İkiarvadlılıq üçün məhkəməyə müraciət etdi

Baxış sayı: 1. 461
Amerikanın Montana ştatının sakini Natan Kolyer Billinqs şəhər məhkəməsinə müraciət edərək, ikiarvadlılıqla bağlı qanun tələb edib. O, bildirib ki, əgər ölkədə eynicinsli nikahlara qanuni icazə varsa, iki qadınla eyni zamanda qanuni nikahda olmağa da icazə olmalıdır. “Independent” xəbər verir ki, kişi eyni vaxtda iki qadınla yaşayır, onlardan biri qanuni həyat yoldaşı sayılır.
Qadınlardan biri – Viktoriya ilə Natan 2000-ci ildə nikaha girib. Aradan 7 il keçəndən sonra isə Kristinanı evinə gətirib, amma sonuncu ilə qanuni nikaha girə bilməyib, ancaq kilsədə nikah mərasimi baş tutub: “Mənim iki arvadım var, çünki iki qadını da eyni zamanda sevirəm. İstəyirəm ki, ikinci həyat yoldaşım da birincinin sahib olduğu bütün hüquqlara sahib olsun”.
Natan Kolyer hazırda Billinqsdə soyuducu biznesi ilə məşğuldur. Kolyerin həyat yoldaşı Viktoriya bildirib ki, onlar Kristina ilə yaxşı yola gedirlər: “Biz də digər ailələr kimiyik. Yaxşı günlərimiz də olur, pis günlərimiz də”.
Əyalətin vətəndaş hüquqları ilə məşğul olan hüquq xidmətinin rəhbəri Yelloustoun Kevin Qillen deyib ki, hazırda ştatın ikiarvadlılığa aidiyyəti olan qanunlarını araşdırmaqla məşğuldur. Kolyerin müraciətinə gələn həftə cavab veriləcək. Çoxarvadlılıq Amerikanın bir çox ştatlarında qadağan edilib.
26 iyunda ABŞ Ali Məhkəməsi eynicinsli nikahlara ölkə ərazisində qanuni icazə verib. Məlum qərara qədər gey nikahlara ABŞ-ın 50 ştatından 37-də icazə verilirdi.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir