Ramazan ayının 19-cu günündə “Gencaile.az” saytının “İftar süfrəsi” rubrikasında sizə yüngül və dadlı daha bir İftar menyusu təqdim edirik.
Noxudlu, mərcili soyuq şorba
İçindəkilər
Qatıq – 1 kq
Qaynadılmış noxud – 1 st.
Yaşıl mərci – 0.5 st.
Düyü – 0.5 st.
Şüyüd – 5 saplaq
Nanə – 5 saplaq
Zeytun yağı
Duz
Hazırlanması
Mərci və düyü təmizlənib, yuyulub və qaynadılmalıdır. Sonra süzülüb soyumağa qoyulur. Qatıq yaxşıca çalınır, lazım olan şəklə gəlir. İstəsəniz yarım stəkan su qata bilərsiniz. Qatığın içinə noxudu, mərcini və düyünü əlavə edin, qarışdırın. Şüyüd və nanəni də xırda doğrayıb bu qarışıma əlavə edin. Duz və zeytun yağını da töküb qarışdırın. Servis edərkən yenə üzərinə şüyüd və zeytun yağı gəzdirin.
Kələm salatı
İçindəkilər
Xırda yarpaqlı kələm – 300 qr.
Kök – 2 ədəd
Baş soğan – 1 ədəd
Üzüm sirkəsi – 2 x.q.
Mayonez – 3 x.q.
Süzmə qatıq – 2 x.q.
Şəkər – 1 x.q.
Duz – 1 ç.q.
İstiot – yarım çay qaşığı
Xardal – 1 ç.q.
Hazırlanması
Kələmi xırda doğrayın. Köklərin qabığını soyub sürtgəcdən keçirin. Soğanı qaynar suda 2 dəqiqə qaynadıb süzgəclə çıxardın. Sonra da xırda doğrayın. Bütün tərəvəzləri salat qabıdan qarışdırın. Ayrı bir qabda isə sirkəni, mayonezi, qatığı, şəkəri, xardalı, duzu və istiotu qarışdırın sosus alınsın. Sonra sousu tərəvəzlərin üzərinə gəzdirib, qarışdırıb servis edin.
Qiyməli krep
İçindəkilər
Yağsız qiymə – 150 qr.
Soğan – 1 ədəd
Pomidor – 100 qr.
Doğranmış mövsümü göyərtilər
Un – 7 x.q.
Kərə yağı – 10 qr.
Yumurta – 1 ədəd
Süd – yarım st.
Bitki yağı – 1 ç.q.
İstiot, duz
Krepin hazırlanması
Un, süd, duz, yumurta və xırda doğranmış göyərtilər əlavə edilir, qarışdırılır. Daha sonra tavada kərə yağını əridin, sonra isə hazırlanmış qarışımın yarısını tavanın hər tərəfinə tökün. Bişsin. Bundan sonra isə qalan qarışıma da eyni prosesi tətbiq edin. Digər qabda soğanı sürtgəcdən keçirin, qiymələri yağda qızardın. İçinə pomidoru da əlavə edib 10 dəqiqə bişirin. Daha sonra isə duz, istiot və 1 x.q. da xırda doğranmış göyərtilər əlavə edin. Bişmiş kreplərin içinə bu içlikdən qoyun. Sonra rulet formasında bükün. Kreplərin üzərinə yenə də 1 x.q. göyərti əlavə edib servis edin.
Nuş olsun!