sevgi

İnsan niyə aşiq olur? – Sevmək hissimizin mistik tarixi…

Baxış sayı: 1. 077

Minillərdir insan eşqin hüzurunda acizdir. Sevgi haqqında əfsanələr, nağıllar dildən-dilə gəzdi. Şeirlər, hekayələr, romanlar yazıldı. Filmlər, seriallar çəkildi. Kimisi üçün dərd, bəla, kimisi üçün sevinc, xoşbəxtlik oldu eşq. Bəziləri bunu psixoloji xəstəlik, bəziləri isə insanın ən müqəddəs duyğusu adlandırdı.

Təxmini hesabladım ki, mən bu günə qədər yüzdən çox köşə yazısı yazmışam. Amma heç vaxt sevgiyə bir köşə həsr etməmişəm. Bədii yaradıcılığımızın böyük hissəsini ayırdığımız məhəbbət mövzusuna bir köşə yazmağı da özümə borc bildim. Keçmiş sevgililər gününə gecikmiş bir ərməğan olsun. Müqəddəs Valentinə sayğılarla…!

Məşhur psixoloq Frank Tallisin “Eşq xəstəsi” kitabında sevgi xəstəlik kimi şərh edilir. Hətta, bu kitabda müəllif “Leyli və Məcnun” məhəbbətini “iki ruhi xəstənin azğın duyğularını təsvir edən əfsanə” adlandırır. Hər nə qədər Frank Tallis elmi əsaslarla sevginin xəstəlik olduğunu isbat etməyə çalışsa da, bu duyğunun aliliyinə, müqəddəsliyinə zərrə qədər də xələl gətirə bilmir.

Aşiq-məşuq

Mifologiyada sevgi haqqında olduqca qəribə və maraqlı bir əhvalat var. İnanca görə, tanrılar insanın ilkin yaradılışında ona iki sima, dörd əl, dörd ayaq veriblərmiş. İnsan bu cür yaradılışı ilə tam, bütöv və xoşbəxt imiş. Heç bir dərdi, kədəri olmayan insan zaman-zaman tanrılara üsyan etməyə başlayıb. Buna qəzəblənən tanrılar insanı iki yerə parçalayıblar. Belə ki, bu qəzəbdən və parçalanmadan sonra insan bütün həyatı boyu öz ikinci yarısını axtarmağa, ona qovuşmağa çalışıbmış.

Kim bilir?! Hər nə qədər mif olsa da, bəlkə elə buna görə həyatımızda kimsə olmayanda özümüzü natamam, yarımçıq hesab edirik?! Əslində, başqasına aşiq olduğumuzu sanırıq, amma bəlkə elə aşiq olduğumuz adam bizim özümüzdür, bizdən bir parçadır. Axı insan özündən başqa kimin üçün hər şeyi qurban verməyi, hər şeydən imtina etməyi gözə alar? Və ən əsası, insan özündən başqa kimi bu qədər sevə bilər? Bəlkə elə buna görə sevgilimizə yar deyirik?!

Dünyada ilk şeir məhz sevgidən yazılıb. Sənətin, yaradıcılığın, insan təxəyülünün, insan mədəniyyətinin əsas sütunu məhəbbətdir. Bəşər tarixində gəlmiş-keçmiş bütün mədəniyyət nümunələrindən sevgi mövzusunu çıxarsanız, geriyə nə qalacaq?

Şekspirin “Romeo və Cülyetta”sından sonra bütün dünyaya səs salan, əfsanələşən heç bir məhəbbət mövzusu yazılmayıb. Filmlərin arasında isə məhəbbət mövzulu ən möhtəşəm və sonuncu nümunə “Titanik”dir. Ki, onun da üzərindən təxmini otuz il keçir.

sevgi

İndi həm elm, həm də mədəniyyət təlatüm içindədir: olmaya bu ali duyğunu itirməyə başlamışıq? Olmaya tanrıların bizə hirsi soyuyub? Ya da bizim sevgi ilə daha xoşbəxt olduğumuzu görüb indi də o hissi bizdən almağa çalışırlar.

Texnoloji inkişafın bizə saysız-hesabsız faydalarının yanında vurduğu ən böyük zərbə sevgi hissimizi əlimizdən almasıdır. İş o yerə çatıb ki, artıq sevgi mövzulu əsərlər, filmlər də insanların diqqətini çəkmir. Müasir insan ən yaxşı halda yeniyetməlik dönəmlərində eşqlə başını qatıb daha sonra öz dünyasında təklik inzivasına çəkilir. Elə bir təklik inzivası ki, ovuclarının içində bütün virtual dünya, milyonlarla insan…

Sevgimizi, sevgilimizi itirməmək arzusu ilə…!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir