Sabah ali təhsil müəssisələrinə qəbul imtahanları olduğu üçün abituriyentlər və valideynlər çox həyəcanlıdır. Əksər hallarda imtahanqabağı stress o qədər güclü olur ki, abituriyent adi halda testdə topladığı balın yarısını güclə toplayır. Necə deyərlər, bildiyini də unudur. Bəs imtahanöncəsi stressi necə dəfə etmək olar?
Psixoloq Arzu Qurbanovanın bildirdiyinə görə, imtahanöncəsi olan gərginlik cərrahi əməliyyat öncəsi olan gərginlikdən qat-qat yüksəkdir və əlbəttə ki, sağlamlığa güclü təsir göstərir: “Uzun müddət kitab oxumaq, tapşırıq etmək, eyni əzələ və orqanlara düşən gərginlik, intensiv əqli fəaliyyət, istirahət və yuxu rejiminin pozulması və ən əsas emosional yüklənmə əsəb sisteminin gərginləşməsinə səbəb olur. Baş ağrısı, ürək bulanması, dəridə səpkilər, özünü itirmə, panika, qorxu, yuxusuzluq – bütün bunlar imtahan ərəfəsində uşaqların keçirdiyi narahatlıqların yalnız bir qismidir”.
Həmsöhbətimiz deyir ki, imtahanın uğurlu olması əsas 2 amildən asılıdır: “Materialın yaxşı mənimsənilməsi və imtahan zamanı özünü idarə etməyi bacarma. Birinci hissənin sistemli çalışma və iradə tələb etdiyi hamıya məlumdur. Odur ki, diqqəti ikinci hissəyə verək. Özünü idarə etməyə gəldikdə isə bunu öyrənmək olar və vacibdir, çünki bu, insana yalnız imtahan zamanı deyil, həyatın başqa məqamlarında da gərəklidir. İmtahana çox yaxşı hazırlaşsan belə, ən vacib anda səni elə bir həyəcan bürüyür ki, gözlərin qaralır, ürək döyüntülərin güclənir, əllərin soyuyur, tərləyir. Bu hal insanı çox təəssüfləndirir, çünki hər şeyi bildiyin halda, öyrəndiklərini ortaya qoymağa imkan vermir və istədiyin nəticəni ala bilmirsən”.
Psixoloqun sözlərinə görə, imtahan elə bir situasiyadır ki, “özün özünə yardım et” prinsipinə əsaslanmalısan. “İmtahan stresinin öhdəsindən gəlmək üçün kifayət qədər sadə qayda və yollar var. Onlardan özünə daha uyğun gələni seçə bilərsən. Bunlardan biri, imtahan və onun nəticələri haqda neqativ fikirlərdən uzaq olmaqdır. Düşüncələr reallığa çevrilir. Odur ki, ağlına uğursuzluqla bağlı fikirlər gələrsə, onu dayandırıb qarşılığında pozitiv düşünmək lazımdır”.
Qurbanova məsləhət bilir ki, imtahan ərəfəsində hazırlığı saat 17-18-ə qədər bitirmək lazımdır. Axırıncı saatlarda həyəcanlı əzbərləmə effektli deyil. Təcrübələr göstərir ki, gecə vaxtı biliyini nə qədər çox yoxlasan da, bir o qədər az yadda qalır. Yaxşı olar ki, vaxtdan istifadə edib emosional və intellektual cəhətdən yorulmuş orqanizmini sınağa hazırlayasan. “Bunun üçün imtahan öncəsi axşam sakitləşdirici bir işlə məşğul olmaq faydalıdır. Məsələn, gəzintiyə çıxmaq, duş almaq, komediya filmi izləmək. Məlum olub ki, gülüş nəinki stressi götürür, bundan başqa, iştah və iş qabiliyyətini artırır, yuxunu normaya salır, hətta əqli bacarıq və dərketməni belə artırır. Yadda saxlayın ki, imtahandan öncəki gün yaxşı yatmaq lazımdır. Bunun üçün günün ikinci yarısında çay, kofe, şokolad və kola kimi qidalardan uzaq olmaq məsləhətdir”.
İmtahanöncəsi rahatlanmanın yollarından biri psixoloji texnika olan vizuallaşdırmadır. Verəcəyin imtahanın gedişatını istədiyin kimi təsəvvür et. Özünü kənardan rahat, sakit, suallara asanlıqla cavab verirmiş kimi görməyə çalış. Bu vizual çalışma tez-tez təkrarlanarsa, imtahan həyəcanı azalar. “Əlbəttə ki, imtahanqabağı valideynlər də abituriyentlərə qarşı mehriban davranmalı, onları qorxuzmamalı və stress vəziyyəti yaratmamalıdır”.
İmtahanöncəsi qidalanmaya fikir vermək önəmlidir. Belə ki, yuxunun yaxşı olması üçün çətin həzm olunan və yuxunu qaçıran qidalardan uzaq olmaq lazımdır (məsələn, makaron, düyü, ət, şirniyyat və s.). Tərəvəz, balıq və toyuq əti, meyvə, yoqurt və süd kimi qidalar məsləhət görülür.
Psixoloq bildirib ki, imtahanöncəsi stress abituriyent imtahan otağında əlinə sual kitabçasını aldıqda artıq pik nöqtəsinə çatır: “Bu zaman bildiklərini də unutmamaq üçün özünü ələ almaq vacibdir. İmtahanın nəticəsi abituriyent üçün önəmli olduğundan o, həyəcan keçirir. Başında hər şey qarışır. Bir qrup insanlarda həyəcandan beynin fəaliyyəti aşağı düşür. Lakin başqa qrup insanlar da var ki, onlarda əksinə həyəcan keçirdiyi vaxt beyin fəaliyyəti güclənir və diqqətini daha da yaxşı cəmləyərək unutduğu bilgiləri belə xatırlayırlar. Əgər həyəcandan daha çox unudursuzsa, onda həmin an bütün əzələlərinizi rahatlayın. Əl və biləkləri masaj edin. Bunları etdikdən sonra özünüzü müsbət istiqamətdə kökləyin ki, hər şey yaxşı olacaq, siz imtahana yaxşı hazırlaşmısız və sualların cavabını düzgün qeyd edəcəksiniz”.
Müsahibim əlavə edib ki, bu məsləhətlərdən istifadə imtahan günü daha gümrah olmağa, özünün yaxşı tərəflərini göstərib uğur qazanmağa kömək edəcək: “Ən əsası unutmayın ki, imtahan ölüm-qalım savaşı deyil, sadəcə müvəffəqiyyət yolunda bir pillədir”.
Aynurə MƏMMƏDOVA