ilan

Ilan sancmasından necə qorunmalı?

Baxış sayı: 1. 527

Azərbaycanda apreldən indiyədək olan dövrdə 13 nəfəri ilan, iyun ayında isə 1 nəfəri qara qurd hörümçəyi, 2 nəfəri əqrəb sancıb. Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. Onun sözlərinə görə, havalar istiləşəndə hörümçəyin bir növü olan qara qurddan və sarı, qara əqrəblərdən zəhərlənmə halları olur: “Buna görə də insanlar özlərini bu həşəratlardan qorumalıdırlar. Hələlik havalar sərin keçdiyindən, bu həşəratlardan zəhərlənmələrlə bağlı müraciətlərin sayı azdır”.
Toksikoloq sancmalarla bağlı builki müraciətlərin də ötən ilin müvafiq dövrü ilə müqayisədə az olduğunu söyləyib.
Xatırladaq ki, keçən il  ilan sancmasından 25 yaşlı oğlan ölüb.
İlan sancması zamanı ən yaxşı müalicə üsulu  zərdabın vurulmasıdır. Zərdabın vurulması imkan daxilində çox tez olmalıdır. Uşaqlara vurulan zərdabın miqdarı böyüklərə vurulandan bir neçə dəfə artıq ola bilər.  Zərərçəkənin özündən və ya ətrafdakılardan hücum edən ilanın növünü öyrənmək lazımdır. Bu, xəstəxanada lazım ola biləcək vacib məlumatdır. Zərdab hər bir ilan zəhərinə qarşı spesifik immunoqlobulinə malikdir. Zərdablar, tərkibində bir ilanın zəhərinə və ya hər üç ilan zəhərinə qarşı antiteli olan preparatlar şəklində buraxılır.
Yay fəslində insanların daha çox təbiət qoynuna getdiklərini nəzərə alsaq, ilan sancmaları da məhz bu vaxtlar baş verir. El arasında “ağına da, qarasına da lənət” deyilən ilanlardan necə qorunmaq olar?
Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinin müdiri  Azər Maqsudov ilan sancmalarından qorunmaq üçün nələr etmək lazım olduğunu dedi: “Kənd təsərrüfatı işləri ilə məşğul olarkən ehtiyatlı olmaq, mümkündürsə, rezin çəkmə və əlcəklərdən istifadə etmək lazımdır. Təbiət qoynunda istirahət edənlər də ayıq-sayıq olmalıdır. İlan yuvaları əsasən, sakit yerlərdə olur, ağacların altına, kolların aralarına diqqətlə baxmaq, meşə və çəmənliklərdə ehtiyatlı olmaq lazımdır. İlan sancması baş verən zaman vaxt itirmədən təcili tibbi yardıma müraciət edilməlidir.  İlin əvvəlindən biz Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinə məktub göndərmişdik. Onlar da klinikamızı lazımı qədər zərdabla təmin edirlər.  Bundan başqa, zərdab təcili tibbi yardım briqadalarına da paylanıb. Hələ ki, zərdab baxımından heç bir problem yaşamırıq”.
Zərdabın bahalı dərman olduğunu deyən A. Maqsudov bildirdi ki, hazırda apteklərdə zərdab satılmır: “Zərdab bahalı dərman olduğundan, apteklərdə satış yoxdur. Zərdab ancaq mərkəzi rayon xəstəxanalarına, tibbi yardım briqadalarına və paytaxtdakı bütün xəstəxanalara verilib. Zərdab ilan zəhərinə qarşı effektli olan tək dərmandır. Onu istifadə etdikdən sonra ilan sancmış insanın heç bir həyatı təhlükəsi qalmır”.
Hər ilanın öz zərdabının olduğunu və ilan sancması ilə müraciət edən şəxsi hansı ilanın vurduğunu bilməyəndə, ona hansı zərdab vurulduğunu soruşduq. Klinika müdiri bildirdi ki,  Azərbaycanda əsas olaraq təhlükə yaradan gürzə ilanıdır: “Gürzənin ayrı-ayrı növləri olsa da,  zəhər tərkib baxımından eynidir.  Bizdə gürzə, əfi,  bir də kobra əleyhinə zərdablar var. Amma bizdə  daha çox gürzə ilanı olduğuna görə, xəstələrə əsas etibarilə onun zərdabını vururuq”.

İlan sancması zamanı xəstənin dərhal xəstəxanaya aparılmalı olduğunu deyən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə deyir ki, xəstəyə ilkin yardım göstərilərsə və lazım olan zərdab vurularsa, daha yaxşı olar:  “Hər bir ilanın öz xüsusi zərdabı olur. Ona görə də, ilan sancması zamanı mütləqdir ki, ilanın növü bilinsin və ona uyğun zərdab vurulsun. Rayonlara zərdab göndərilərkən də ərazi nəzərə alınır. Yəni hansı regionda ilanın hansı növü çox olursa, onun zərdabı ora daha çox göndərilir”.
S. Əhmədovanın sözlərinə görə, ölkəmizə zərdab əsasən  Özbəkistandan alınır. Mətbuat xidmətinin əməkdaşı rayonlarda zərdab çatışmazlığının olmadığını da bildirdi: “Paytaxtdan kənar ərazilərə də kifayət qədər zərdab verilir.  Zərdablar dövlət büdcəsindən alınır. Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən gətirilir və regionlara paylanılır.  Göstərici olaraq, əvvəlki illər əsas götürülür. Yəni ötən il nə qədər alınıbsa, növbəti il də ona və tələbata  uyğun  zərdab alınır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir