el

İlkin tibbi yardıma qədər nə etmək lazımdır?

Baxış sayı: 846

Bir çox hallarda həkimə, təcili yardıma qədər ilkin tibbi yardım göstərmək lazım olur. Çox zaman insanların taleyi göstərilən ilkin tibbi yardımdan asılıdır və kiçik bir yanlış ciddi nəticələrə səbəb ola bilər. Ona görə də ilkin tibbi yardım göstərməyi əslində hər kəsin bilməsi vacib sayılır. Qaydaları bilməyənlərin isə ilkin yardım göstərməməsi tövsiyə olunur.

“Gencaile.az” saytı Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsinin həkimi Bəylər İmanovun “İlkin tibbi yardıma qədər nə etmək lazımdır?” sualına cavabını təqdim edir:

İnsanlar müxtəlif xəstəliklər zamanı ağırlaşmalar, bədbəxt hadisələr baş verdikdə orqanizmdə ciddi zədələnmələr, yanıqlar, elektrik vurması, kəskin zəhərlənmələr və digər hallarda təcili yardım çağırırlar. Bəs təcili yardım özünü yetirincə, xəstənin vəziyyəti pisləşərsə, nə etmək lazımdır? Əgər xəstədə hər hansı xroniki xəstəlik varsa, məsələn, şəkərli diabet, hipertoniya, ürək-damar xəstəlikləri və s. bu zaman onun qan təzyiqi ölçülməli, sakit və rahat yerdə uzandırılmalı, pəncərələr açılaraq xəstəyə təmiz hava verilməlidir.

Xəstə hipertonikdirsə, bu zaman qan təzyiqi ölçülməli, yüksək olduqda adətən qəbul etdiyi dərmanlar, əl altında yoxdursa, limon qarışdırılmış su verilməli, ayaqları isti suya qoyulmalıdır ki, təzyiq bir qədər aşağı düşsün. Şəkərli diabet xəstələrində mütləq şəkər ölçülməli, xəstə rahat və sakit uzandırılmalıdır. Ürək-damar xəstəliyi olan insanlar döş qəfəsində güclü ağrı hiss etdikdə, təcili yardım gələnə qədər arterial təzyiqi ölçmək və lazım olarsa, damarları genişləndirən təzyiq salan dərman verilməlidir. Kürəyə, boyuna, çiyinə, sol qola vuran ağrılar ürəyin işemik xəstəliyinin ilkin əlamətləridir.

Bədbəxt hadisələr zamanı, bunlar yıxılma, elektrik cərəyanı vurması, avtomobil qəzaları və s.-dir. Bu zaman xəstə xəsarət alarsa, o rahat uzandırılmalı, başı bir qədər yüksəkdə qoyulmalı, rahat nəfəs almaq üçün geyimdəki düymələr açılmalıdır. Xəstə huşunu itirərsə və qıcolma olarsa, məsələn, kardiogen, miokard infarktında, anafilaktik şokda, allergiyalarda hissiyyat itərsə, təcili yardım gələnə qədər sakitlik yaratmaq, xəstəni uzatmaq və naşatır spirti iylətmək lazımdır.

Bəzi dayanmayan və kəskin qarın ağrıları zamanı da təcili yardım çağırılır. Qarın ağrısı bir sıra xəstəliklərin: kəskin appendisit, pankreatit, xolesistit, pielonefrit, sistitdə müşahidə olunur. Həkim gələnə qədər ilk növbədə, xəstəni sakit yerdə uzandırmaq və həkimi gözləmək lazımdır. Bu hallarda xəstəyə qətiyyən ağrıkəsici vermək olmaz.

Ağrı yerinə istiqac və ya isti vanna qəbul etmək qətiyyən olmaz. Bu, qarında iltihabın tez bir zamanda inkişafına və peritonitin əmələ gəlməsinə səbəb olur. Bağırsaqları yumaq, ödqovucu preparatlar vermək qətiyyən olmaz. Bütün bu hallarda mütləq təcili yardım çağırmaq mütləqdir. Yardımı çağırarkən ünvanı və telefon nömrənizi, habelə çağırışın səbəbi dəqiq deyilməlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir