– Insanların duyğuları dəyişkəndir, yoxsa insan doyumsuzdur?
– (Həmişə içəriyə dodağının altında suallar verərək daxil olurdu Xalid.) Salam (gülümsəyirəm)
– Hə, demişdiniz ki, öncə salamlaşmaq lazımdır. Öncə salamlaşmaq lazımdır… Salam.
– Salam, Xalid. Fikirlisən yaman. Mənə danışmaq istədiyin nə isə varmı?
– Hə,özüm bir aydır düşünürəm, cavab tapa bilmirəm. Insanların duyğuları dəyişkəndir, yoxsa insan doyumsuzdur?
– Yaxşı sualdır, bəs necə oldu ki, sən bu haqda düşünməyə başlamısan? (Sualı cavablamaq yerinə sualın nədən qaynaqlandığını, bunu düşünməyə onu nəyin vadar etdiyini tapmalıyam öncə)
– 37 illik həyatıma baxada ağlımı tək bu sual qurdalayır. Kasıb bir uşaqlıq (o dönəmdə belkə də indiki həyatım arzum belə olmayacaq qədər dar düşünürdüm), ardından səfil bir tələbəlik (gülür), sonrasında isə artan tempdə iş həyatı. İndi önəmli bir şirkətdə əsas pozisiyadayam. Şükür duyğum yerindədir, hər şey də qaydasında. 3 uşaq da var çox şükür. Yoldaşımla da hazırkı vəziyyətdə Azərbaycan ortalaması üçün ideal ailə də sayıla bilərik. Yəni ortada qaydaları pozan heç nə yoxdur. Sağlıq, maddiyyat – çox şükür – belə baxanda çoxlarının arzularını yaşayıram. Amma özümü tapa bilmirəm, doktor, nə özümü tapa bilmirəm, nə də yerimi. Yəni elə bu? Mən həyata bunamı gəlmişəm? Qutardı yəni? Daha faydalı olmaq üçün etmədiyim yardım, etmədiyim dua, görmədiyim iş qalmayıb. Bunlar da deyiləm mən! Dəqiq! Nəyəm bəs yaxşı? Kiməm? Hardayam? Hara getməliyəm? Bir yol lazımdır, doktor! Mənə bir yol lazımdır həm getmək üçün, həm qalmaq üçün. İkisinin ucunun bir yerə çıxıdığı və bir-birindən çox da uzaq olmayan bir yol… Hardadı? Niyə görə bilmirəm? Yoxsa dəli oluram?! Elə bu? Ağlımla davam etdiyim ömrün müddəti 37 ildir? İndi nəylə davam edəcəm bəs? Ancaq suallarla? Əlbəttə, həmişə belə olmuram. Amma belə olduğum qısa zamanlar belə mənə olduqca güclü təsir edir. Sanki artıq ölməyi gözləmək üçün yaşayıram. İntahar da var, amma o günahdır. Bu variantlarım arasında deyil yəni (gülümsəyir).
Belə…
Bəzən belə də olur. Qəlibləşmiş (rutin) həyat insanı yorur, sıxır, bezdirir. Xalidi bu günə qədər hədəflərindən daha çox problemləri diri saxlayırdı. Çünki problemin həllinə dair düşünmə insana faydalı olduğunu hiss etdirir. Yəni sıxıntılardan qurtulmaq üçün yollar axtarmaq və özünə “bunu bacaracağam!” kimi təlqinlərin səni sən edir. Nə zaman ki həyat tam yoluna düşür və artıq sənsiz də problemlərin həll olunduğunu görürsən, onda bitmiş sayılır missiyan və Xalid kimi hiss edirsən. (qeyd edim ki, əksinə – həll olunmayan problem topluları da bənzəri şəkildə hiss etirir özünü. )
Axtardığı iki yol, getməklə qalmaq arasındakı çabalamalar, özünə fayda verməkdən imtina edib başqalarına yönəlmək müvəqqəti baş qatmaqdır.
Bəs çarə nədir?!
ÇARƏ – Hamı üçün başqadır… Başqasıdır…
Psixoloq Əfasanə Rüstəmova