“Gencaile.az” saytının “İftar süfrəsi” rubrikasında bu gün şorbasından yüngül salatına və tərəvəzli yeməyinə qədər gözəl təamlarla mədənizi sevindirə bilərsiniz.
Təzə lobya şorbası
İçindəkilər
Təzə lobya – 500 qr.
Un – 2 x.q.
Kərə yağı – 2 x.q.
Qatıq – 3 x.q.
Pomidor – 1 ədəd
Yumurta – 1 ədəd
Hazırlanması
Lobyaları yuyub, təmizləyin. Kub formasında doğrayıb qazana qoyun. Üzərinə pimodoru sürtgəcdən keçirdin, kərə yağı və duz əlavə edib ağzını örtün. Lobyaları suyu çəkilənə qədər qovurun. Daha sonra bir az su əlavə edib 25-20 dəqiqə bişənə qədər qaynadın. Başqa bir qabda qatığı, unu və yumurtanı su ilə qarışdırın, qaynayan lobyanın üzərinə az-az qarışdıraraq əlavə edin. Lopa-lopa qalmamasına diqqət edin. 10 dəqiqə qaynadıb sobadan götürün. İsti şəkildə servis edin.
Noxud və yaşıl mərcili salat
İçindəkilər
Yaşıl mərci – 1 stəkan
Noxud – yarım stəkan
Pomidor – 1 ədəd
Soğan – 1 ədəd
Zeytun yağı – 1 ç.q.
Quru və ya təzə nanə
Limon və ya nar suyu
Hazırlanması
Mərci və noxud təmizlənir, yuyulur və bişirilir. Suyu süzülür, soyudulur. Üzərinə pomidor, soğan xırda-xırda doğranılır. Sonda zeytun yağı, limon suyu və ya nar suyu əlavə edilir, nanə xırda doğranılır, qarışdırılır.
Tərəvəzli sarma
İçindəkilər
Badımcan – 70 qr.
Kök – 1 ədəd
Dolmalıq bibər – 1 ədəd
Kahı – 100 qr.
Xiyar – bir neçə ədəd
Zeytun yağı – 1 ç.q.
Hazırlanması
Badımcanları yuyun, qabıqlarını soyun. Nazik dilmlər şəklində doğrayın, 15 dəqiqə duzlu suda saxlayın. Digər tərəvəzləri də yuyun, qabıqlarını soyun və nazik dilimlər şəklində doğrayın. Doğranmış tərəvəzləri yağla birlikdə bişirin. Dilimlənən badımcanları isə qızardın. Qızaran badımcanların içinə pişən tərəvəzləri qoyun, rulet formasında bükün çöplə bərkidin.
Nuş olsun!