ilan

İlan və əqrəb, arı sancmalarından necə qorunmalı?

Baxış sayı: 1. 828

Yay mövsümünün gəlişi ilə əlaqədar əqrəb və ilan sancmaları artmağa başlayıb. Respublika Toksikologiya Mərkəzinin rəhbəri Azər Maqsudov mətbuata açıqlamasında qeyd edib ki, son 10 gündə mərkəzə ilan sancması diaqnozu ilə 3 nəfər daxil olub. Hər 3 hadisə Bakı kəndlərində qeydə alınıb. Mərkəz rəhbərinin sözlərinə görə, xəstələrin vəziyyəti orta-ağırdır.

Qeyd etdiyimiz kimi, hər il bu mövsümdə ilan və əqrəblərin aktivləşməsi müşahidə olunur. Ekpsertlər bildirir ki, xüsusən də Bakı kəndlərində, Qobustan qəsəbəsində, Hacıqabul, Şirvan, Şəki və Qəbələ bölgələrində müşahidə olunan bu aktivlik təxminən martın ayının sonlarından başlayaraq, noyabr ayınadək davam edir. Ehtiyatsızlıq, bəzən də təsadüfi hallar nəticəsində insanlar bu cür sürünən və ya zəhərli həşəratların hücumlarına məruz qalır. Çox təəssüf ki, bəzi hallarda bu cür olaylar faciə ilə nəticələnir.

 

Bəs ilan və əqrəb, arı sancmalarından necə qorunmalı?

Ümumiyyətlə Azərbaycanda 28 ilan növü vardır ki, onların da yalnız 7 növü zəhərlidir. Zəhərli ilanların isə hamısı gürzə növünə aiddir. Ekspertlər qeyd edir ki, onların zəhəri olduqca təhlükəlidir. Bu növ ilanları vurduğu yaradan müəyyən etmək olur. Məsələn, əgər ilan vuran yerdə deşik varsa, deməli zəhərli ilan sancıb. Çünki zəhərli ilanlarda iki zəhər dişi olur. Həmin dişlərinin də içində deşik olur. Digər ilanların sancdığı yerdə iki diş izi olmur. Məhz bunun vasitəsi ilə insanı zəhərli və ya zəhərsiz ilan sancdığı müəyyən edilir.

Toksiqoloqlar qeyd edir ki, ölkəmizdə ən təhlükəli zəhərli ilan Şahmar ilandır. Bu ilanın zəhəri o qədər güclü olur ki, hətta digər ilanların zəhərinə qarşı olan zərdab belə kömək edə bilmir. İlan zəhəri qanın laxtalanması təsir eləməklə yerli ödem, nekrotik təsir yaradır. Ona görə də ilan sancmasından artıq bir neçə dəqiqə sonra insan bədənində zəhərlənmə başlayır. Bəzən isə ilan sancması ilə qarşılaşan insana düzgün olmayan türkəçarə tədbirlər görülməsi onun vəziyyətinin ağırlaşmasına, hətta ölümünə səbəb olur. Əsasən də rayon və kəndlərdə ilan sancan ətrafa jqut qoyulur və yaxud yaralı yeri kəsib, qanı sorurlar. Lakin məlum olub ki, nəinki ağızla, hətta xüsusi ekstraktla zəhəri soranda onun yalnız 13 faizini çıxarmaq mümkündür.

zəhərli əqrəblər ile ilgili görsel sonucu

Bundan əlavə, ölkəmizdə zəhərli əqrəblər, hörümçəklər də var. Ekspertlər bildirir ki, Azərbaycanda daha çox sarı əqrəblər olur ki, onların da zəhəri çox zəifdir. Hələ ki, əqrəb sancmasından dünyasını dəyişən olmayıb. Lakin son 10 ildə ölkəmizə Orta Asiyadan çox təhlükəli və zəhərli, el arasında “qara qurd” adlanan zəhərli hörümçəklərin gəldiyi bildirilir. Məlumata görə, onların zəhəri gürzəninkindən bir neçə dəfə güclüdür. Hörümçək o qədər balacadır ki, heç bəzən onun sancdığını da hiss etmək olmur. Bu həşəratın zəhəri neyrotoksik təsirli olduğundan, həmin nahiyədə şiddətli ağrılar başlayır. Hətta narkotik maddələr belə o ağrıları keyləşdirə bilmir. Bu hörümçək 1,5 mm ölçüdə olur və belində 4 qırmızı nöqtə var. Həkimlər xəbərdarlıq edərək bildirirlər ki, belə hörümçəklə qarşılaşanda mütləq ondan qorunmağa çalışmaq lazımdır.

İlan və əqrəblərdən necə qorunmağına gəldikdə isə, bu haqda dəfələrlə FHN maarifləndirici xəbərdarlıqlar bəyan edir. Məsələn, bildirilir ki, meşəyə gedərkən uzun şalvar geyinməli, qalın dəri və rezin materialdan olan uzunboğaz çəkmədən istifadə etmək lazımdır. Çünki ilanlar bu materialları dişləyə bilmir. Rast gəlinən yuva, hündür otluq və aşmış ağaclardan uzaq durmaq lazımdır. Gedərkən yolu açmaq üçün sıx otluğa əl salmaq olmaz. Bunun üçün mütləq əl ağacından istifadə etmək lazımdır. Qaya parçası və ya ağac kötüyünün üzərinə oturmazdan əvvəl onu diqqətlə nəzərdən keçirmək lazımdır. Əgər meşədə gecələmək planı olarsa, əvvəlcədən toplanan çırpıdan ocaq qalanmalıdır. İlanlar alov və səs-küydən çəkinir. İlanla rastlaşdıqda isə dayanmaq, geriyə çevrilmədən yavaşca uzaqlaşmaq, diqqət cəlb etməmək üçün qəfil, kəskin hərəkətlər etməmək lazımdır. Unutmaq olmaz ki, ilan və əqrəb ona toxunmadıqca, insanı sancmır.

Xəbərdarlıqlardan biri də budur ki, ölmüş bilinən ilana belə yaxınlaşmaq olmaz. Çünki bəzən sürünənlər özünü ölmüş kimi göstərə bilir. Zəhərli ilanı zərərsizdən seçmək lazımdır. Belə ki, adətən təhlükəli ilanlar parlaq və əlvan rəngli olur, özlərinə xas fısıltı və şaqqıltı səslər çıxarır.

zəhərli əqrəblər ile ilgili görsel sonucu

Əqrəb və hörümçəklərə gəldikdə isə, ekspertlər qeyd edir ki, əqrəbin evə girməməsi üçün qapı və pəncərələri həşərat əleyhinə tor örtüklə təmin etmək lazımdır. Açıq havada istirahət edilərsə, mütləq şəkildə paltar və ayaqqabıları, çadırdakı yataq dəstini nəzartdə saxlamaq, vaxtaşırı onları çırpmaq lazımdır. Qumsallıqda ayaqyalın gəzinməkdən çəkinmək lazımdır. Çünki əqrəblər adətən qumun üst qatında gizlənir.

Yalnız unutmaq olmaz ki, indiki mövsümdə təkcə ilan, əqrəb sancmaları deyil, həm də arı sancmaları da olur. Hətta arı sancmaları da bəzən faciəyə səbəb olur. Məsələn, bu günlərdə Balakən rayonunun Qazma kənd sakini İlqar Əliyev məhz arı sancmasından dünyasını dəyişdi. Əliyev arıçılıq təsərrüfatı ilə məşğul olub, arı onu boyun nahiyəsindən sancıb. Bir həftə əvvəl isə Qax rayon sakini Aqşin Qocayevi arı sancmışdı, nəticədə, arıçı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

Ümumiyyətlə, son aylar arı sancması nəticəsində ağırlaşma və ölümlə bağlı tez-tez məlumatlara rast gəlinir. Ekspertlər qeyd edir ki, arı sancmasına qarşı allergiyası olan insanlarda ölüm riski çox olur. Bunun üçün arı sacması zamanı mütləq şəkildə təcili olaraq həkimə müraciət etmək lazımdır. Əks halda şok yarana, insan həyatını itirə bilər.

arı sancması ile ilgili görsel sonucu

Bəs ilan, əqrəb, arı sancması zamanı il olaraq nə etmək lazımdır?

Toksikoloqlar qeyd edir ki, ilanlar adətən insanın ətraflarına, xüsusən də aşağı ətrafında hücum edir. Bu zaman yaralı insanı hərəkətsiz hala gətirib, dişlənmiş yaranı yodla steril etmək və dərhal həkimə çatdırmaq lazımdır. Yaralını həkimə çatdırana qədər ilan sancan ətrafa yaxın oynaqları işlətmək olmaz. Çünki bu, zəhərin bədənə tez yayılmasına köməklik edə bilər. Sadəcə həmin ətrafa yüngül, sıxmayan steril sarıq qoymaq olar. Yaranı sorub zəhəri çıxartmaq və ya həmin ətrafı kəsmək, üzərinə qatıq qoymaq məsləhət deyil. Ona görə ki, tez bir vaxtda çirklənmiş yara infeksiyalaşmış yaraya keçir və sonra fəsadlaşmış hal alınır.

Beləliklə, istənilən halda yaralını təcili olaraq xəstəxanaya çatdırmaq lazımdır. Səbəb isə, ilan zəhərinə qarşı zərdab yalnız xəstəxanalarda vurula bilər. Qeyd edək ki, zərdab xüsusi zülal – at qanından hazırlanır.

Əqrəb sancması zamanı isə ekspertlər qeyd edir ki, hadisə baş verən zaman həmin bölgə buz ilə soyudulur. Buz tətbiq edilməsi həm şişməsinə mane olur, həm də damarlarda büzüşmə getdiyi üçün zəhərin qana keçməsi ləngiyir, həm də ağrı azalır. Yaralını bundan sonra dərhal həkimə göndərmək lazımdır. Əqrəb sancmasına qarşı hansısa zərdaba ehtiyac olmur. Sadəcə, lokal anesteziya ilə zəhərlənməyə qarşı müalicə aparılır.

Arı sacmasına gəldikdə isə, bu zaman ilk olaraq yaralı yer yuyulmalıdır. Əgər dərinin üzərindən arının iynəsi görsənirsə, ehtiyatlı şəkildə çıxarılır. Sonra isə dərhal həkimə müraciət etmək lazımdır. Çünki qeyd etdiyimiz kimi, arı sancmasına qarşı allergiyanın olması bəzən faciəyə gətirib çıxara bilir.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir