muharibe

İkinci Dünya Müharibəsi: Qərbin Bakını bombalamaq planı

Baxış sayı: 1. 619

Bu gün İkinci Dünya müharibəəsindəki qələbədən 71 il ötür. Azərbaycanın paytaxtı İkinci Dünya Müharibəsinin döyüş meydanlarından olmayıb. Bununla belə, Bakı istər müttəfiqlərin, istərsə də “ox ölkələri”nin baş qərargahlarındakı müzakirələrdə və məxfi sənədlərdə adı Stalinqrad, Berlin, London və Paris qədər tez-tez çəkilən şəhər olub.

Yəqin ki, SSRİ şəklində hazırlanmış ad günü tortunun “Bakı” hissəsinin kəsilib Hitlerə verildiyi kinokadrları xatırlayırsınız.

Qərbin Bakını bombalamaq planı necə, olubmu? Britaniya və Fransanın hərbi qərargahlaının həmin dövrə aid sənədləri göstərir ki, belə bir plan olub. Britaniya və Fransanın hərbi strateqləri müharibənin ilk iki ili ərzində Azərbaycan paytaxtını bombardman etməyi uzun müddət çox ciddi müzakirə ediblər.

Niyə bomba, niyə Bakı?

Bu suala cavab vermək üçün İkinci Dünya Müharibəsinin ilk iki ili ərzində cəbhə xətlərində yaranmış vəziyyətə baxmaq lazım gəlir.

Məsələ burasındadır ki, 1939-cu ildə Almaniya və SSRİ arasında “hücum etməməyə” dair imzalanmış və “Molotov-Ribbentrop” paktı kimi tanınan razılaşma əldə edildikdən sonra, Moskva “neytrallığına” baxmayaraq müttəfiqlərə qarşı çıxmış kimi görünürdü.

Londonda və Parisdə əmin idilər ki, bu müqavilə Hitleri və Stalini müttəfiq edir. Bu müttəfiqlik SSRİ-nin Almaniyanı yanacaqla təmin etməsi perspektivi kimi təhlükə yaradırdı.

Beləliklə, Britaniya və Fransa komandanlıqları Bakını, Batumini və Qroznını qəfil bombardman etməklə SSRİ-nin neft sənayesini sıradan çıxarmaq, Hitleri neftsiz qoymaq qərarına gəlmişdilər.

Britaniya Hərbi Hava Qüvvələrinin komandanı John Slessor-un hazırladığı bombardman planı “Pike əməliyyatı” (Operation “Pike”) adlanırdı.

“Pike” nizə deyil

İlk dəfə bu əməliyyat barədə oxuyanda düşünürdüm ki, “pike” ingilscə “nizə” mənasında işlədilib. Lakin sonrakı axtarışlarım bunun belə olmadığını göstərdi və başa düşdüm ki, Pike (payk) sözünü böyük hərflə yazmaqda davam etməliyəm.

Tarixçi Patrick R. Osborn özünün “Pike Əməliyyatı: Britaniya Sovet İttifaqına qarşı, 1939-1941” (“Operation Pike: Britain Versus the Soviet Union, 1939-1941”) kitabında yazır ki, İkinci Dünya Müharibəsindən 20 il əvvəl, 1918-ci ilin yayında general Dunsterville-in komandanlığı altında Bakıya təxminən min nəfərlik əsgəri qüvvə yeridilmişdi. Lakin onlar Bakıda çox qala bilmədilər.

Sentyabrın 15-də şəhər Osmanlı ordusu tərəfindən tutuldu. Elə həmin vaxt Britaniya qüvvələri Bakını tələm-tələsik tərk edirdilər və bu zaman hücum edən türklərlə atışmaq lazım gəlirdi. Bu atışmada ingilislər itki verirdilər. Ölənlərin arasında bir polkovnik də var idi. Dunsterville onu Bakının işğalı günlərində öz nümayəndəsi kimi Tbilisiyə də göndərmişdi. Polkovnikin soyadı Pike idi.

Əslində iki dünya müharibəsi arasında zaman o qədər qısa olmuşdu ki, 1918-ci ildə Bakını zəbt edən və bu əməliyyata rəhbərlik edənlərdən bəziləri 1940-cı ildə hələ də Britaniyanın Hərbiyyə Nazirliyində çalışırdılar və onlardan cəsur polkovniki xatırlayanlar da vardı.

Bakıya ikinci yürüş məhz buna görə “Pike” adlandırılmışdı.

Amma əməliyyatın mürəkkəbliyi barədə oxuyanda görürsən ki, onu elə “nizə” kimi də başa düşmək olar. O zamanın hərbi bombardmançı təyyarələrinin çoxu belə uzun uçuşları texniki baxımdan icra edə bilmirdilər.

Əməliyyatı zəruri edən şərait

“Pike” əməliyyatına ilkin hazırlıq SSRİ 1939-cu ilin sentyabrında Polşanın bir hissəsini işğal etdikdən və Stalin həmin ilin dekabrında Finlandiyaya qarşı müharibəyə başladıqdan sonra start verilmişdi.

Britaniya və Fransa bu planın tərkib hissəsi kimi Norveç və İsveçi işğal etməyi planlaşdırırdlılar. Lakin bu işğal texniki baxımdan son dərəcə çətin olacaqdı və müttəfiqlər böyük itki verə bilərdilər.

Ümumilikdə isə, Paris və London SSRİ ilə Finlandiya arasında müharibənin davam etməsinə tərəfdar idilər. Bu, Britaniya və Fransaya Sovet İttifaqına hücum üçün əsas verirdi. Çünki bu şəraitdə Moskva de fakto Berlinin müttəfiqi olmuşdu.

London və Parisi narahat edən isə bu idi ki, nasist Almaniyası Sovet neftinə çıxış əldə edə bilər.

Churchill əməliyyata qarşı idi

Londonda Winston Churchill də daxil olmaqla bəzi siyasətçilər SSRİ-nin bombardmanı planını qəbul etmirdilər.

Buna baxmayaraq, Fransa hökuməti tərəfindən general Maurice Gamelin-ə “Sovet İttifaqının neft sənayesini ləğv etmək məqsədilə hərbi əməliyyata hazırlaşmaq” tapşırıldı.

Fransanın sovetlərin neft sənayesini hədəfləməklə əldə edəcəyini düşündüyü məqsədlər geniş idi.

1940-cı il fevralın 22-də general Gamelin Fransanın baş nazirinə raportunda yazırdı ki, “Bakının bombardmanı nəticəsində yaranacaq neft qıtlığı Qırmızı Ordunu və sovetlərin hərbi hava qüvvələrini iflic edəcək, aclığa səbəb olacaq və hətta Sovet İttifaqının çökməsinə gətirib çıxaracaq”.

Britaniya hökuməti Bakı, Batumi və Qroznı neft şəhərlərinin bombardmanı əməliyyatına hazırlığa Stalinin Finlandiyada apardığı müharibə başa çatandan sonra başlamışdı.

“Pike” əməliyyatına əsasən bombardmançı təyyarələr İran, Türkiyə və Suriya ərazisindəki hərbi bazalardan qalxmalıydılar.

Əvvəlcə Bakının şəklini çəkmək

Britaniya təyyarələri Batumi və Bakı üzərində kəşfiyyat uçuşlarını 1940-cı ilin mart ayında həyata keçirdilər.

Bu təyyarələrdə yüksəklikdən çəkə bilən stereoskopik fotokameralar qurulmuşdu.

Bu məqsədlə mavi rənglə boyanmış Lockheed Model 14 Super Electra tipli təyyarə 1940-cı il martın 30-da İraqdakı Həbbaniyyə hərbi hava bazasından qalxaraq Bakı istiqamətində uçdu.

SSRİ-nin hava məkanına saat 11.45-də daxil olan təyyarə İraq Kürdüstanın üzərindən uçaraq Xəzər dənizinə çatdı və buradan Bakıya yaxınlaşdı. Bakı üzərində 1 saatadək dövrə vurub şəkil çəkən təyyarə 12.45-də Həbbaniyyəyə qayıtdı. Bakını müdafiə edən sovet hava hücumundan müdafiə qüvvələrinin, necə deyərlər, ruhu da inciməmişdi.

Lakin Batumi uzərində 1940-cı ilin 5 aprelində kəşfiyyat uçuşunu yerinə yetirən təyyarə sovetlərin radarına düşdü, hətta atəşə tutuldu, lakin sağ-salamat bazasına qayıtdı.

Əldə edilən fotolar əməliyyata başlamaq imkanı verirdi. Bakı, Batumi və Qroznı şəhərləri bombalanmalıydı. Bu hədəflərdən ən mürəkkəbi dağlıq ərazidə yerləşən Qroznı olduğundan ilk gözlənilməz zərbələr ora endirilməliydi. Əməliyyat zamanı yandırıcı mərmilərdən istifadə olunmalıydı.

Bakının üstünə gələn armada

Əməliyyata başlamaq məqsədilə 1940-cı il aprelin 1-də 48 Bristol Blenheim Mk IV bombardmançı təyyarələrindən ibarət eskadriliya Yaxın Şərqdəki bazalara köçürüldü. Gecə missiyaları üçün bir neçə ədəd Wellesley təyyarələri də hazırlanmışdı.

Əməliyyatda ABŞ istehsallı 65 Glenn Martin təyyarələri də iştirak edəcəkdi.

Fransızlar uzaq bombardman üçün təyyarələrə malik deyildilər. Onların təyyarələri yalnız Suriyadan qalxaraq Batumini vura bilərdilər. Məhz buna görə də onlar Suriyada xüsusi uçuş-eniş zolaqları tikirdilər. Tikinti 1940-cı il mayın 15-də başa çatmalı idi.

Fransızların hesablamalarına görə bütövlükdə 120 neftayırma kompleksini dağıtmaq üçün 360 qrup uçuşu icra edilməliydi.

Hədəflərə qədər olan məsafənin qət edilməsi üçün bir çox təyyarələrə əlavə yanacaq bakları bərkidilmişdi.

Hava hücumu nəticəsində Bakı 15, Qroznı 12, Batumi isə 1 gün ərzində yerlə yeksan edilməliydi.

6 ay əvvəl Berlində

1939-cu il ərzində Almaniya və SSRİ diplomatları bir sıra danışıqlarda görüşmüşdülər. Yenidən Patrick R. Osbornun “Pike Əməliyyatı” kitabına müraciət edək:

“Noyabrın 13-də SSRİ xarici işlər naziri Molotovu qəbul edən Hitler Sovet İttifaqına Britaniya əleyhinə müttəfiqlik təklif edirdi.

Lakin uzun-uzadı monoloqu zamanı fürer bu müttəfiqlyin təfərrüatlarını açmaqdan boyun qaçırırdı. Molotov isə məhz təfərrüatlar məsələsində israr edirdi”.

Ola bilsin ki, sovet xarici işlər naziri almanların baş qatdığını, SSRİ-ni yuxuya verdiyini və vaxt qazanmağa çalışdıqlarını duymuşdu. Moskva və Berlin bir-birlərinə inamırdılar.

Görüş elə bu ümidsiz notda da başa çatdı.

Osborne daha sonra yazır ki, həmin günün axşamı Molotov Berlində hələ çar Rusiyasının səfirliyi olmuş binada Almaniya vəzifəliləri üçün ziyafət vermişdi.

Hitler bu məclisə gəlməmişdi. Əvəzində xarici işlər naziri Ribbentrop fürsətdən istifadə edib Molotovun qulağını müttəfiqlik nağılları ilə doldururdu. Elə bu vaxt ağır bombardmançı təyyarələrin uğultusu, ardınca sirena səsləri eşidildi. Berlin üzərində Britaniya təyyarələri uçuşurdu.

Ribbentrop qonağını təcili olaraq şəxsi bunkerinə dəvət etdi. O müttəfiqlik mövzusunu burada da davam etdirirdi. Molotov isə “təfərrüatlar” deyib durmuşdu.

Bu anda Ribbentrop Molotova dedi ki, Almaniya gələcəkdə Brirtaniyanın əlindən alınacaq isti dəniz sahillərini Moskvaya peşkəş edə bilər.

Molotov nəzərlərini bunkerin tavanına qaldırdı. Oradan hələ də təyyarə uğultuları gəlirdi.

“Siz ingilislərlə həyat uğrunda vuruşsanız, onlar sizinlə ölüm-dirim uğrunda vuruşacaqlar” – dedi Molotov.

Yəni “siz əvvəlcə həmin isti sahilləri ingilislərdən alın, bundan sonra biz hədiyyəni qəbul edib-etməmək barədə düşünərik”.

İflas

Aylardan bəri hazırlanan strateji “Pike” əməliyyatı həftələr və hətta günlər ərzində iflasa uğradı. 1940-cı il mayın 10-da Fransa Almaniya tərəfindən işğal edildi.

Alman əsgərləri La Şarite-sur-Luar kəndində dəmir yolu üzərində dayanmış vaqonlarda çox sayda məxfi sənəd aşkar etdilər.

Bu sənədlərin arasında “Pike” əməliyyatına aid olanlar da vardı.

Almanlar bu hadisədən təbliğat və sovetləri bir az da yuxuya vermək üçün istifadə etdilər.

Almaniyanın rəsmi dövlət xəbər agentliyi bildirirdi ki, Berlin Fransanı işğal etməklə, SSRİ də daxil olmaqla başqa dövlətləri xaosdan xilas edib. Xəbər verilirdi ki, guya Almaniya Fransaya məhz bu məqsədlə hücum edib.

Bu zaman Londonun da başı qarışıq idi. Almaniya təyyarələri onun özünü bombardman edirdilər.

Əgər Bakı bombalansaydı…

Bəs Bakı və bombardmanı gözlənilən digər neft şəhərləri aviasiya hücumuna nə dərəcədə hazır idilər?

Azərbaycan Polis Akademiyası ictimai elmlər kafedrasının dosenti, Azərbaycanın əməkdar müəllimi Tahir Behbudov bu mövzuya nə vaxtsa ciddi diqqət yetirmiş azsaylı Azərbaycan tarixçilərindəndir.

O özünün “Bakının bombalanması – Fransa və İngiltərənin SSRİ-ə qarşı hərbi planları” məqaləsində yazır ki, Azərbaycan paytaxtı və onun neft mədənləri hava hücumundan çox zəif qorunurdu.

Marşal Qeorgi Jukov “Xatirələr və düşüncələr” adlı kitabında qeyd edir ki, sovet silahlı qüvvələri ölkənin cənubundakı neft rayonlarını qorumaq iqtidarında deyildilər və 1939-1941-ci illərdə sovet hərbi təyyarələrinin 70 faizi texniki göstəricilərinə görə adi alman təyyarələrindən geri qalırdı.

Serqo Beriya da “Mənim atam Lavrenti Beriyadır” xatirə kitabında atasına istinadən neft rayonlarının aviasiya hücumları qarşısında aciz olduğunu etiraf edir.

Lakin istər Jukov, istərsə də Beriya məhz Almaniya təyyarələrindən söz açırdılar. SSRİ-yə məhz onların hücum edəcəyi gözlənilirdi.

Elə buna görə də Britaniya-Fransanın hava zərbələri Moskva üçün hətta bundan da gözlənilməz olmalıydı.

Tahir Behbudov yazır ki, Bakı bombalansaydı, neft quyularının alışması və zəncirvari artan partlayış və yanğınlar baş verəcəkdi.

Hər tərəfdən neft mədənləri ilə dövrələnmiş Bakı, lap Hitlerin ad günü tortundakı “Bakı” kremin içərisində olduğu kimi neftin içindəydi.

1940-cı ilin 14 martında Fransa kəşfiyyatının əldə etdiyi məlumatda deyilirdi ki, Moskva Birləşmiş Ştatlara neft mədən yanğınlarını söndürən mütəxəssislər göndərməsi və “Bakı mədənlərinin bombardman ediləcəyi təqdirdə effektiv yanğınsöndürmə üçün təlimatlar verməsi” xahişi ilə müraciət edib.

Lakin amerika mütəxəssislərinin fikrincə, Bakı regionunda torpağa o qədər neft hopmuşdu ki, baş verəcək yanğınları aylarla söndürmək lazım gələcəkdi. Neft sənayesinin bərpasına isə illər gedəcəkdi.

Neft mədənlərində baş verən yanğınlar küləklər vasitəsilə şəhərə keçə bilərdi. Belə bir yanğının Bakı əhalisi üçün hansı nəticələrə gətirib çıxara biləcəyini təsəvvür etmək belə dəhşətli görünür.

Nə rahatdır xəritə üzərində…

Osborne yazır ki, “Pike” əməliyyatı bir daha 1941-ci ildə, Almaniyanın Sovet İttifaqına hücumundan sonra yada düşdü.

Bu dəfə Bakı almanların əlinə keçərsə, bombalanmalıydı.

Lakin belə görünür ki, Almaniya Bakı mədənlərini bombalamaq niyyətində deyildi. Əksinə, Berlin narahat idi ki, neft mədənlərini, məğlub olduqları təqdirdə sovetlərin özləri yandıra bilərlər. Adolf Hitlerin əmrlərində qoşunlara Bakının işğalı zamanı yanğına yol verməmək tapşırılmışdı.

Bir sözlə, Bakını yandırmaq istəyən az deyildi. Lakin müharibənin gedişi döyüşlər Bakıya çatmadan dəyişdi.

Britaniya millət vəkili, şair-satirik və özü də dəniz donanmasında xidmət etmiş lord Alan Patrick Herbert əsl müharibənin nə olduğunu şəxsi təcrübəsindən bilirdi və həmin dövrdə Bakının bombalanması planını “Bakı və ya xəritə oyunu” adlı şeiri ilə lağa qoymuşdu:

Nə rahatdır xəritə üzərində Bircə gündə əzişdirmək düşməni Neytrallar əl-ayağa dolaşır, Yoxsa nə var o təcavüz edəni Bircə gündə öz yerində oturtmaq! Bircə gündə dayandırmaq hücumu, Gəl bir-iki bomba ataq Bakıya, Ya da gəlin bombalayaq Batumu…

Beləliklə, Bakının bombardmanı planı şair Herbert demişkən elə xəritə üzərində qaldı…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir