Bəli, söhbət ikinci evlilikdən gedir. Evliliyə qərar verən bütün insanların ailə həyatı heç də həmişə uzun ömürlü olmur. Yəni müxtəlif səbəblər bəzən evli cütlükləri ayrılıq qərarı vermək məcburiyyətində qoyur. Təbii ki, bir çox yetkin insanlar boşandıqdan sonra həyatını yenidən qurmağa meyllənir. Hətta araşdırmalar da boşanan cütlüklərin 3-5 il sonra yenidən evləndiklərini sübut edir.
Kişilərin yenidən evlənmə nisbəti qadınlara görə daha çox və daha tezdir. Bir çox kişi və qadınlar ilk evliliklərində təcrübəsiz olduqlarına görə səhvlər etdiklərini və bu səhvlərdən dərs alaraq, artıq gerçək sevgiyə və ortaq gözəl əlaqəyə hazır olduqlarını hiss edir və yenidən evlənirlər.
Maraqlıdır, xoşbəxtliyə daha bir şans verməyə dəyərmi? Paytaxt sakinlərinin məsələyə münasibəti birmənalı deyil:
– Düşünürəm ki, birinci dəfə birlikdəlikləri alınmayıbsa, ikinci dəfə ailə qurmaq normaldır. Boşanıblarsa, niyə də olmasın? “İkinci dəfə də hər şey əla olacaq” deyə belə fikir bildirmək çətindir. Amma ikinci dəfə də bu addımı atmaq pis deyil.
– Bu, hər kəsin şəxsi seçimidir. Ola bilər. Niyə də pis baxsınlar ki, bu məsələyə? İkinci şans olmalıdır. Məncə, xoşbəxt ailə də olmaq olar.
– Normal baxıram. Əgər birincidən yarımayıbsansa, ikinci dəfə qurmaq olar.
– İkinci dəfə ailə qurmadan da ötüşmək olar. Əgər qadının maddi durumu yaxşıdırsa. Heç vaxt “heç vaxt” fikrini deməyin. Məsələyə bu cəhətdən də yanaşmaq lazımdır. Əgər qadının başqa köməyi yoxdursa, onun ikinci dəfə ailə qurmasına normal yanaşıram.
– Əgər birinci evliliyində yanılmısansa, səhv etmisənsə, ikinci dəfə slnamaq olar.
Respondentlərin əksəriyyəti isə ikinci evliliklə razılaşmadıqlarını dedilər:
– İkinci dəfə ailə qurmaq normal deyil. Hər iki tərəf dözümlü olmalıdır. Həm oğlan həm qız.
– Yox, ikinci evliliyi bəyənmirəm. Bir və son olsun.
– Düşünürəm ki, ailədaxili mübahisələrdə gərək çox da dərinə getməyəsən. Gərək qarşılıqlı anlaşasan. Yola verə hər iki tərəf bir-birini. Ayrılmasınlar. İkinci evliliyə də ehtiyac yaranmasın.
– Sevib ailə qurublarsa, gərək dözsünlər. Əgər birincidə bəxti gətirməyibsə, ikincidə də gətirməz.