İmtahan vaxtı yaxınlaşdıqca abituriyentlər həyacanlanmağa və stress keçirməyə başlayırlar. İmtahan zamanı isə bu stress və həyəcan ikiqat artır. Düzdü, qəbul imtahanlarına hələ xeyli vaxt var, amma həftəsonu orta ümumtəhsil məktəblərində 11-ci sinif şagirdləri üçün keçiriləcək buraxılış imtahanları da heç də az gərginlik yaratmır.
Deyirlər hətta məşhur sərkərdə Napoleon Bonapart da imtahan adı gələndə zağ-zağ əsirmiş. Neçə-neçə ölkələri fəth etmiş sərkərdə imtahandan belə qorxubsa, onda gör orta məktəbi dünən bitirmiş məzunlar test imtahanına yollananda necə həyəcanlanırlar.
Ona görə də tələbə olmaq istəyənlər çətin bilik yarışından qalib çıxmaqla yanaşı, həm də belə böyük stressi aradan qaldırmağı bacarmalıdırlar. Bir sözlə, məzun imtahana həm intellektual, həm də psixoloji cəhətdən hazır olmalıdır.
Bəs abituriyentlər imtahan ərəfəsi həyəcanı, psixoloji gərginliyi necə dəf edə bilərlər?
Mövzu ilə bağlı ən yaxşı tövsiyələri psixoloqların verə biləcəyini nəzərə alıb, yeniyetmə psixoloqu Nəzrin Həşimzadəyə müraciət etdik.
Mövzu ilə bağlı “Gencaile.az” saytına danışan mütəxəssis deyir ki, bu gərginliyin azalması üçün ilk öncə uşağın ailəsində daha sonra məktəb mühitində psixoloji iqlimin yaradılması vacibdir. Ailədə psixoloji iqlimin yaradılmasında valideynlərin rolu böyükdür. Burada valideynlərin uşağı motivasiya etməsi,uşağa güvənməsi nəzərdə tutulur. Məktəbdəki psixoloji iqlim isə sinif rəhbəri və psixoloqların üzərinə düşən vəzifələrdən biridir ki, burada uşaqlar və müəllimlər arasında münasibətlərin düzgün qurulması nəzərdə tutulur.
Bu baxımdan bir neçə məqama toxunan ekspert aşağıdakıları sadaladı: ”Uşağa diqqətin daha da artırılması və onlara həssas yanaşılması, valideynlərin uşaqların üzərinə çox getməməsi, imtahan qabağı psixoloji dəstəyin, məsləhətin təşkil olunması, uşaqların motivasiyasının təmin edilməsi, uşaqlarda inam hissinin formalaşdırılması, uşaqların özgüvəninin inkişafının artırılması, uşaqlara güvənmək, tez-tez uşaqlarla söhbətlər aparmaq, müəllimələri və psixoloqdan uşağın hazırkı durumu barədə məlumat almaq kimi nüanslar effekt verə bilər.”
Nəzrin Həşimzadə sonda isə fikirlərini valideynlərin uşaqlarına münasibətində təəssüf hissi ilə müşahidə etdiyi nünasa toxundu çıxış yolunu göstərdi: “Təəssüf hissi ilə qeyd edə bilərik ki, imtahan nəticələri zəif olan şagirdlər valideynlərinin sərt reaksiyasından,olunacaq tənqiddən qorxaraq intihar etmək haqda düşünürlər və bir çox hallarda bunu reallaşdırırlar. Bu cür mənfi halların aradan qaldırılması, şagirdlərin intihardan çəkinməsi üçün tədbirlərin görülməsi valideynlərin, sinif rəhbərlərinin və psixoloqların üzərinə düşən vəzifələrdən biridir.”
Təqdim etdi: Məsudə Sultan