Bu gün Azərbaycanda “Torpaq” yəni, ilaxır çərşənbədir. İlaxır çərşənbə Novruz bayramından əvvəl qeyd edilən son və ən təntənəli bayramlardan biridir. Axır çərşənbəni insanlar xüsusi təmtəraqla qeyd edir. Süfrələr ləziz yeməklərlə, şirniyyatlarla bəzədilir. Bu axşam belə adət ənənələrdən əlavə fala baxmaq da öz aktuallığını qoruyur.
Beləliklə, ilaxır çərşənbə günü baxılan falların bir neçəsini təqdim edirik:
Bayram günü və ya axır çərşənbədə hər hansı bir evə gedib qapı pusulur. Amma əllər ilə qulaqlar bağlı olmalıdır. Evə yaxınlaşdıqda əlləri açıb ilk eşidilən 2-3 sözü yozmaq lazımdır.
Axır çərşənbədə niyyət tutub gözləyirlər. Kim qapını açıb içəri girsə, onun birinci sözünü niyyətə görə yozurlar.
Axır çərşənbədə cavan qızlar bir qaba su tökürlər. Saçlarından tel qoparıb, nişan üzüyünü saça taxırlar. Niyyət tutub, üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarına dəyir. Üzük neçə dəfə dəyirsə, sayırsan, demək, o yaşda gəlin köçəcəksən.
Axır çərsənbədə qaba bir yumurta, bir qara və bir də qırmızı karandaş qoyulur. Səhər baxdıqda yumurtanın üzərində qırmızı cızıqlar olsa xoşbəxtlik, qara cızıqlar yaranarsa isə bu bədbəxtliklə qarşılaşmaq deməkdir. Bu isə maksimum 4 il vaxt üçündür.
Paltara sap ilişəndə onu burub şəhadət barmağına dolaya-dolaya əlifba sırası ilə hərfləri sadalayırlar. Hansı hərfi deyəndə sap dolanıb qurtarırsa, sevgilinizin adının o hərflə başlayacağı iddia olunur.
Bundan başqa, bayramda 1 qaba su tökülür və şam götürüb yandırılır. Şamı suya tərəf əyirsən və neçə yaşın varsa o qədər damcıladırsan suya. Yaranan hərflə nişanlının adı başlayacaq.
Bu axşam nişanlı qızların partnyorları tərəfindən nə qədər istənilməsini yoxlamaq üçün sapa bir neçə dəfə düyün vurub qıza verirlər ki, açsın. Qız aça bilsə, deməli, oğlan onu çox istəyir. Yox, əgər aça bilməsə isə əksinə, sevmir.
Torpaq çərşənbəsində bir alma götürülür və yeyilir. Sonra gecə həmin almanın toxumları sayılır. On ədəd toxum dənəsini yastığın altına qoyub, yatırlar. Bu zaman yuxuda kimi görsələr, deməli həmin adam onun qismətidir.