3000 manat
Foto və videoçəkiliş – 500-5000 manat
Toy buketi – 100-1500 manat
Tort- 50-500 manat
Tamada – 200-1000 manat
Restoranda menyu – 30-200 manat
Musiqiçilər – 1000-5000 manat
Gəlin maşını – 200-2000 manat
Bəy kostyumu – 150-1500 manat
Nişan üzükləri – 300-5000 manat
Ölkələr üzrə il boyu gerçəkləşən nikahların sayına da diqqət edək:
Çin 10 milyon
ABŞ 2.1 milyon
Rusiya 1.3 milyon
Türkiyə 600 min
Almaniya 382 min
İngiltərə 280 min
İtaliya 208 min
İspaniya 163 min
Avstraliya 119 min
Hindistanda toya 10 min nəfər gəlir, İngiltərədə 80 nəfər
Yaxşı, bəs hansı ölkədəki toylarda qonaqların sayı çox olur? Qələbəlik toyları hansı xalqlar daha çox sevir?
Hindistan: dünyada ən qələbəlik toylara ev sahibliyi edən ölkələrdən biri və birincisidir. Burada qonaq sayı 10 minə bərabərdir.
Türkiyə: ortalama dəvətli sayı 240 nəfərdir. Amma bu rəqəm bəzi toylarda 2 min nəfərə qədər arta bilir.
ABŞ: burada ən çox toyun baş tutduğu şəhər Las-Veqas sayılır. Burada da toya gələn qonaqların orta sayı 136 nəfərdir.
İngiltərə: toylarda ortalama qonaq sayı 80 nəfərdir. Amma bu rəqəm bəzi toylarda 200 nəfərə qədər arta bilir.
Fransada toy edən türklər 30 min avro xərc çəkir
Amma bizim hamımızın maraqlandığımız mövzu heç şübhəsiz ki, Avropadakı toy qiymətləridir. Fransada toy salonları hər şey daxil sistemi ilə çalışır. Paket qiymətə toy maşını, yemək-içmək, arzuya uyğun olaraq orkestr də daxil edilir. Ən ucuzu 10 min avrodan başlayan qiymətlər 22 min avroya qədər artır. Qonaqların sayı, yemək seçimi və toy salonunun genişliyi toyun maliyyəsini artıran kriteriyalar sırasında yer alır. Amma bu sayaq toyları daha çox orada yaşayan türklər edir. Fransızlar isə nikahdan sonra maksimum 40-50 nəfərlik bir ailə yeməyini tərcih edirlər.
Fransada orta hesabla toy məsrəfləri: toy salonu (hər şey daxil) 15 min avro
Qır-qızıl 6.750 avro, ev depoziti: 1200 avro, mebellər: 5 min avro, gəlin paltarı və bəy kostyumu: 2 min avro, gözəllik salonu məsrəfləri: 150 avro. Ümumilikdə 30 min 100 avro.
İsveçrəli cütlük qonaqlara hədiyyələrin siyahısını göndərir
İsveçrədə isə toylar ailənin imkanından asılı olaraq bir çox variantlarda keçirilir. Sadə bir restoranda, evin həyətində, hansısa bir qəsrdə… Seçimi individual olaraq edirlər. Amma İsveçrədə qonaqların durumu daha praqmatikdir. Bütün qonaqlara evlilər üçün faydalı olacaq əşyaların siyahısı göndərilir. Onlar da həmin əşyalardan istədilərini seçir və onu alacaqları barədə öncədən cütlüyə məlumat verirlər. Beləliklə, bütün qonaqlar eyni hədiyyəni almamış olur, eyni zamanda da gənc ailə məişət əşyaları almaq qayğısından qurtulur.
İsveçrədə toy edən cütlüklər bir qayda olaraq nikah mərasimi, daha sonra ailə içində keçirilən bir ziyafət, ardınca isə romantik bir səyahəti tərcih edir. Ancaq bu halda onlar toy məsrəflərinə qənaət etmiş olurlar.
Məsrəfləri azaltmaq üçün qızıl qaydalar
Dünyada toy məsrəflərindən şikayət edən insanlara ucuz toy keçirmək üçün qızıl qaydalar təqdim olunur. Onlar aşağıdakılardır:
1. Toy gününü o qədər də tərcih edilməyən bir gün seçmək məsləhətdir. İngiltərənin “Brides” jurnalının baş redaktoru Antonia Van der Meer hesab edir ki, toy günü həftə içi keçirilərsə, toy sahibi qazanclı çıxa bilər.
2. Ekspertlər hesab edir ki, yeməkli toy əvəzinə “kokteyl toy” tərcih edilməlidir. Bu halda həm məsrəfiniz az olacaq, həm də yeməkli toyda yaşanan sıxıntılardan canınız qurtaracaq. Hərçənd ki, bu seçim azərbaycanlılar üçün qeyri-mümkünə çevrilib.
200 kişinin iştirakı ilə keçirilən yeməkli və içkili bir toyun minimum maliyyəsi 5 min manat olduğu halda, 200 nəfərlik içkili kokteylin maliyyəsi 2 min manatdır.
3. Gəlin və bəy paltarını kirayə götürün. Bu bəndə Azərbaycanda ancaq gəlinlər riayət edir.
4. Toy təşkilatçılığı ilə məşğul olan şirkətlərdən uzaq durun. Çünki bu şirkətlər toyun bütün detalları ilə maraqlansalar da, əvəzində toy məsrəflərinin 30-50 faizinə qədərini sizdən tələb edirlər.
5. Toy süfrəsindən içkini çıxarın. Bu halda məsrəfləriniz də ikiqat azalacaq. (musavat.com)