İnsanlarla doğru qaydada münasibət qurmaq, bu münasibətləri daha da yaxşılaşdırmaq və qarşıdurmaları aradan qaldırmaq üçün xüsusi bir qayda yoxdur. Lakin, şəxs beynində nə qədər mehribanlıq düşüncəsi və qəlbində sevgi duyğusuyla qarşı tərəfə yönələrsə, insanlarla yola getmə mövzusunda bacarıqlı olma ehtimalı artacaqdır.
İnsanların bir çox maddi və mənəvi ehtiyacları olduğu kimi psixoloji ehtiyacları da vardır – güvəndə olmaq, sevmək, sevilmək, bəyənilmək, özünü doğru formada ifadə etmək və s. Bütün bu ehtiyaclar qarşılanmadığında bizlərdə hirs, qəzəb, qorxu, nifrət kimi mənfi duyğular yaranır. Əgər qarşımızdakı şəxs bunları anlamırsa, özümüzü daha da pis hiss edərik.
Belə vəziyyətlərdə “sən məni heç anlamırsan” kimi ifadələrdən tez-tez istifadə edirik. Bu, bir növ qarşı tərəfi günahlandırmaqdır. Bunun yerinə, bizi anlaması üçün müxtəlif yollardan istifadə edə bilərik.
İnsan bir başqasının duyğu və təcrübələrini özü yaşayırmışcasına, düşünərək, yəni empatiya quraraq sevgi, mərhəmət duyğularını inkişaf etdirə bilər. Bu vəziyyətdə, şəxs dəyər verdiyi insanın acı çəkdiyini və ya faciəvi bir vəziyyətə sürükləndiyini görə bilər və sonrasında həmin şəxsin vəziyyətə necə reaksiya verəcəyini xəyal edə bilər.
Empatiya insanda bir çox duyğuları inkişaf etdirməkdən başqa, ümumi mənada, başqalarıyla anlaşabilmək barədə çətinliklər yaşayırsınızsa, özünüzü başqa birinin yerinə qoymaqla müəyyən bir vəziyyət qarşısında necə reaksiya verəcəyinizi görmənizdə də kömək olacaqdır. Bu, sanki həmin şəxslə ortaq bir təcrübəyə sahib olmağınıza və xəyal etmə bacarıqlarınızın inkişaf etməsinə səbəb olacaqdır.
Empatiya insanlarda uşaqlıqdan müəyyən mərhələləri keçərək formalaşır. Uşaqlar 6 yaşına qədər duyğusal empatiyanı, daha sonra da zehni empatiyanı öyrənirlər. 10-12 yaşlarında isə mücərrəd empatiya bacarığı qazanılır.
Uşaqlarda empatiyanın formalaşması zamanı bəzən valideynlər bir sıra xətalara yol verirlər. Məsələn, ana ağlayan övladını qucağına alaraq onu sakitləşdirməyə çalışır. Nə edəcəyini bilməyən digər uşaq isə oyuncağını qucaqlayaraq vəziyyəti özü üçün tarazlamağa çalışır. Beləliklə, ana həmin an digər uşağın ağlayan qardaşına kömək etməklə öyrənəcəyi həmrəylik duyğusunu əngəlləyir. Ana heç fərqində olmadan övladının empatiya duyğusunu zəiflədir. Belə vəziyyətlərdə valideynlərin etməsi gərəkən şey, ağlayan uşaqla birlikdə digər övladın da fərqinə varmaq və ona başa düşəbiləcəyi formada qardaşı üçün narahat olmamasını anlatmaqdır. Valideynindən eşitdikləri ilə bərabər uşaq köməkləşməyi, sevgini və empatiyanı öyrənər.
Bəzən insanlar simpatik davranışlar göstərə bilərlər, ancaq bunu empatiyadan fərqləndirmək lazımdır. Məsələn, ağlayan, kədərlənən bir dostunuza qoşulub onunla birlikdə ağlasanız bu simpatik meyldir. Çünki, onun hisslərinə eyni şəkildə qarşılıq vermiş olacaqsınız.
Əgər dostunuzun nə üçün kədərləndiyini öyrənib, məsələni özünüzdə analiz edib onu rahatlatmağa çalışsanız, empatik rəftar göstərmiş olacaqsınız. Çünki, empatiya quran biri çətin vəziyyətdə olan şəxsə kömək və yaxşılıq etmək istəyində olur.
İnsan sosial bir varlıqdır. Başqalarıyla bərabər yaşamağın ən önəmli şərti isə köməkləşməkdir. Birilərindən aldığımız dəstəyi, köməyi yaxşılıq edərək başqalarına əks etdirməyə hazır olmalıyıq. Çünki, edilən yaxşılıq qarşı tərəfdə də eyni hissləri yaratdığı üçün, bunun daha da yayılmasını təmin edir.